Nikaha girmək istəyən 39 nəfərdə İİV infeksiyası aşkarlanıb Hadisə

Nikaha girmək istəyən 39 nəfərdə İİV infeksiyası aşkarlanıb

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda nikaha daxil olmaq 39 nəfərdə İİV infeksiyası aşkarlanıb. Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliklə əlaqədar 01.06.2015-ci il tarixdən nikaha daxil olmaq istəyən şəxslərin mütləq tibbi müayinəsi aparılır. Bu müayinə çərçivəsində 2020-ci ilin I rübü ərzində 26 042 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Müayinə zamanı 39 qan nümunəsində İİV aşkarlanıb.
N.Zülfüqarov əlavə edib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 6012 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 166 nəfərinin müalicəsinə bu ilin I rübü ərzində başlanılıb.
Bu ilin I rübü ərzində Azərbaycanda 167 nəfərdə İİV-ə yeni yoluxma halı aşkar edilib. N.Zülfüqarov bildirib ki, onların 164-ü (98,2%) Azərbaycan vətəndaşlarında, 3-ü (1,8%) isə əcnəbilərdə aşkarlanıb. Azərbaycan vətəndaşları arasında 2020-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,4%-i, 1987 - 01.04.2020-ci illər ərzində isə aşkar olunan halların 40,5%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Qeydiyyata alınmış 164 yerli sakinin 109-u (66,5%) kişi, 55-i (33,5%) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 33 nəfər İİV xəstəsində xəstəlik QİÇS mərhələsinə keçib, eyni zamanda 12 nəfər Azərbaycan vətəndaşı İİV infeksiyasından dünyasını dəyişib.
N.Zülfüqarov qeyd edib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 6957 nəfər şəxs rəsmi qeydiyyatdadır. Onların 4860-ı (69,9%) kişi, 2097-si (30,1%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1849 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1054 nəfər olub. Mərkəz rəsmisi əlavə edib ki, qeydiyyata götürülən ölkə vətəndaşlarının 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. İnfeksiyaya yoluxanların 6,1% -də yoluxma yolu müəyyən edilməyib.