Qayda pozuntularına görə cəzalar: müxtəlif ölkələrin TƏCRÜBƏSİ Hadisə

Qayda pozuntularına görə cəzalar: müxtəlif ölkələrin TƏCRÜBƏSİ

Ölkədə koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş karantin rejimi yumşaldılıb. İctimai nəqliyyatdan istifadə, küçələrdə gəzmək sərbəstdir. SMS-icazə tələb olunmadığı bir durumda məntiqlə virusa yoluxma sayı azalmalı, COVİD-19-la bağlı Azərbaycandakı statistikada müsbət dinamika olmalıydı.
Tam əksinədir və mənzərə heç ürəkaçan deyil.
Əsas səbəb də ictimai nəqliyyatdan maskasız istifadə edən şəxslərdir.
Bakıda nəqliyyatdakı sərnişinlərə baxmaq yetər.
Metrpolitenə daxil olarkən üzlərinə maska taxan, elə pilləkənlərdə, eskalatorda, yaxud vaqonda maskanı çıxaranlar yetərincədir.
Eyni vəziyyət avtobuslarda da müşahidə olunur.

Bu, həmin adamların, sadəcə, öz səhhətlərinə etinasız yanaşması yox, həm də ətrafdakı insanların sağlamlığını riskə atmasıdır.
Mütəxəssislər, habelə müvafiq dövlət qurumlarının mənsubları sürəkli olaraq vurğulayırlar ki, ictimai nəqliyyatda maskasız olan şəxs minimum 60 nəfəri koronoavirusa yoluxdura bilər. Həmin 60 nəfər bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurur.
Əfsuslar olsun ki, karantin rejiminin yumşaldılmasını, ümumiyyətlə, koronavirus təhlükəsinin tam səngidiyi kimi anlayanlar az deyil.
"Koronavirus, ümumiyyətlə, yoxdur", "Koronavirus dövlətlərin vətəndaşlara qarşı repressiv tədbirlər görməsi üçün bəhanədir" kimi marazmatik açıqlamaları sosial şəbəkələrdə paylaşanları anlamaq olar. Qərb ölkələrində belələrinə "koronaidiotlar" deyirlər və onlara qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görürülür.
İctimai nəqliyyatda maskasız olan sərnişinlərə gəldikdə isə, onlarla bağlı da cəzalar sərtləşdirilib.
Azərbaycanda koronavirusa yoluxmaların sayının azaldılması və situasiyanın nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 100-200 manat məbləğində cərimələnirlər. Qayda pozuntusunun təkrarlanacağı təqdirdə, belə şəxsi inzibati həbs gözləyir.
Və bu, heç də sərt cəza deyil.

Dünya ölkələrindəki analoji duruma və ictimai nəqliyyatda maskasız olanların cəzalandırılma praktikasına nəzər salaq.
Qərb ölkələrində ictimai yerlərlə bahəm, nəqliyyatda maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir.
Məsələn, Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir.
ABŞ-da ştatlardan fərqli olaraq, cərimələrin məbləği dəyişir. Məsələn, Merilend və ya Konnektikutda avtobusda maskasız olan 50 dollar məbləğində cərimələnirsə, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir.
Digər ölkələrə baxaq:
Fransa: karantin regiminin pozulması - 150 avro, ictimai nəqliyyatda maskasız olmq - 135-150 avro
Belçika: İctimai yerlərdə, xüsusən, ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. Bu qayda 12 yaşından yuxarı hər kəs üçün məcburidir. Qaydalara Brüssel ictimai nəqliyyat şirkətinin (STIB-in) təhlükəsizlik xidmətləri və polis nəzarət edir. STIB-nin sözçüsü An Van Hamme deyib ki, sürücülərin qanun pozuntusu barədə xəbərdarlıqları və kamera görüntüləri cərimələrin tətbiq edilməsi üçün yetərlidir.
İspaniya: 300 avro qədər maskaya görə, 30 000 avro qədər karantinə görə məhkəmə qərarı ilə cərimələr tətbiq olunur.
Almaniya: Ölkənin 16 əyalətindən 15-də maska taxmaq, məsafəli davranmaq kimi qaydalar tətbiq edilib. Qaydaları pozmağa görə cəzalar əyalətlərə və insanların sosial mənsubiyyətinə görə fərqlidir: cərimələrin məbləği 15 avrodan 10000 avro aralığına qədər dəyişir. Məsələn, alış-veriş mərkəzlərinin satıcıları, bu kimi ictimaiyyətlə işləyən kateqoriyalara mənsub olanlar, maska taxmama, məsafəli davranmama və sair hallara görə 10000 €-ya qədər cərimələnə bilərlər. Sürücülər isə, maska taxmamağa görə 60 avro cərimə riski ilə qarşılaşa bilirlər.
Venesuela: bu ölkədə mart ayından tibbi maskaların taxılması məcburidir və cərimə 40-3000 dollar arasında dəyişir.
Veytnam, Çin, Tayvan, Hongonq: ictimai nəqliyyatda maskasız olanı 50-20 min dollar arasında cərimə gözləyir.
ABŞ: burada cərimə və cəza şərtləri ştatlara görə dəyişir. Məsələn, Nyu-York-da ictimai yerlərdə məsafə gözləməmə, maska taxmama və sair kimi şərtlərə görə cəza təxminən 500 dollardır. Florida ştatının qaydalarına görə isə, bir şəxs qaydaları iki dəfə təkrarən pozarsa, onun ev dustağı qismində həbs edilmək cəzası gözləyir. Bənzər cəzalar ABŞ-ın 44 ştatında müxtəlif formalarda tətbiq edilmişdir. Bəzi ştatlar isə cərimə tətbiq etmir, bunu, sadəcə, mədəni göstərici hesab edirlər.
Sloveniya və Slovakiya: 30-150 avro aralıqda
Yunanstan: 40-150 avro və ya 6 aya qədər həbs
Əfqanstan, Pakistan, Hindistan: 25-50 dollar cərimə və ya 6 ay müddətinə həbs
Birləşmiş Ərəb Əmirlikləri: cərimənin məbləği əmirliklərə görə dəyişərək 50 min dollara çatır. Təkrar pozuntuya görə 3 il həbs nəzərdə tutulub.
Kolumbiya, Kuba, Salvador, Çili ,Ekvador, Argentina, Polşa, Bəhreyn, Yamayka: cərimələr daha da sərtləşdirilib
Mərakeş: 130 ABŞ dolları cərimə və ya 3 ayadək həbs
Kamerun, Anqola, Benin, Burkina Faso, Ekvatorial Qvineya, Efiopiya, Qabon, Qvineya, Keniya, Liberiya, Ruanda, Syerra Leone və Zambiya: 20 dollarlıq cərimə, təkrar pozuntu olarsa həbs

Qətər: İctimai yerlərdə maska taxmaq məcburidir. Qaydanı pozmaq həbs və ya çox iri məbləğdə cəriməyə səbəb olur. Qətər Xəbər Agentliyi bildirir ki, üz maskası taxmamaq cəzası 200 min riyal (təxminən 55 min dollar) cərimə və ya üç il müddətinə azadlıqdan məhrumetmə ilə şərtləndirilə bilər.
Honduras: karantinin pozulması və olduğu yer haqqında məlumatların gizlənməsinə görə 6 ay həbs və ya 10 min dollaradək cərimə, maska taxmamağa görə 160 dollar cərimə
Böyük Britaniya: nəqliyyatda maskasız tutulan hər kəs 25 avro (22 funt; 27 ABŞ dolları) məbləğində cərimə elan edib.
Özbəkistan: cərimə 1 115 000 som (23,4 dollar)
İtaliya: 300-4000 avro cərimə (ictimai nəqliyyatın növünə görə fərqlənir)
İspaniya: 500 -30 000 avro və ya 1 il həbs
Çexiya: 10 min kron (365 avro)
Ukrayna: 10000-17000 qrivna arasındakı məbləğdə cərimə
.... Koronavirus dünyanın 180 ölkəsində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, o cümlədən ictimai nəqliyyatda maskasız olmaq yolverilməzdir.

Əfsuslar olsun ki, ölkəmizdə Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarından sonra paytaxt Bakı ilə bahəm, digər şəhərlərdə tibbi maskadan istifadə edənlərin sayı kəskin şəkildə azaldı.
Karantin rejimi şərtlərinin yumşaldılmasının ikinci mərhələsindən sonra isə ictimai nəqliyyatda üzündə maska olan vətəndaşların sayında yeni azalma müşahidə olundu.
İş o yerə çatıb ki, avtobusa və ya metroya daxil olarkən üzünə maska taxan vətəndaşlarımız sonra maskanı dərhal çıxarırlar.
Halbuki mütxəssislər və nüfuzlu ekspertlər qlobal miqyasda COVİD-19 koronavirus pandemiyasının ikinci dalğasının yaşandığını deyirlər.
Azərbaycanda koronavirusa yoluxmalarla bağlı son günlərin statistika göstərir ki, "ikinci dalğa" ölkəmizdə yetərincə realdır.
Koronavirus pandemiyası yeni başlayanda Azərbaycandakı apteklərdə tibbi maskalarla bağlı əsl ajiotaj vardı. Hamı maska almağa çalışırdı, maskalar çatışmırdı və bu səbəbdən də qiymətlər kəskin şəkildə, dəfələrlə artmışdı.
Fəqət, dövlət başçısı İlham Əliyevin birbaşa göstərişindən sonra Sumqayıtda maska istehsalına başlandı. İndi apteklərdə maska və respiratorlar boldur, pandemiyadan əvvəlki qiymətə satılır, amma tələbat azalıb.
Görünür, bəzi vətəndaşlarımız artıq bütün problemlərin bitdiyini, tibbi maska və əlcək təki "bezdirici karantin atributları"ndan qurtulmağın gərəkdiyini düşünürlər.
Fəqət, epidemiya riski və təhlükəsi hələ də var.
Doğrudur, Azərbaycan hakimiyyətinin, dövlət qurumlarının və həkimlərin müstəsna əməyi, səyləri nəticəsində koronavirusa yoluxma miqyasını maksimal dərəcədə məhdudlaşdırmağa nail olmuşuq.
Statistika isə göstərir ki, yoluxmalar və ölümlər davam edir.
İctimai nəqliyyatda maskasız olanların nəzərinə çatdırmaq istərdik ki, koronavirus təhlükəsi yox olmayıb, sosial izolyasiya rejiminə riayət etmək, maska taxmaq gərəkdir.
Avtobusda maska taxmayan, yaxud maskanı cibdə gəzdirib özünü "qorunmuş" hesab edənlər unutmasınlar ki, onları cərimə gözləyir.
Cərimələrə gəldikdə...
İndiki şərait koronavirus pandemiyasına yoluxmaların sayını daha da artıra bilər.
Belədə, ya karantin rejiminin ictimai nəqliyyatdan istifadə ilə bağlı şərtlərinə yenidən baxılmalı və onlar sərtləşdirilməli, ya da müvafiq cərimələrin məbləği artırılmalıdır.
İctimai nəqliyyatda maskasız olaraq ətrafdakıların həyatını riskə alanları islah etməyin, deyəsən, başqa yolu qalmayıb...
Elçin Alıoğlu
Milli.Az