FHN və Avropa İttifaqının birgə layihələri Hadisə

FHN və Avropa İttifaqının birgə layihələri

Tural

FHN Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin akt zalında "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Avropa İttifaqı (Aİ) ilə birgə layihələri və Aİ-nın Mülki müdafiə mexanizmi" mövzusunda tədbir keçirilib. FHN-nin məlumatına görə, nazirliyin əməkdaşları çıxışlarında bildiriblər ki, 2001-ci ildə təsis edilmiş və 32 iştirakçı ölkənin qoşulduğu Aİ Mülki müdafiə mexanizminin əsas hissəsi kimi fəaliyyət göstərən və özündə monitorinq, məlumatlandırma və əlaqələndirmə fəaliyyətini əks etdirən fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsi mərkəzi fəaliyyət göstərir. Mərkəzin fəaliyyətinə fövqəladə hallar zamanı əlaqələndirilmə, fövqəladə halların monitorinqi, təhlil və planlaşdırma, erkən xəbərdarlıq sistemi, peykdən alınan məlumatlar, ekspertlər, yanğınlar barədə məlumat, daşqın və hava proqnozlarının verilməsi və s. daxildir.
Bununla yanaşı, fəlakət zonasında beynəlxalq xilasetmə komandaları üçün əlaqələndirmə mərkəzinin və əməliyyat bazalarının işinin təşkili və fəaliyyəti barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, bu günə qədər 300-dən çox fəlakətin monitorinqini aparmış, 180-dan çox yardım üçün müraciət qəbul etmiş Aİ mülki müdafiə mexanizmi ABŞ-da neft dağılması, Haitidə, Çilidə, Yaponiyada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, Moldovada, Rumıniyada, Albaniyada, Pakistanda, Polşada daşqınların, Fransada, Portuqaliyada meşə yanğınlarının qarşısının alınması əməliyyatlarına qoşulub.
Aİ Mülki müdafiə mexanizminin Fövqəladə Hallar və Məlumatlandırma üzrə Vahid Sistemi, həmçinin xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş müxtəlif tip yardım qrupları və vasitələri və eyni zamanda yardım qəbul edən ölkənin dəstəyi barədə də iştirakçılara məlumat verildi.
Sonra FHN-in Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı tədbir iştirakçılarına nazirlik və Avropa İttifaqı arasında həyata keçirilən layihələr çərçivəsində son dövrdə görülmüş işlər barədə məlumat verdi. Təqdimatdan sonra fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.