Bordyuja, hansı zorakılıqdan danışırsan? Hadisə

Bordyuja, hansı zorakılıqdan danışırsan?

Arzu Şirinova

Atəşkəs rejiminə bu illər ərzində əməl etməyən Ermənistan silahlı qüvvələri yenidən təxribatçı fəaliyyəti ilə gündəmə gəldi. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər:"Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb".
Erməni hərbçisinin snayperdən açdığı atəş nəticəsində qətlə yetirilən 12 yaşlı ağdamlı Farizlə bağlı Azərbaycanın haqlı səsinə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar bu gün söz demək, mövqe bildirmək üçün sıraya düzülüblər. Çünki Azərbaycanın hava məkanında at oynadan erməni hərbçisi məhv edilib.
İlk açıqlamalardan biri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən gəlib. Hər zaman olduğu kimi yenə də "Tvitter" səhifəsində yazıb:"Baş verən hadisələrə baxmayaraq, ümid edirəm ki, prezidentlər atəşkəsə riayət edəcəklər və dialoqu davam etdirəcəklər".
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja noyabrın 12-də Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistana məxsus hərbi helikopterin vurulmasına münasibət bildirərkən deyib ki, bu təhlükəli insident regionda vəziyyəti daha da gərginləşdirə bilər:
"Bu, bizim narahatlığımızı artırır. 2014-cü il ərzində təmas xətti və Azərbaycan-Ermənistan sərhədində silahlı insidentlər davamlı şəkildə baş verib. Təkcə yayda uç ay ərzində atəşkəs rejimi 1500 dəfə pozulub. Yaşayış məntəqələri və dinc əhali atəşə tutulub. Kəşfiyyat-diversiya qruplarının təmas xəttini keçməsi, zorakılıqlar və dinc sakinlərin ölməsi faktları baş verib. Helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Cənubi Qafqazda vəziyyət getdikcə gərginləşir. Mən inanıram ki, biz bu vəziyyətin inkişafının qarşısını almaq məqsədilə addımlar atmalıyıq. Güc tətbiq etməkdən imtina, atəşkəs rejiminə ciddi şəkildə riayət edilməsi və provokativ addımlara yol verilməməsi belə hadisələrin qarşısını ala bilər. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davam etməsi zəruridir".
Açıqlamasında əsasən Ermənistanı müdafiə edən Nikolay Bordyujanın bir fikrinə diqqət yetirmək kifayətdir ki, onun ölkəsinin Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqe aydın olsun. Onun fikrincə, helikopterin məhv edilməsi zorakılığın təhlükəli təzahürüdür. Adama deməzlər ki, hansı zorakılıqdan söhbət açırsan? Bordyuja çox gözəl anlayır və bilir ki, Azərbaycanın 20 faiz ərazisini Ermənistan silahlı qüvvələri Rusiyanın köməyi sayəsində işğal edib. Və bu işğalın nəticəsində bir milyondan artıq qaçqın və məcburu köçkün öz torpaqlarından qovulub. Minlərlə ailə başsız, övladlar atasız-anasız, analar oğulsuz qalıb. Azərbaycanın tarixi və mədəni abidələri məhv edilib. İşğal altında qalan ərazilərimiz viran qoyulub. Ermənistan silahlı qüvvələri Azərbaycana Xocalı fəryadını, Şuşa göz dağını, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər müsibətini yaşadıblar. Bakıda metrolarda, rayonlarımızda avtomobillərdə, qatarlarda dəfələrlə terror fəaliyyətlərinin nəticəsi olaraq dinc əhali qətlə yetirilib. Azərbaycanın Ermənistanla sərhəddə yaşayan əhalisi bu gün də ermənin terroru ilə üz-üzə qalıb. Bəs bunlar zorakılıq deyilmi, cənab Nikolay Bordyuja?
Azərbaycanın Silahlı Qüvvələri hava sərhəddini pozan, təxribatla məşğul olan və əhalinin gözünü qorxutmağa çalışan erməni helikopterini məhv edirsə bu, zorakılıq deyil, düşmənə yerini göstərmək və layiq olduğu cavabı verməkdir.