Küçə uşaqları... Hadisə

Küçə uşaqları...

Onların arasında müxtəlif xəstəliklərə yoluxma riski daha yüksəkdir

Belə uşaqlar qatil, oğru, cinayətkar olmaqla yanaşı, narkotik istifadəçisi, müxtəlif zorakılıqlara məruz qalan qurbana da çevrilə bilirlər

Makarenko sovet pedaqoqu idi və onun pedaqoji irsi SSRİ hüdudlarını aşmış, İngiltərədə, Hollandiyada, İtaliyada, Danimarkada Finlandiyada, Yaponiyada və digər ölkələrdə öyrənilərək tətbiq edilib. "Uşaqlar tənəffüs zamanı oynamalıdırmı?" - deyə soruşan pedaqoqlara cavab olaraq mühazirələrində belə cavab verirdi: "...Oyun uşağın bütün həyatına nüfuz etməlidir, oyun oynamaq təkcə meydançada top vurmaqdan ibarət deyil. Uşaq oynamaqla məşğul olduqca xəyal və fantaziyasının müəyyən pilləsinə yaxınlaşır. Uşaq həyatının özü oyun olmalıdır və siz onunla oynamalısınız. Bu pedaqoji oyundur - ciddi, həqiqi, işgüzar oyundur. Bu oyun onun həyatını gözəlləşdirir".
Makarenkonun rəhbərlik etdiyi uşaq koloniyasında böyüyən 3000-nə yaxın bir zamanların azyaşlı cinayətkarları gələcəkdə mühəndis, müəllim, hərbi həkim, aktyor, rəssam, hüquqşünas və jurnalist olmağı bacarmışdılar. Onun uğuru nədə idi? Makarenko V.Q.Belinskinin hələ 1845-ci ildə qeyd etdiyi bir fikirdən ruhlanmışdı. Belinski yazırdı: "Ümumiyyətlə insanlar öz təbiət etibarı ilə pis olmaqdan daha artıq yaxşıdırlar: onları xarab edən təbiətləri deyil, tərbiyə, ehtiyac, saxta ictimai həyatdır. Onların, demək olar ki, hər birinin, hətta ən pozğununun belə özünün gözəl insani cəhətləri vardır. Yalnız onları seçib görmək və axtarıb tapmaq çətindir".
1920-ci ildə Makarnkoya çətin bir vəzifə tapşırılır. O, 17 yaşına kimi qanunpozan, azyaşlı cinayətkar uşaqlar üçün Poltava şəhəri yaxınlığındakı Uşaq Əmək Koloniyasına rəhbərlik etməli idi. Bu uşaqlar baş vermiş müharibələr nəticəsində valideynlərini itirmiş və tamamilə nəzarətsiz qalmışdılar. Onlar heç vaxt təhsil almamışdılar, oxumaq bilməyən, bir peşəyə sahib olmayan bu uşaqlar həyatda qalmaq üçün cinayət yoluna düşmüş, oğurluq, cibgirlik edərək yaşayırdılar. Onları islah etmək heç cür mümkün deyildi, müəllimləri təhqir edir, özləri ilə bıçaq gəzdirir, dava-dalaş salırdılar. Müəllimlər və gecə nəzarətçiləri də onlardan qorxurdular. Belə bir mühitə düşmüş Makarenko əvvəlcə çalışır ki, indiyədək oxuduğu elmi - metodiki ədəbiyyatlardan istifadə etsin, lakin bunların heç biri onun köməyinə yaramır. Sonralar o, bu haqda belə yazırdı: "Koloniyadakı birinci aylar mənim və yoldaşlarım üçün nəinki ümidsizlik və bihudə gərginlik ayları idi, bu aylar eyni zamanda həqiqəti axtarış ayları idi. Mən 1920-ci ilin qışında oxuduğum qədər bütün ömrümdə pedaqoji ədəbiyyat oxumamışdım. Bu mütaliənin başlıca nəticəsi olaraq, mən elə möhkəm və nədənsə birdən, elə əsaslı bir qənaətə gəldim ki, öz-özümə dedim: mənim əlimdə heç bir nəzəriyyə yoxdur, mən nəzəriyyəni gözümün qabağında baş verən real hadisələrin məcmusundan özüm çıxarmalıyam.... mənə tez təhlil etmək və tez hərəkət etmək lazımdır".
