QMİ-dən Məhərrəmlik fətvası Hadisə

QMİ-dən Məhərrəmlik fətvası

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. APA-nın məlumatına görə, fətvada bildirilir ki, hicri-qəməri təqvimi ilə 1435-ci il başa çatır, 1436-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il oktyabr ayının 26-na, aşura günü noyabr ayının 4-nə təsadüf edir.
Qeyd olunur ki, aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir: "Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər.
Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir".