Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən yolun yenidən qurulması davam etdirilir Hadisə

Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən yolun yenidən qurulması davam etdirilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

Agentlikdən verilən məlumata görə, Tərtər rayonunda cari ildə 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası aparılır. Bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 33.5 km olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılıb. Bunun üçün təqribən 200 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir.