“SABAH” tələbələri üçün inkişaf imkanları yaradılır Hadisə

“SABAH” tələbələri üçün inkişaf imkanları yaradılır

Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsi və “Coca-Cola” şirkəti əməkdaşlığa başlayıb. “SABAH” tələbələri şəxsi və peşə inkişafı üçün şirkətin yaratdığı bir sıra imkanlardan yararlana biləcəklər. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində tələbələrlə “Xəyalındakı karyeraya necə hazır olmalı?” mövzusunda ilk onlayn görüş baş tutub. Görüşdə Milli Məclisin deputatı Şahin Seyidzadə bu təşəbbüsün tələbələr üçün faydasını yüksək qiymətləndirərək şirkətə təşəkkürünü bildirib, mövcud rejimdə belə bir fürsətin tələbələrin karyera hazırlığı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
“Xəyalındakı karyeraya necə hazır olmalı?” mövzusunda vebinarın mühazirəçisi - şirkətin Qafqaz və Orta Asiya regionunun Baş direktoru Eser Sevinc Manav təmsil etdiyi qurumun hər zaman gənclərin inkişafı üçün müxtəlif sahələrdə layihələrə dəstək olduğunu deyib, “SABAH” qrupları ilə başladılan onlayn əməkdaşlığın Azərbaycan tələbələrinin karyera imkanlarına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, mövcud əməkdaşlıq şirkətin Türkiyə, Azərbaycan, Qafqaz və Orta Asiya regionunun rəhbər heyətinin nümayəndələri tərəfindən “SABAH” tələbələri üçün müxtəlif mövzularda vebinarlar keçirilməsini, həmçinin iqtisadiyyat və biznes sahəsində təhsil alan tələbələr üçün karyera hazırlığına dəstək, müxtəlif peşə sahələri ilə tanışlıq, tələbələrin iştirakı ilə biznes araşdırmaları, diplom və kurs işlərinin hazırlanmasında peşəkar mentor dəstəyi göstərilməsini əhatə edir. Bundan başqa, “SABAH” tələbələri təcrübə keçmək və şirkətin təşkilatçılığı ilə müxtəlif dərsdənkənar inkişaf fəaliyyətlərinə qoşulmaq imkanı da əldə edəcəklər.
Xatırladaq ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılıb və müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarətdir. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.