Fuad Türk dünyası ilə nəfəs alan gənc idi Hadisə

Fuad Türk dünyası ilə nəfəs alan gənc idi

Elnur Eltürk

Yazıma məşhur bir deyimlə başlamaq istərdim: "Adam da var ki, tək bir evdən, bir məhlədən deyil, bir eldən gedir". Bəli, elə insanlar var ki, onların vəfatı xalq tərəfindən böyük üzüntü ilə qarşılanır. Belə insanlar ölümləri ilə ölümsüzlük qazanırlar. Haqqında danışacağım şəxs də belə insanlardandır.
Bu yaxınlarda avtomobil qəzasında dünyasını dəyişən Fuad Turan Abdurahmanlının faciəli vəfatı nəinki ölkəni, bütün türk dünyasını sarsıdan xəbər kimi yayıldı. Fuadın ölümü sosial şəbəkələrdə dərin üzüntü ilə qarşılanması bir daha onu göstərdi ki, Fuad sevilən və hörmətli gəncimiz olub. Hər kəs öz kədərini bölüşür və onunla bağlı fikirlərini yazırdılar.
Fuadla tanışlığımın maraqlı tarixçəsi var. Onu 2007-ci ilin may ayının 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən "Türkçülük Günü"ndə tanıdım. Azərbaycan və Türkiyənin dövlət bayraqlarını Azərinin, Nuriyyə Hüseynovanın, Əhməd Şəfəqin, Şəmistan Əlizamanlının ifalarında dalğalandırırdı. Fuad əlində bayraq gənclərimizlə birgə milli rəqsimiz olan "Yallı" gedirdilər. Bu, zala böyük coşqu və türklük havası yaşadırdı.
Tədbirin belə keçməsində onun əməyi hiss olunurdu. Yanında olan gənclərlə birlikdə tədbiri coşdururdular. Təbii ki, tədbirdə iştirak edən şəxs kimi Fuad diqqətimi cəlb etməyə bilməzdi. Tədbirdən sonra Fuadla tanış oldum. Söhbət zamanı onun necə vətənpərvər və türk dünyasına bağlı gənc olduğunu gördüm. Sonradan onunla bu mövzular ətrafında söhbətlərimiz olurdu. Dəfələrlə türk dünyasının birliyindən danışarkən, gözlərinin necə yaşardığının canlı şahidi olurdum. Fuad türk dünyasına qəlbən və ruhən bağlı idi. Çünki aldığı tərbiyə, düşdüyü mühit onu belə formalaşdırmışdı. Fuad türk dünyası ilə nəfəs alırdı və hədəfləri bu birliyə xidmət etmək idi. Sonradan onunla yolumuz Dünya Azərbaycanlıları Konqresində birləşdi. Fəaliyyətimizi sistemli şəkildə qurmağı qərarlaşdırdıq. Demək olar ki, özü də daxil olmaqla, dostları ilə iki-üç gündən bir görüşərdik. Keçirilən bütün tədbirlərdə fəal iştirak edirdi. Çıxış və fikirlərində Güney Azərbaycan məsələsinə, diaspor mövzularına xüsusi önəm verirdi. Güney Azərbaycanda insan hüquqlarının pozulmasına, milli fəalların həbsinə etiraz olaraq İranın Azərbaycandakı səfirliyinin önündə keçirilən aksiyalarda fəal iştirak edirdi. Gənc olaraq fəallığı bütün gənclər tərəfindən sevgi və hörmətlə izlənilirdi.
Bu gün əminliklə demək olar ki, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının yaranmasında və formalaşmasında onun xidmətləri böyükdür. Böyük çevrəsi var idi. Hamısı savadlı, vətənə bağlı və türk dünyası ilə nəfəs alan gənclər idi. Həmin gənclər bu gün dünyanın müxtəlif universitetlərində təhsil alır və vəzifələrdə çalışırlar. Elə Fuadın özü də təhsilini davam etdirmək üçün qardaş ölkənin nüfuzlu ali məktəbinə qəbul olmuşdu. Ankara Universitetinin siyasi elmlər fakültəsində magistr təhsili alırdı. Təəssüf ki, vaxtsız ölüm onun arzularını yarı yolda qoydu. Nə etmək olar, ölüm Allahın hökmüdür; bir gün yaranan insan bir gün də həyatdan getməlidir. Bu, Tanrı yazısıdır. Bundan qaça bilmərik.
Sonda bir fikri qeyd etmək yerinə düşər. Fuad vəfat etməmişdən bir gün öncə Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndliyinin rəhbəri Səftər Rəhimli və mənimlə görüşündə maraqlı an yaşandı. Sanki Fuad öləcəyini öncədən hiss edirmiş kimi, Səftər bəyi özünə doğru çəkib dərindən qoxladı. Onun "bəyim, səninçün çox darıxmışdım və qoy, səni doyunca iyləyim" sözləri inanmıram ki, nə mənim, nə də Səftər bəyin yaddaşından getsin.
Allah Fuad qardaşımıza rəhmət eləsin və məkanı cənnətlik olsun! Türk dünyasının başı sağ olsun!