“Polis haqqında” qanuna dəyişikliklər mübahisəyə səbəb oldu Hadisə

“Polis haqqında” qanuna dəyişikliklər mübahisəyə səbəb oldu

Çingiz Qənizadə: "Bu qanun layihəsi insan hüquqlarının pozulması kimi dəyərləndirilə bilməz"

Aqil Abbas: "Azərbaycan mətbuatında polislə bağlı münasibətin birmənalı deyil"

Dünən Milli Məclisdə "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub.
İclasda qanun layihəsi barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlibildirib ki, polis kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə elektroşokdan istifadə edə bilər.
Onun sözlərinə görə, bütün polis əməkdaşları yox, xüsusi icazəsi olan polislər elektroşokdan istifadə edə bilər.
Deputat Çingiz Qənizadə bildirib ki, bu qanun layihəsi insan hüquqlarının pozulması kimi dəyərləndirilə bilməz.
Deputat qeyd edib ki, dünya təcrübəsində də elektroşokdan istifadəyə icazə verilir.
"Polis silahla kimisə zərərsizləşdirsə, problemlər olacaq. Amma elektroşok daha məqbuldur. Bəzi qüvvələr Azərbaycan polisi haqqında mənfi rəy formalaşdırırlar. Lakin yenə deyirik ki, bundan bütün polis işçiləri istifadə etməyəcəklər".
Deputat Aqil Abbas da Azərbaycan mətbuatında polislə bağlı münasibətin birmənalı olmadığını deyib: "Müxtəlif qüvvələr Azərbaycan polisini gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Azərbaycan polislərində dünya polisinə verilən səlahiyyət, silah verilməyib. İnkişaf etmiş ölkələrdə, məsələn, Rusiyada polislər avtomatla gəzir.
Amma bizdə görünür ki, sabitlik olduğu üçün polisə silah verilmir. Mən bir dəfə də yazmışdım ki, Azərbaycan polisi xalqı qoruyur, bəs polisi kim qoruyacaq?"
Maştağada baş verən hadisələri xatırladan deputat deyib ki, orda iki polis öldürüldü, biri yaralandı: "Polisin silahı olsaydı, bunun qarşısını almaq olardı. Bir də mən polisin atəş açmaq məsələsini qabartmaq istəyirəm. Polis hansı halda atəş aça bilməsi qanunda müəyyənləşdirilməlidir".
Deputat Sahib Alıyev qeyd edib ki, ABŞ-da hətta irqçilik zəminində də polis silahsız şəxslərə atəş açır. Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycan polisi yalnız hüquq çərçivəsində gərəkli addımlar atır.
"Elektroşokdan istifadə də təəccüblü bir şey yoxdur".
Deputat Gövhər Baxşəliyeva qeyd edib ki, bu qanun layihəsinin qəbulu antihumanist addımdır:
"Ondansa, polis ayaqdan atəş açsa, daha yaxşıdır. Elektroşoka məruz qalan şəxs şikəst qala bilər. Ona görə də mən bunu antihumanist addım kimi qiymətləndirirəm. Bu baxımdan, bu qanun layihəsinə səs verməyəcəyəm"
Lakin BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Gövhər Baxşəliyevaya etiraz edərək bildirib ki, burada antihumanist heç bir şey yoxdur.