Bir zamanlar küçə uşaqları haqqında yalnız kitabalardan oxuyurduqsa, indi gündəlik həyatda bunun şahidi oluruq. Təəssüf ki, bizdə Makarenkonun sistemi tətbiq edilmir və bu uşaqlar daha çox gələcəyin cinayətkarları kateqoriyasına aid edilir. Beynəlxalq Əmək Təşkilatının tədqiqatlarında da göstərilir ki, Azərbaycanda küçə uşaqları küçədə yaşayıb işləyən və küçədə işləyib ailədə yaşayan uşaqlardır. Küçədə işləyib ailədə yaşayan uşaqlar üstünlük təşkil edir. Bu, qaçqın və məcburi köçkün problemi, digər ölkələrdən miqrasiya və əhalinin yoxsulluq səviyyəsinin yüksək olması ilə bağlı idi. Lakin son illər yoxsulluq səviyyəsinin düşməsi bu problemdə valideyn məsuliyyətsizliyinin də rol oynadığını deməyə əsas verir. Ekspertlər bildirir ki, işləyən uşaqların yaş həddi oğlanlar üçün 12-14, qızlar üçün isə 12-16 yaş təşkil edir. Bu yaşda qızlar daha çox fahişəliyə cəlb olunurlar. Oğlanlar isə maşın yumaq və konduktor işlərində daha çox işləyirlər. Tədqiqatlar göstərir ki, küçədə işləyən uşaqların aylıq qazancı 20-50 dollar arasındadır. Ən çox qazanc isə 100 dollar olur ki, bu məbləği də fahişəliklə məşğul olan qızlar əldə edirlər. Bu uşaqların yalnız 2 faizi qazanclarını təhsilə sərf edirlər. Qalanlar, əsasən, gündəlik yeməklərini ödəməklə keçinirlər. Bu uşaqların 64,7 faizi tək ana və ya bacı-qardaşları ilə yaşayır. Ekspertlər bildirir ki, küçə uşaqları arasında müxtəlif xəstəliklərə yoluxma riski daha yüksəkdir.
Uşaq QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyir ki, çox zaman uşaqlar valideynlərindən birini itirdikdən sonra küçələrə düşür: "Boşanma və ya valideyinlərdən birinin dünyasını dəyişməsi uşaqlara psixoloji olmaqla yanaşı, hərtərəfli zərər verir. Atası dünyasını dəyişmiş uşağın anası övladlarını saxlamaq üçün işləməyə başlayır və uşaqlara nəzarəti itirir. Və ya anası dünyasını dəyişmiş uşaq ana nəzarətindən uzaq olduğundan qohumların, yaxınların nəzarətindən yayınıb küçələrə düşə bilir. Küçə uşaqlar üçün təhlükə mənbəyidir. Onlar burada qatil, oğru, cinayətkar olmaqla yanaşı, narkotik istifadəçisi, müxtəlif zorakılıqlara məruz qalan qurbana da çevrilə bilirlər".
Uşaqların küçələrə düşməsi eyni zamanda onlara psixoloji təsir də edir. Ailə mühitində böyüyən uşaq birdən-birə küçəyə düşür. Yeni mühit, müxtəlif insanlar uşağın psixologiyasını darmadağın edir. Psixoloq Aynur Əlibəyli deyir ki, çox zaman küçə uşaqları əvvəlcə müxtəlif zorakılıqlarla qarşılaşdıqdan sonra başqa uşaqlara qarşı da eyni hərəkətləri edirlər: "Evdən küçəyə düşmüş uşaq kimsəsiz olduğunun fərqinə varır. Gücsüzdür, sığınmağa kimsəsi yoxdur, o, özünü qorumalıdır. Küçə uşaqları vaxtından tez böyüdür. Küçə uşaqları cəmiyyət üçün yararlı ola bilmirlər. Çünki onlar bir qədər böyüdükdən sonra ya cinayətə qurban gedirlər, ya cinayətkar olub həbsə düşürlər. Küçə uşaqları gəncləşmədən qocalırlar. Çünki onların düşdüyü mühit onlara uşaqlıqlarını yaşamağa imkan vermir. Yemək dərdi, qalacaq yer dərdi çəkən uşağın bütün ömrü küçələrdə keçir. Küçə uşaqlarının qorxuları olmur. Zamanla hissiyyatsızlaşırlar. Küçələrdə yaşadıqlarından hər şey onların gözündə adiləşir. Adam öldürmək, maşın qaçırmaq, oğurluq etmək onların gündəlik həyatının bir hissəsinə çevrilir".
