Sən kimsən, Eldəniz Quliyev? Hadisə

Sən kimsən, Eldəniz Quliyev?

Yaxud yaxşı ki, bu EL, bu oba DONUZların ümidinə qalmayıb

Elçin Mirzəbəyli

Eldəniz Quliyev... Azərbaycanın ictimai-siyasi həyatında çeşidli amplualarda yer alan bu adamın ...yolu kinodan başlayır.
"Bəyin oğurlanması" filminin məşhur personajlarından birinin dediyi kimi, "Bu kino ki, var, çox qəliz məsələdi. Həm qəlizdi, həm də vacib..."
Kinonun vacibliyini bir kənara qoyaq, amma qəliz olduğuna zərrə qədər də şübhə etmirəm... Eldəniz Quliyevin həyat və fəaliyyətinin hər "kadrında" bu "qəlizliyin" ən ekzotik, sentemental, etik və ero-etik nüanslarını tapmaq olar. Maraqlıdır ki, uzun illər boyu Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışan Eldənizin ictimai-siyasi proseslərə transformasiyası nədənsə Azərbaycandan yox, İran kinomatoqrafından başlayır... Bu yazıda haqqında söz açmaq istəmədiyim bəzi səbəblərdən Eldəniz Quliyev fars rejiminin əsas ideoloji silahlarından biri olan İran kinomatoqrafının ən yaxın dostlarından və təbliğatçılarından birinə çevrilir. Daha doğrusu çevrilməyə məcbur olur... İran kinomatoqrafçılarının istehsal etdiyi 2 filmin çəkilişləri zamanı çəkiliş meydançasından kənarda çəkilən səhnələr onu buna vadar edir. Və Eldəniz əvvəl zorən, sonra isə artıq vərdiş etdiyindən İran və dostlarının Azərbaycanda gerçəkləşdirmək istədiyi layihələrin iştirakçısına çevrilir... Gah o, gah bu siyasi düşərgəyə atılır. Bir-biri ilə münaqişədə olan müxtəlif qüvvələrin sözçüsü kimi çıxış edir. Siyasi baxışlarını keçid üçün heç bir əsas gətirmədən dəfələrlə dəyişir. Amma İrana olan münasibətini əsla dəyişmir. Vaxtilə separatçı Əlikram Hümbətovun ictimai-siyasi məsələlər üzrə müavini olmuş Mehdibəy Səfərovun ən yaxın "silahdaşlarından" biri obrazını alır və missiyasını təlimata uyğun şəkildə davam etdirir. Mehdibəy Səfərovun ən yaxın adamını və müavini, onunla Əlikram Hümbətov arasında əlaqələndirici funksiyasinı yerinə yetirən Seyran Rəfiyevi özünə müşavir təyin edir. Bəs kimdir Seyran Rəfiyev? İrəvanda, Moskvada və Brüsseldə keçirilən erməni-talış konfranslarının ən fəal iştirakçılarından biri... Ermənilərlə yaxından əməkdaşlıq edən və Azərbaycanın əleyhinə ən kəskin ittihamlarla çıxış edən separatçı...
Eldəniz Quliyev təkcə İran kinomatoqrafçılarının yaxın dostu deyil, həm də bu ölkənin kütləvi informasiya vasitələrinin ən çox istinad, hətta toyuqların necə yumurtlaması barədə belə "ekspert rəyi" üçün müraciət etdiyi Azərbaycan vətəndaşıdır.
Eldəniz şər və böhtan dağarcıdır. Həm də əksər hallarda İranın Güney Azərbaycan türklərinə qarşı siyasətinə qarşı çıxan siyasətçiləri, ziyalıları hədəfə alan yaxşı təlimatlandırılmış şər və böhtan dağarcığı...
Eldəniz Guliyev Azərbaycan kinomatoqrafının və siyasətinin üz qarasıdır... Bunu vaxtilə onunla eyni siyasi düşərgədə təmsil olunan insanlar deyirlər.
Hətta "Milli Şura" adlanan qurumda Eldəniz Quliyevə "ağsaqqallıq" edən Əli Kərimlinin media tətikçisi Elnur Astanbəyli belə bu adamın İran rejimi ilə münasibətlərinə şübhə etmir... Sübut üçün... Elnur Astanbəylininin 2012-ci ilin mart ayının 9-da kultura.az saytında yayımlanmış "İran və ziyalı" yazısını heç bir şərh vermədən oxucuların müzakirəsinə təqdim edirəm:
