Çiçəksiz baharın fidanı... Hadisə

Çiçəksiz baharın fidanı...

1922-1923-cü illərdə nəşr olunmuş "Yeni türk əlifbası"nın həmmüəlliflərindən biri də Səkinə Axundzadə idi

Səkinə xanım Axundzadə 1865-ci ildə Quba rayonunda anadan olub. Quba şəhərində dünyaya göz açan Səkinə xanım elə burada böyüyüb, boya-başa çatıb. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazan şair olub. Mirzə Heybət A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. Buna görə də, dövrünün ziyalıları ilə tez-tez görüşər, onları evində qonaq edərdi. Elmə, ədəbiyyata yaxın olan bir ailədə böyüməsi balaca Səkinənin tərbiyəsinə, formalaşmasına böyük təsir göstərir. İlk təhsilini Qubada öz atasından alan Səkinə Xanım Axundzadə ərəb və fars dillərini mükəmməl öyrənir.
Unudulmaz mətbuat xadimi Qulam Məmmədlinin bu sənət fədaisinin yaradıcılığı haqqında xeyli sayda araşdırmaları var. Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafında ilkinlərdən sayılan Səkinə xanımı Qulam Məmmədli "səhnəmizin ilk qönçəsi, iftixarı" adlandırırdı. Buna da səbəb vardı. Ötən əsrin əvvəllərində Azərbaycan səhnəsində aktrisa problemi ilə yanaşı, qadın müəlliflərin olmaması dövrün ziddiyyətli təzahürünü, xurafatın geniş yayıldığını təsdiqləyirdi. Teatr tariximizə parlaq səhifələr yazmış Səkinə Axundzadə böyük mesenat Tağıyevin qız məktəbində dil və ədəbiyyatdan dərs deməklə yanaşı, teatr, səhnə və dramaturgiya ilə də maraqlanırdı. Onun ən böyük arzularından biri qadınların ədəbi fəaliyyətdə iştirakını görmək idi.
Səkinə xanım gənc yaşında Qubada Talıb adlı şəxslə ailə həyatı qurur və bu izdivacdan bir qız övladı - Höküməxanım dünyaya gəlir. Lakin cütlüyün ailə həyatı faciə ilə sona çatır. Qısa ömür sürən Talıb bəy, Qubada qaçaq Alı tərəfindən qətlə yetirilir. Buna səbəb kimi, Talıb bəyin həyat yoldaşına olan sonsuz sevgisi və onun timsalında qadınların maariflənməsinə yönəlik açıq çıxışları göstərilir. XIX əsrin Qubasında qadınların dünyəvi biliklərə yiyələnməsi, müasir düşüncə tərzinə sahib olması cəmiyyət tərəfindən qəbuledilməz hal idi. Talıb bəyin qətlindən sonra Səkinə xanım kiçik yaşlı qızı Höküməxanımla tək qalır. Amma həyatın Səkinə Axundzadəyə hazırladığı sınaqlar hələ qarşıda idi...
Səkinə xanım savadlı olması ilə yanaşı, həm də gözəl qadın idi. Uca boylu, ağ bənizli, uzun qara saçlı qadın diqqətdən kənarda qala bilməzdi. Buna görə də, təkcə mütərəqqi düşüncəsi ilə deyil, xarici görkəmi ilə də, qısqanclığa, paxıllığa, təqiblərə məruz qalırdı. O dövrün cəmiyyətində isə dul qadın olmaq çox çətin idi. Birinci ərinin faciəli surətdə qətlindən sonra tək qalan Səkinə xanım, çox keçmir ki, ikinci dəfə ailə qurmalı olur. Ailə qurduğu insan Qubada rus dili müəllimi işləyən Məhəmməd Ağabəyov idi. Məhəmməd bəy müasir düşüncəli bir pedaqoq idi və buna görə də Səkinə xanımı yaxşı anlayır, ona bütün işlərində dəstək olurdu. Qızların savad alması, müxtəlif peşələrə yiyələnməsi, cəmiyyətdə yüksək mövqe tutması Səkinə xanım Axundzadənin ən böyük arzusu olub. Bütün çətinliklərə sinə gələn Səkinə xanım Axundzadə öz maddi vəsaiti hesabına, Qubada yaşadığı evində məktəb açaraq qız uşaqlarına pulsuz təhsil verir. Çox keçmir ki, Məhəmməd bəy və Səkinə xanımın oğul övladı dünyaya gəlir. Uşağın adını Yusif qoyurlar. Körpə gəlişi ilə ailəyə