Psixoloq deyir ki, uşaqları küçələrdən qurtarmaq üçün dövlət qayğısı olmalıdır: "Küçə uşaqları düzgün qaydada qeydiyyata alınmalı, valideynləri varsa, valideynlərindən alınmalı, birbaşa dövlətin nəzarətinə veriməlidir. Əks halda illər keçsə belə, küçə uşaqları hər zaman olacaq və bu ifadə ən ağrılı yerimiz olaraq qalacaq".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, Azərbaycanda uşaqların küçə həyatı sürməsinə gətirib çıxaran əsas amillər daha çox valideynlərin məsuliyyətsizliyi səbəbindən, təhsildən yayınma hallarının nəticəsi olaraq meydana çıxır. Komitədən deyirlər ki, bir çox hallarda valideyn uşağı təkbaşına tərbiyə etdikdə, eyni zamanda, işlədikdə uşağa nəzarət etməkdə çətinlik çəkir. Bu zaman məktəbin uşağın təhsilinə və davamiyyətinə nəzarətinin gücləndirilməsi məsələsi ortaya qoyulmalıdır. Eyni zamanda, valideynlik məsuliyyətinin gücləndirilməsi üçün həm valideynlər arasında maarifləndirmə tədbirlərinin aparılmasına, həm də qanunvericiliyin gücləndirilməsinə ehtiyac var.
Qeyd edək ki, Dövlət Komitəsi 2012-ci ildə daxili işlər orqanları ilə birgə 100-dən artıq müşahidə, reyd və monitorinqlər keçirib. Birgə əməkdaşlıq nəticəsində küçə həyatı sürən, küçələrdə işləyən və qeyri-qanuni əməklə məşğul olan 41 nəfər aşkar olunub. Onların 14-ü uşaq evi və sosial sığınacaqlarda, 8-i xüsusi məktəblərdə yerləşdirilib, digərlərinin mövcud problemlərinin həlli ilə əlaqədar təhsil, səhiyyə və uşaq komissiyalarına 28 material göndərilib, həmin şəxslərə və valideynlərinə zəruri köməklik göstərilməsi üçün aidiyyəti təşkilatlar qarşısında vəsatətlər qaldırılıb.
Yeri gəlmişkən, "Yetkinlik yaşına çatmayan uşaqlar arasında baxımsızlığın və hüquq pozuntularının profilaktikası" haqqında 2005-ci ildə qəbul edilən qanuna görə, Azərbaycanda uşaq polisi yaradılmalıdır. Lakin bu məsələ hələ də ləngiyir. Yuvenal polisin hələ də yaradılmaması isə küçə uşaqlarına qarşı effektiv mübarizəyə mane olmaqla yanaşı, uşaqlarla bağlı baş verən hüquqpozmaların, o cümlədən uşaq əməyinin istismarının da tam rəsmiləşməməsinə səbəb olur. QHT Alyansının hesablamalarına görə, yetkinlik yaşına çatmayanlar hər il 500-dək cinayət törədir. Onların arasında oğurluq, quldurluq, zorlama, qəsdən bədənə xəsarət yetirmə və narkotiklə bağlı cinayətlər üstünlük təşkil edir. Polisdə isə 4000-ə yaxın uşaq qeydiyyatdan keçib. Onların 30-40 faizi çətin tərbiyə olunanlardır. Rəsmi statistikaya görə, il ərzində 10-15 uşaq cinsi istismara məruz qalır. Əslində isə bu rəqəm 10-20 dəfə çoxdur. Cinsi istismara məruz qalanlar arasında qızlar üstünlük təşkil edir. Azərbaycan ekspertlərinin bir çoxu bu fikirdədir ki, uşaqlar küçədə qaldıqca cəmiyyət üçün itirilirlər. Yəni onları cəmiyyətə qaytarmaq çox çətindir və ya mümkün deyil.
İnsana mümkün qədər çox hörmət etməli və bununla bərabər ona çoxlu tələblər verilməlidir prinsipini yerinə yetirən Makarenko isə koloniyadakı oğurluq üstə cəza çəkən kolonistə pul verib, onu yaxınlıqdakı idarəyə çatdırması tapşırığını verirdi. Oğruluq etdiyi üçün cəza çəkən uşaq görürdü ki, onun itirilmiş reputasiyası bərpa oluna bilər, ona inanmaq və pul etibar etmək olar, uşaqda özünütərbiyə hissi oyanırdı və ona tapşırılmış öhdəliyi yerinə yetirməyə çalışırdı. Makarenko onları "mən sizə inanıram" deyərək tərbiyə edirdi. Bu uşaqların böyüyüb ölkənin vicdanlı, əxlaqlı vətəndaşı olmaları təsadüfi deyildi. Makarenko cəmiyyətin kəsib atdığı bu uşaqları sağlam şəkildə cəmiyyətə qaytara bilmişdi. Bu gün Azərbaycana Makarenko kimi mütəxəssis vacibdir...

Ülviyyə Tahirqızı