“Maqazin jurnalistləri...” Hadisə

“Maqazin jurnalistləri...”

Əvəz Qurbanlı: "Qondarma jurnalistliyin, səviyyəsiz "at oynatma"ların köpük qədər ömrü var"
Səbinə Əvəzqızı: "Qeyri ciddi adamların toplaşdığı yerdə nə axtaraq ki?"
Elxan Salahov: "Jurnalistika və ticarət isə ayrı-ayrı sahələrdir"

Bu gün Azərbaycan televiziyalarında efirə ekpert kimi dəvət olunan jurnalistlər əsasən şou biznesdən yazırlar. Əksəriyyətinin də yanaşması səthi və savadsız olur.
Ümumiyyətlə Azərbaycanda şou-biznesdən yazan və özlərini "maqazin jurnalistləri" adlandıran və son nəticədə müğənnilərin "diskdaşıyan" funksiyasını yerinə yetirən kəslərin ifrat həyasızlıqlarının səbəbi nədir? TV verilişlərində "ekspertlik" edən cızmaqaraçıların iddialarına həmkarlarımızın münasibəti necədir?
Jurnalist Aqil Lətifov bildirdi ki, indi kimin pulu haradan çıxırsa, ora da qaçır: "Hər bir şəxs də pul qazandığı sahədə daimi olmağa, öz işini itirməməyə çalışır. Bu, təkcə jurnalistikada deyil, bütün sahələrdə belədir. Odur ki, kimisə hansı sahədə, hansı üsullarla işləməkdə qınamaq olmaz. Çünki bu, onların öz seçimidir. Təbii ki hər kəsin seçiminə hörmətlə yanaşmaq lazımdır. Amma diqqətdən kənarda qoya bilməyəcəyimiz bir fakt ekspert qismində çıxış edən
şəxslərlə bağlıdır. Yəni ekspert kimi xalqa sırınan istər jurnalistləri, istərsə də digərlərini diqqətlə seçməliyik".
Bakuinfo.az xəbər saytının baş redaktoru Əvəz Qurbanlı vurğuladı ki, bu gün mətbuatda təsadüfi, savadsız, qabiliyyətsiz, səviyyəsiz "qələm götürənlər" çoxdu: "Təbii ki, bunların sırasında şou-biznesdən yazanları da var. Onlar ona görə xüsusilə qabarıq görünürlər ki, şou-biznes xəbərlərinin daha çox auditoriyası var. Bu da bizim istəyimizdən asılı deyil. Elə "tanınmış" "qələm götürənlər" var ki, uzun illərdir özünü "peşəkar jurnalist" kimi tanıtdırıb, amma düzgün cümlə qurmağı bir yana, sözlərin düzgün yazılışını da bilmir. Təəssüf ki, belədir.
Lakin onlar bunu yadda saxlamalıdırlar ki, belə əsassız iddiaların, qondarma jurnalistliyin, səviyyəsiz "at oynatma"ların köpük qədər ömrü var".
Hafta.az saytının redaktoru Səbinə Əvəzqızı "20 ildir jurnalistikadayam amma hələ bu sahənin adamlarını tanımıram",- deyə bildirdi: "Çünki heç vaxt diqqətimi çəkməyiblər. Siyasət jurnalistləri zəng edib nazirlə, deputatla elə ərkyana danışırlar, amma bu şou müxbirləri özlərini şou əhlinin yanında niyə belə birtəhər aparırlar onu da bilmirəm. Bu sahədən çox uzağam, heç birini tanımıram. Müxbirimiz həmişə şoudan xəbər yazanda 1-2 nəfərdən də soruşuram ki, Azərbaycanda doğurdan da belə adam var? Çünki onlardan uzaq olmağa çalışıram. Qeyri ciddi adamların toplaşdığı yerdə nə axtaraq ki?".
Jurnalist Elxan Salahov dedi ki, "maqazin jurnalistləri" adından da göründüyü kimi alver, ticarət adamlarıdır: "Jurnalistika və ticarət isə ayrı-ayrı sahələrdir. Onlar ya jurnalistikanı seçməlidir, ya da gedib bacardıqları peşələrlə məşğul olmalıdırlar!".
