“Qoy onlar xəcalət çəksinlər...” Hadisə

“Qoy onlar xəcalət çəksinlər...”

Elman Məmmədov: "Görün nə qədər vaxt keçib, beynəlxalq 3 azərbaycanlıdan birinin öldürülməsindən, ikisinin də bu günə qədər əsirlikdə saxlanılmasından heç nə danışmırlar"

Namizəd Səfərov: "Azərbaycan vətəndaşının Azərbaycan torpağında hərəkət etməsi heç kim tərəfindən məhdudlaşdırıla bilməz"

Nemət Kərimli: "Girovlara yalnız beynəlxalq təşkilatlar vasitəsi ilə kömək edilə bilər"

Erməni hüquq müdafiəçisi, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsinə kəskin reaksiya verib. Aktual.az-ın sorğusuna cavab olaraq, erməni hüquq müdafiəçisi bildirib ki, rəsmi şəxslərin bəyanatları da daxil olmaqla, Ermənistanın, qondarma Dağlıq Qarabağ respublikasının informasiya məkanı Putin casuslarının fəaliyyət meydanıdır: "Burda nə siyasət, nə də maraqlar var. Girovların məsələsi isə dalana dirənmiş haldadır. İndiki vəziyyətdə mən vətəndaş səviyyəsində hüquqların müdafiəsi, həmçinin obyektiv araşdırma üçün heç bir imkan görmürəm". Georgi Vanyan, həmçinin, girovların ailəsindən üzr istəyib və məsələnin həllində ölkə prezidenti İlham Əliyevə inandığını da bildirib: "Bu cür kəskin və heç bir ümid verməyən bəyanatlara görə, mən Dilqəm Əsgərovun, eləcə də Şahbaz Quliyevin doğmalarından və yaxınlarından üzr istəyirəm. İnanıram ki, hələ gec deyil və Azərbaycan prezidentinin səyləri girovların taleyini müsbət həll edə bilər".
Bəs azərbaycanlı ekspertlər necə hesab edirlər? Girovların azad olunbması üçün hansı addımlar atılmalıdır?
Hüquqşünas Namizəd Səfərov bildirdi ki, məhkəmə prosesi qanunsuzdur: "Azərbaycan vətəndaşının Azərbaycan torpağında hərəkət etməsi heç kim tərəfindən məhdudlaşdırıla və ya, Azərbaycan vətəndaşı guya sərhəd pozmaqla, Dağlıq Qarabağ ərazisinə keçməkdə ittiham oluna bilməz. Müharibənin öz qanunları var. Burada beynəlxalq qanunlar işləmir. Eyni zamanda, müharibə dövründə hərbi əsirlərlə amansız rəftar, əsirlərin saxlanması qaydalarının pozulması cinayət məsuliyyəti yaradır. Əlbətdə ki, bizim vətəndaşların saxlanması qanunsuzdur. Lakin, bu gün elan olunmamış müharibə vəziyyətinin mövcudluğu danılmaz olduğundan indi əsirlikdə, girovluqda olan vətəndaşlarımızın geri qaytarılmaları üçün bütün addımlar atılmalıdır... Onu da qeyd edim ki, hələ 90-cı ilin əvvəllərindən, torpaqlarımızın işğalı zamanı əsir düşmüş minlərlə həmvətənlərimiz bu gün də erməni əsirliyində qalmaqda davam edirlər. Azərbaycan dövləti bu şəxslərin də belə uzun müddət əsirlikdə qalmaları ilə barışır. Bu şəxslər pul gücünə olsa da belə bu qədər uzun müddət ərzində əsirlikdən azad olunmalı idilər".
Girovlara yalnız beynəlxalq təşkilatlar vasitəsi ilə kömək edilə biləcəyini deyən vəkil Nemət Kərimli bildirib ki, bu prosesi beynəlxalq təşkilatlar vasitəsi ilə gündəmdə saxlamaq olar: "Bu məhkəmə prosesi ilə bağlı nə isə etmək yalnız beynəlxaq təşkilatlar vasitəsi ilə mümkündür. Bunu da ən çox Beynəlxalq Xaç Komitəsi edə bilər. Eyni zamanda bu prosesi beynəlxalq təşkilatlar vasitəsi ilə gündəmdə saxlamaq olar. Hətta məhkəmənin qanuni və ya qanunsuz olmasından asılı olmayaraq, azərbaycanlı girovların hüquqlarının müdafiəsinin necə təşkil olunması da diqqətdə saxlanılmalıdır. Bunu da yalnız dövlət səviyyəsində və beynəlxalq təşkilatlarla etmək mümkündür".
Deputat Elman Məmmədov "Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev düşmən əlindədir, özü də qəddar, türk qanına susamış düşmən əlindədir. Yəni ermənilər onların adından nə istəsələr, deyə bilərlər,- deyə bildirib. Ermənistan mediasında yayılan məlumatlara toxunan deputat qeyd edib ki, insanın öz yurd-yuvasına getmək, doğmalarının qəbrini ziyarət etməsi cinayət hesab olunmur: "Məgər öz ölkəsi daxilində bir yerdən başqa yerə hərəkət etmək cinayət hesab olunur? Əlbəttə, xeyr! Cinayət odur ki, həmn insanların doğma yurd-yuvaları düşmənlər tərəfindən işğal olunub. Bu insanların bütün hüquqları pozulub, yurd-yuvalarından didərgin salınıblar, öldürülüblər. Bax, bu hərəkətləri edənlər cinayətkardırlar. Cinayəti o işğalçılar törədiblər. Məhkəmə qarşısında onlar durmalıdırlar. Necə ki faşist Almaniyası və yaxud digər cinayətkar qruplar günahsız insanlar üzərində məhkəmələr qururdular, bu gün də erməni cinayətkarlar günahsız insanlar üzərində məhkəmə qurub onları mühakimə edirlər. Qoy onların bu hərəkətinə görə təkcə həmin cinayətkar qrup yox, onları müdafiə edən havadarlar, insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar, Avropa qurumları, başqa beynəlxalq qurumlar da utansınlar. Qoy onlar xəcalət çəksinlər ki, ağızdolusu insan hüquqlarının qorunmasından danışırlar. Budur onların dediyi insan hüquqları? Görün nə qədər vaxt keçib, 3 azərbaycanlıdan birinin öldürülməsindən, ikisinin də bu günə qədər əsirlikdə saxlanılmasından heç nə danışmırlar. İnsan haqları ilə məşğul olan beynəlxalq qurumların biri bununla bağlı hansısa bir addım atıbmı? Azərbaycanlıların azad olunması üçün bir iş ediblərmi? Xeyr! Qoy onlar utansınlar ki, belə cinayətkar qrupu müdafiə edirlər, onlar da bundan istifadə edib qudururlar".
Onu da əlavə edək ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı olaraq "Girovları azad et" virtual flaşmob aksiyası başlayıb. Kampaniya çərçivəsində Azərbaycanı sevən, onun uğrunda iş görməkdən zövq alan hər bir şəxsdən xahiş olunur ki, Ermənistan prezidentinin rəsmi internet saytındakı məktublar bölməsinə daxil olaraq ora "Girovlarımızı azad et" sözünü və cəmiyyətin bu məsələyə sərt reaksiyasını açıq nümayiş etdirən virtual kampaniyanın linkini yazıb Serj Sarkisyana göndərsinlər.
Qeyd edək ki, Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb və onlara qarşı cinayət işi açılıb.

Əli