sevinc gətirir. Bu vaxt Səkinə xanımın ailəsində heç kim düşünməzdi ki, bu oğlanın həyatı cəmi 37 ildən sonra, faciəli şəkildə sona çatacaq. Səkinə xanım həyatın növbəti zərbəsini əri Məhəmməd bəy dünyasını dəyişəndə alır. Gənc ana ikinci dəfə dul qalır. İki azyaşlı uşağı ilə çətin günlər yaşayır. Bir müddət sonra H.Z.Tağıyev onu qızlar məktəbinə ana dili və ədəbiyyatdan dərs deməyə dəvət edir. Beləliklə, Səkinə xanımın başının üzərindən keçən qara buludlar 1900-cü ildə yavaş-yavaş dağılmağa başlayır. Həmin ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edir. Həmin dövrdə Qızlar Məktəbinin müdirəsi dövrünün görkəmli ziyalısı H.B. Zərdabinin həyat yoldaşı Hənifə Məlikova idi. Səkinə xanımla Hənifə xanımın dostluq münasibətləri vardı. Bu münasibətin sayəsində Səkinə xanım Azərbaycanda ilk dəfə olaraq, qızlardan ibarət teatr truppası yaradır və ilk dram əsərlərini qələmə alır. O, qələmə aldığı əsərləri tələbələrinin köməkliyi ilə səhnələşdirir. Beləliklə Səkinə xanım Axundzadəni Azərbaycanın ilk qadın dramaturqu olmaqla yanaşı və ilk rejisoru kimi də göstərmək olar.
Qulam Məmmədli yazırdı: "Səkinə xanım müəllimliyə başladığı zaman Bakı səhnəsində Cahangir Zeynalov, Əbülfət Vəli, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski kimi teatr xadimlərinin iştirakı ilə tamaşalar verilirdi. Qadın rollarını kişilər oynayır, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşayırdılar. Çadra altında teatra gəlib, örtülü lojalardan səhnəyə baxan Səkinə xanımın ürəyindən nələr keçmirdi?"
Birinci olmaq həm xoşbəxtlikdir, həm də olduqca böyük bir məsuliyyətin və məhrumiyyətin ağırlığına tab gətirmək qabiliyyətinə yiyə durmaqdır. İlk qadın romançı, ilk qadın dramaturq, ilk qadın dərslik müəllifi! Xurafatın zülmətində bir azərbaycanlı qadının bunu bacarması və fədakarlıqla yerinə yetirməsi həqiqətən o dövr üçün ağlagəlməz hünər və qəhrəmanlıq idi. Nə qədər mənən zəngin, məqsədi qadınların maarifləndirilməsi olsa da, onun gördüyü işlər heç də həmişə məhəbbətlə qarşılanaraq qəbul edilmirdi. Nadanların müqavimətini qırmaq, təqiblərdən qurtulmaq, təzyiqlərdən qalib çıxmaq bu zərif duyğulu, qeyrətli, mərd Azərbaycan qadını üçün tez-tez ölümlə üzləşmək demək idi. Səkinə xanım bütün bu çətinlikləri dəf etmək üçün əslində həyatını riskə qoyurdı. Hətta bəzən valideynlər onun üstünə hücum çəkərək deyərdilər: "Siz dərsdə qızlara şəriətdən danışırsınız. Sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız". Belə ittihamlara dözmək üçün Səkinə Axundzadə mənən də çox əziyyət çəkirdi.
Səkinə Axundzadə elə bir vasitə tapmaq istəyirdi ki, rəfiqələri həm səhnəni görsünlər, həm də onların obrazını yaradan kişilər qadın libasından çıxa bilsinlər. İlk işi pyes yazmaqdan ibarət oldu. "O, əvvəlcə elmin mənfəəti", sonra isə "Haqq söz acı olar" adlı pyeslərini yazdı. Əsərlərə həddən artıq qadın obrazları ilə zəngin olan ilk dramlar da adlandırmaq olar. Hər iki əsərin rejissorluğunu müəllif öz üzərinə götürmüşdü. Bütün rolları isə müəllim yoldaşlarına və qız şagirdlərinə paylamışdı. Əsər oynanılan gün isə müəllifi qadın olan pyesin bütün personajlarını qadın və qızlar çatdırırdı. Tamaşaçılar da ancaq qadınlardan ibarət idi. Qulam Məmmədli yazırdı: "Azəri qadınları səhnə mədəniyyətinin nübarını belə daddılar".
