TEAS Leyborist Partiyası ilə bir araya gəlib Hadisə

TEAS Leyborist Partiyası ilə bir araya gəlib

Sentyabrın 22-də İngiltərənin Mançester şəhərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəklədiyi 17-ci illik "Diversity Nite" gecəsində Leyborist Partiyasının "kölgə kabineti"nin 13 üzvü də daxil olmaqla, bu partiyanın 500 tərəfdarı iştirak edib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, bu rəngarəng hadisə uzun müddət parlamentdə Leyborist Partiyasını təmsil edən, Asiya mənşəli Keys Vazın ideyası olmaqla, çağdaş Britaniya cəmiyyətində müxtəlif mədəniyyətlərin bərqərar olunmasının göstəricisidir. Keys Vaz sonuncu leyborist hökumətində Avropa işləri üzrə nazir olub, hazırda isə Britaniya parlamentində fəaliyyət göstərən Daxili İşlər Komitəsinin sədri vəzifəsində çalışır. Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə gecəni belə şərh edib: "Azərbaycan öz regionunda müxtəlifliklər ölkəsidir. Bundan əlavə, o, tolerant və multietnik bir ölkə kimi tanınır. Bu gün müxtəlifliyin qeyd edilməsi çox mühümdür - müxtəliflik varsa, birlik də var". "Mən Londondan, Böyük Britaniya parlamentindəki həmkarım Con Berkovla görüşdən gəlirəm. Söhbətimizin böyük hissəsi parlamentlərimiz arasındakı müxtəlifliyə həsr edilmişdi. Müxtəlifliyin düzgün qiymətləndirilməsi bizi birliyə və əməkdaşlığa aparar" , - deyə Çexiya parlamentinin spikeri Yan Qamaçek qeyd edib. Parlament üzvü Çuka Umunnan isə aşağıdakıları söyləyib: "Leyborist Partiyası öz konfransını "Diversity Nite"sız keçirsəydi, lazımi nəticəni əldə edə bilməyəcəkdi. Bu gün Leyborist Partiyası Britaniyanı təmsil etmək əzmindədir və hər vəchlə etnik azlıqların parlament üzvlüyünə seçilməsini dəstəkləyir. Biz də bu axşam bunu qeyd edirik". Leyborist Partiyasının sədr muavini Harriet Harman deyib: "Cəmiyyətimizdə nə dərəcədə aktiv, çevik və müxtəlif icmaların mövcudluğunu dərk etmək üçün bu otağın və Mançester şəhərinin ətrafına baxmaq kifayətdir. Məhz buna görə də, Britaniya böyükdür. Biz demokratiyanın təmsilçisiyik və sonrakı hökumət bu ölkədəki icmaların etnik təbiətini özündə əks etdirməlidir". Tədbirin təbiəti Azərbaycandakı tolerantlığı əks etdirib.