Sabah dövlət orqanlarına saytlarını əlillərin istifadəsinə uyğunlaşdırmaq üçün ayrılan vaxt başa çatır Hadisə

Sabah dövlət orqanlarına saytlarını əlillərin istifadəsinə uyğunlaşdırmaq üçün ayrılan vaxt başa çatır

Sabah dövlət orqanlarına internet informasiya ehtiyatlarını əlilliyi olan şəxslər üçün müyəssər etməyə dair tələblərdən irəli gələn vəzifələri icra etməyə ayrılan vaxt başa çatır.
Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 7 yanvar 2020-ci il qərarında əksini tapıb.
“Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə yeni hissə - İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər daxil edilib. Beləliklə, əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatının müyəssərliyi aşağıdakı tələblərə uyğun olmalıdır:
- mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir;
- zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir;
- oxunaqlı və başa düşülən dildən (üslubdan) istifadə olunmalıdır;
- kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilməlidir.
Qərara əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələrin 2020-ci il 1 iyun tarixinədək icra edilməsini təmin etməlidirlər.