Səkinə xanım Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirir. Namiq Kamal yaradıcılığından hazırladığı "Bəxtsiz bala", "Zülmün səmərəsi" adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulub. Səkinə xanım Axundzadə məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası əsasında "Zülmün səmərəsi" adlı dram əsərini yazıb. Əsər ilk dəfə 1914-cü ildə Tiflisdə tamaşaya qoyularaq uğur qazanır.
Ərəb və fars dillərini mükəmməl bilən Səkinə Axundzadə Şərq ədəbiyyatına dərindən bələd idi. Geniş dünyagörüşünə malik olan bu istedadlı xanım Azərbaycan qızlarını azad və firavan görmək arzusu ilə çırpınırdı. Qələmə aldığı əsərlərində həmişə bu ideyaların təbliğinə xüsusi fikir verirdi. Açıq fikirli, maarifpərvər bu ziyalı xanımın qələmə aldığı mövzular həyatdan gəlirdi. O, Azərbaycan qadınının düçar olduğu ağır həyatı ürək ağrısı ilə qələmə alar, qızların oxuması, çalışması üçün əlindən gələni əsirgəməzdi. Bütün yazılarında qızların elm dalınca getməsini, savad almasını nəinki məsləhət görürdü, demək olar ki, hayqırırdı. Səkinə xanım həm də ilk romançı qadın idi. O, "Şahzadə Əbülfəz və Rəna xanım" romanında Azərbaycan qadınlarının həyatında kök salmış xurafatın aradan qaldırılması üçün çıxış yollarını göstərən, bədii üsulla azadlığın şirinliyini təsvir edən müəllif kimi diqqət çəkir.
1922-1923-cü illərdə nəşr olunmuş "Yeni türk əlifbası"nın həmmüəlliflərindən biri də Səkinə Axundzadə idi. Azərbaycanın ilk qadın yazıçı, dranaturqunun həyatı xoş keçməyib, ömrü təkcə mübarizələrə tuş gəlməyib. Taleyin boz üzünü də görüb, uzun illər ağır astma xəstəlyindən əziyyət çəkib. Bu səbəbdən də Bakıdan Qubaya dönmək məcburiyyətində qalıb. O dövrün məşhur aktyorları tez-tez Qubaya gedər, Səkinə xanıma baş çəkərdilər.
Deyilənə görə, bir gün Qubada səfərdə olan Abbas Mirzə Şərifzadə Səkinə xanımı ziyarət edir. Səkinə xanım isə görkəmli aktyorun şərəfinə ziyafət verdirir. Nəvəsi Məsmə Məmmədovanın dediyinə görə, Səkinə xanım A.M. Şərifzadədən "İblis" monoloqundan bir parça söyləməyi xahiş edir. Aktyor isə Səkinə xanımın son arzusunu yerinə yetirir və monoloqu bütünlükdə söyləyir. 1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə xanım Axundzadə Bibiheybətdə dəfn olunur.
Səkinə xanımın yeganə qardaşı İbrahim bəy də Bakıda yaşayırdı. O, hələ sağ ikən tez-tez qardaşını və ailəsini ziyarət edirdi. İbrahim bəyin ailəsində isə sonradan Azərbaycanın ilk qadın rəssamı olacaq Reyhan xanım Topçubaşova böyüyürdü. Səkinə xanım öz uşaqlarının təlim-tərbiyəsinə də diqqət ayırırdı. Oğlu Yusif bəy savadlı adam idi. İllər sonra professor Yusif Ağabəyov kimi tanınacaq gənc 1937-ci ilədək Gəncə Dövlət Universitetinin dosenti olub. Yusif bəy pedaqoji fəaliyyətlə yanaşı, dövrünün dissidentlərindən biri sayılırdı. Onun açıq fikirliliyi o vaxtkı hakimiyyəti narahat edirdi. Buna görə də, Yusif bəy 1937-ci ildə sürgün olunur, bir müddət sonra güllələnir. Səkinə xanımın yazdığı əsərlər o, dövrün repressiyalarından qorxan qardaşı İbrahim bəyin qızı Reyhan Topçubaşova tərəfindən yandırılır.
Məşhur aktyor və rejissor Hüseyn Ərəblinski Səkinə xanımla söhbət zamanı sənət dostuna xitabən demişdi: "Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz?! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər".

Ülviyyə Tahirqızı