İnformasiya təhlükəsizliyi üzrə milli standartlar təsdiqlənib Hadisə

İnformasiya təhlükəsizliyi üzrə milli standartlar təsdiqlənib

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Standartlaşma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsinin (TK 05) növbəti iclası keçirilib.
Nazirlikdən bildiriblər ki, nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə Avropa İttifaqının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi Twinning layihəsinin beynəlxalq ekspertlərinin, TK 05-in üzvü olan yerli İKT şirkətlərinin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində Texniki Komitə ISO (International Standardization Organization) beynəlxalq əməkdaşlıq fəaliyyətində müşahidə olunan yeni tendensiyalar müzakirə edilib və Azərbaycana üzv ölkə kimi ISO-nu beynəlxalq səviyyədə dəstəkləmək tövsiyə edilib ki, gələcəkdə qarşılıqlı əməkdaşlıq daha səmərəli şəkildə davam etdirilsin. Beynəlxalq ekspertlər Azərbaycanın İKT üzrə Texniki Komitəsinin işini və ölkədə texniki komitələrin fəaliyyətinin maliyyələşdirilməsinin həyata keçirilməsində dövlətin iştirak etmək təklifini sevindirici hal kimi qiymətləndirir. Çünki Avropada bu komitələr adətən maraqlı tərəflərin üzvlük haqları sayəsində maliyyələşdirilir və bu da sonda qərarların qəbulunda özünü göstərir.
Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev ölkəmizdə həyata keçirilən Twinning layihəsi çərçivəsində bu ildən etibarən standartlaşdırma sisteminin beynəlxalq səviyyəyə çatdırılması, bu sahədə qanunvericiliyin, texniki komitələrin işinin təkmilləşdirilməsi, standartların satış sisteminin yaradılması və bu sahədə informasiya texnologiyalarının tətbiqini nəzərdə tutduğunu qeyd edib.
E. Vəlizadə öz növbəsində TK 05 tərəfindən artıq 35 İKT standartının qəbul olunduğunu bildirib. Nazir müavini Məlumat Hesablama Mərkəzinin informasiya təhlükəsizliyi üzrə İSO 27001 standartı üzrə sertifikat aldığını qeyd edərək bu sahədə daha bir neçə standart üzərində işlərin aparıldığını deyib.
Sonda TK 05 üzvləri İnformasiya Təhlükəsizliyi üzrə İSO/İEC 27032-2012 (İnformation Technology-Security techniques - Guidelines for cybersecurity), İSO/İEC 27035-2011 (İnformation Technology - Security techniques - İnformation security incident management) beynəlxalq standartları əsasında hazırlanmış identik milli standartları müzakirə edərək təsdiq etdilər.