"Açığı, hər yeni günə başlayanda özümə verdiyim ilk söz ziyalı adına iddia edən, özündən "qəhrəman" obrazı düzəldib, xalqa ağsaqqallıq fikrinə düşən, amma həlledici situasiyalarda başqa budaqlarda ötməyə başlayan adamlara vaxt, əsəb və enerji sərf etməmək haqqında olur.
Amma cəmi bir neçə saat sonra bu sözü unuduram. Elə üzlər görür, elə cəfəngiyyatlar eşidirsən ki, dözmək mümkünsüzləşir. Qoyun yerinə qoyulmağına etiraz etmək, üsyan bağırmaq keçir könlündən.
Dünən də belə oldu. Səhər qəzetləri səhifələyəndə təsadüfən Azərbaycan Ziyalılar Birliyinin (bəh-bəh-bəh, cəh-cəh-cəh!) sədri Eldəniz Quliyevin açıqlamasına rast gəldim. Səsi gecə-gündüz İranın "Səhər" telekanalından gələn, düşüncə və davranış tərzi İran ayətullahlarının beynindən qidalanan Eldəniz Quliyev nə vaxtsa Bakıda İsrail əleyhinə aksiya keçirmək istəyənlərin bu ölkə səfirliyinin göstərişi ilə həbs edildiyini deyib. Gözəl. Hətta çox gözəl. Əcəba, bu Ziyalılar Birliyinin sədri eyni cəsarəti İrana qarşı niyə göstərmir? Qəzza üçün göz yaşı tökür də, Zəncan üçün niyə içi sızlamır? İsraili "insanlıq düşməni" adlandırır da, İrandakı molla rejiminin canavarlıqları qarşısında niyə dilini dinməz saxlayır? Ərəblər üçün keçirdiyi narahatlığın mində birini Güneydəki türklər üçün niyə keçirmir? Əlbəttə, bu suallara Eldəniz müəllimdən hər hansı cavab gözləmək yersizdir. Bunlar cavabı özündə olan suallardır. Amma cənab Quliyev əsla unutmamalıdır ki, bir insanın həm özünü ziyalı hesab etməsi, həm də İrana rəğbətlə yanaşması mümkün deyil. Ziyalı və İran - bunlar gecə ilə gündüz qədər fərqli anlayışlardır. İran bu gün dünyada ən dəhşətli anti-insanlıq dramlarından birinin yaşadığı ölkəyə çevrilib. Orada baş verənləri sözlə ifadə etmək mümkün deyil. Bütün bunları görməzdən gəlib, nəinki görməzdən gəlib, hətta oradakı molla idarəçiliyinin təəssübkeşinə çevrilib, hansı ziyalılıqdan danışmaq mümkündür? İsraili başa düşdük, nə dini müsəlmanların dinindəndir, nə də dili. Bəs İranın öz vətəndaşlarına zülmünə, işgəncəsinə hansı ad vermək olar? Adını "İslam Respublikası" qoymuş İran öz insanlarını haqsız, günahsız yerə qətlə yetirirsə, edam edirsə, güllələyir, şalaqlayır, illərcə həbsxanalarda çürüdürsə, başqalarını hansı haqla, hansı üzlə ittiham edirsiniz? Ən nəhayət, Bakıda İsrail əleyhinə aksiya keçirənləri müdafiə edirsiniz, onların hüquqlarının bərpası üçün qollarınızı sıvayırsınız, tamam da, bir də Təbriz, Tehran türmələrində itin zülmünü çəkənlərə azadlıq tələb edin, əgər edə bilirsinizsə. İsrail qədər İrandan da insanlığa, insanların hüquq və azadlıqlarına sayğı tələb edin, edə bilirsinizsə. Yox, bunu bacarmırsınızsa, o zaman "ziyalı" sözünü daha da gülüş, rişxənd obyektinə çevirmədən susun. Susun ki, bundan insanlıq qazansın".
P.S. Siyasi mübarizə üçün çox qısa zaman kəsiyi sayılan 5-10 il ərzində adı çoxsaylı təşkilatların, birliklərin, forum və cəmiyyətlərin sıralarında hallanan və son olaraq, Eldar Namazovun El-indən qopan El-dənizin dənizlə heç bir əlaqəsini tapa bilmədim. Bu adamın düşüncəsi bataqlıq qoxuyur…
P.P.S. Yaxşı ki, bu EL, bu oba DONUZların ümidinə qalmayıb…