Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib Hadisə

Avropa Parlamentində “Azərbaycanda milli azlıqlar” mövzusunda konfrans keçirilib

Sərhədsiz İnsan Hüquqları Təşkilatının rəhbəri: "Azərbaycanda azlıqların sosial inteqrasiyası və milli dəyərlərinin, mədəniyyətlərinin və dillərinin qorunmasına maneələr yoxdur"
Avropa Parlamentində "Azərbaycanda milli azlıqlar" mövzusunda konfrans keçirilib.
Konfrans parlamentin üzvü Georgi Şöpflinin və "Sərhədsiz insan hüquqları" beynəlxalq qurumunun təşkilatçılığı ilə baş tutub. Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin əsas məqsədi "Sərhədsiz İnsan Hüquqları" təşkilatının Azərbaycanda milli azlıqların yaşayış şərtləri haqda apardığı araşdırmanın hesabat təqdimatı olub.
Konfransın açılış nitqini G. Şöpflin və Sərhədsiz İnsan Hüquqları Təşkilatının siyasi müşaviri Mark Barvik ediblər. Daha sonra Sərhədsiz İnsan Hüquqları Təşkilatının rəhbəri Uilli Fotre (Willy Fautré) bildirib ki, Azərbaycanda azlıqların sosial inteqrasiyası və milli dəyərlərinin, mədəniyyətlərinin və dillərinin qorunmasına maneələr yoxdur: "Azərbaycanda 120 min rus var və onlar ilk olaraq 1800-cü illərdə Azərbaycana gəliblər. İkinci dalğa rus-fars müharibəsindən sonra olub. O zaman pravoslav xristianlar və müsəlmanlar arasında ilk əlaqələr qurulmağa başlayıb. Üçüncü dalğa isə SSRİ-nin Azərbaycan ərazilərini zəbt etməsinin nəticəsində olub". O, Azərbaycanda rus mərkəzlərinin fəaliyyət göstərdiyini və bir çox məktəblərdə və ali təhsil ocaqlarında rus dilində təhsil almaq imkanının olduğunu deyib.
Azərbaycanda milli azlıqların parlamentdə də təmsil olunduğunu nəzərə çatdıran Fotre daha sonra ləzgilər haqda danışıb. Rusiya-Azərbaycan sərhədi ətrafında yaşayan ləzgilərə gəldikdə, Uilli Fotre qeyd edib ki, Azərbaycanın müstəqillik qazandıqan sonra ləzgilər daha çox hüquqa malik olublar: "Rusiyanın maliyyə dəstəyi ilə ləzgi separatçı hərəkatları yaransa da, onlar əhalinin çox kiçik qismini təşkil edir və ümumilikdə ləzgilər xarici qüvvələrin təsirinə düşmür".
Toplantıda Azərbaycanda üç fərqli yəhudi qrupunun yaşadığı bildirilib. 6 sinaqoqun fəaliyyət göstərdiyi və yəhudilərin müsəlman icması və dövlət qurumları ilə münasibətinin yaxşı olduğu, Azərbaycanda mütəşəkkil anti-semitizm və irqçilik hallarının olmadığı deyilib.
Tədbirdə Azərbaycanın Rus İcmasının nümayəndəsi Yelena Voronina və yunan icmasının təmsilçisi Səidə Mehdiyeva çıxış ediblər.