Leyborist Partiyasının konfransında Azərbaycandan bəhs edilib Hadisə

Leyborist Partiyasının konfransında Azərbaycandan bəhs edilib

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu diqqət mərkəzində olub

İngiltərənin Mançester şəhərində Leyborist Partiyasının Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilmiş konfransı çərçivəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolu müzakirə olunub.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, Böyük Britaniya Leyborist Partiyasının iki tanınmış siması, "kölgə kabineti"nin energetika naziri Tom Qreatex və Enerji və İqlimin Dəyişməsi Komitəsinin üzvü Qreham Strinqer Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Natiqlər qeyd ediblər ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadakı ofisinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro Avropa enerji böhranının səbəblərini belə açıqlayıb: "Məlum olduğu kimi, Böyük Britaniyanın elektrik enerjisinin yarısı təbii qaz vasitəsilə istehsal olunur. Britaniyadakı istehsal sürətlə azalır və son 3 ildə bu azalma 30 faiz olub. 2020-ci ildə biz Britaniya istehlakının 70 faizini idxal edəcəyik. Milli Enerji Sisteminin məlumatına əsasən Britaniyanın köhnəlmiş enerji stansiyalarının tələb olunan miqdarda enerji istehsal etmək qabiliyyətinin olmaması səbəbindən bu ilin qışında enerjinin verilməsində fasilələr olacaq. Ukraynadakı vəziyyət Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsini gündəmə gətirib. Rusiya Avropa İttifaqının qaz təchizatının 30 faizini həyata keçirir. Amma onun siyasəti təchizatı həyata keçirən ölkələrin müxtəlifliyinin vacib olduğunu göstərir. Əgər Rusiya qazı Avropaya nəql olunmasa belə, Avropa İttifaqında qazın qiymətindəki cüzi artım Britaniyada bütün enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olar".