Jurnalist Ülviyyə Xuduzadə diyyətə çatdırdı ki, doğrusu, mən şou-biznes xəbərlərini oxumuram: "Mədəniyyətlə bağlı yenilikləri və bu səpkidə olan maraqlı müsasahibə və ya araşdırmaları ciddi xəbər saytlarından oxuyuram. Azərbaycan televiziyalarında yalnız xəbərlər proqramını izləyirəm. Sizin dediyiniz şou-proqramlara baxmıram. Amma müğənnilərin yanında olan, onlara bəy tərifi yağdıran bir neçə "dostlarımızla" tədbirlərdə görüşmüşəm. Jurnalistin ən böyük reklamı imzasıdır. Hesab edirəm ki, şou-biznesdən yazanlar arasında öz imzasına hörmət edənlər çoxdur. Məni onlardan çox müəyyən televiziya aparıcılarının özünəvurğunluğu narahat edir. Təəssüf ki, indi çoxları özünü müstəntiq və ya dövlət ittihamçısı kimi aparır. Amma hesab edirəm ki, özünə, imzasına hörmət edənlər sizin nəzərdə tutduğunuz həmkarlardan qat-qat çoxdur. Belələri hər sahədə var, yalnız şou-biznesdə deyil".
Jurnalist Günel Cəlilova bildirdi ki, bu günlər şou-biznes jurnalistləri digər sahələrdən yazan jurnalistlərə nisbətdə çoxluq təşkil edirlər: "Bunun da səbəbi ali məktəbi yenicə bitirən gənclərin müğənniləri görmək, onlarla ünsiyyətdə olmaq istəyidir. 1-2 müğənni ilə "salam-sağ ol"dan sonra bu jurnalistler olur məşhur. Başlayırlar efirə yol tapmağa. Telekanallarda sosial mövzularla bağlı müxtəlif verilişlər yayımlanır. Həmin verilişlərə də ekspert kimi bir sözu digər sözün arxasına necə yazacağını düşünən həmin jurnalistləri çağırırlar. O jurnalistləri mediada işləyən her kəs tanıyır. Gündə bir verilişə çıxaraq onun-bunun həyatını müzakirə edirlər. Amma yazı yazmağa gələndə qalırlar belə. Müəyyən müddət keçəndən sonra həmin jurnalistlər başlayırlar müğənninin köməkçisi kimi çalışmağa. Onu da qeyd edim ki həmin jurnalistlər əsasən müğənilərin fasebook və instaqram səhifəsini izləyirlər. Əgər müğənni öz səhifəsində yeni nəsə paylaşıbsa bunlar da onu xəbərə çevrirlər".
Jurnalist Fuaf Hüseynzadənin fikrincə, bu ondan irəli gəlir ki, şou-biznesdə gərək həyasız olsan: "Belə olmasa qabaqa getmək olmaz. Görünür, şou-biznesin abu-havasi bu movzuda yazan jurnalistlərə keçib. Əslində mənə görə şou-biznes jurnalistlərinin ciddi jurnalistkaya heç bir aidiyyəti yoxdur. Yəni umumi jurnalistakinın inkişafında şou-biznes jurnalislərinin heç bir rolu yoxdur. Bu yalnız müğənnilərə xidmət juranlistikasdır ki, bunun da ictimai rəyə heç bir təsiri olmur".
Jurnalist Rövşən Ziya söylədi ki, jurnalist hansı sahədə işləməsindən asılı olmayaraq, öz hərəkətlərinə və danışıqlarına diqqət yetirməlidir: "Çünki, o, daim cəmiyyətin diqqət mərkəzində olur. Digər tərəfdən, şou sahəsi ilə maraqlanmadığım üçün bu sahədə işləyən jurnalistləri bir elə çox tanımıram. Buna görə də konkret fikir söyləyə bilmirəm. Şou-biznes sahəsində fəaliyyət göstərən müğənniləri müğənni hesab etmədiyim üçün, qəti şəkildə bildirirəm ki, Azərbaycanda hələ də şou-biznes yoxdur. TV verilişlərində ekspertlik" edən cızmaqaraçıların iddialarına gəlincə, onlara fikir vermək lazım deyil. Onların sözləri sadəcə ağcaqanad vızıltıından başqa heç nə deyil".

Əli