İşğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunub Hadisə

İşğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunub

İşğal olunmuş ərazilərdə 260 min hektar unikal meşə sahələri vəhşicəsinə istismar olunmuş və təbiətə güclü ziyan dəyib.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, ekoloji məsələlər üzrə ekspert İslam Mustafayev bildirib.

Onun sözlərinə görə, belə meşə sahələri Ağdam və Füzulidən başqa, işğal edilmiş bütün rayonlarda var.

İ.Mustafayev əlavə edib ki, həmin meşələrdə 70 endemik ağac növü, Azərbaycan Respublikasının Qırmızı Kitabına salınan 24 fauna və 27 flora növü olub. Ümumilikdə sahəsi 43000 ha olan 6 qorunan ərazi - Bəsitçay və Qaragöl təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı yasaqlıqları viran edilib:

"10 su anbarı, o cümlədən Sərsəng Su Anbarının çirkləndirilməsi və suyunun məhdudlaşdırılması aşağı axında yerləşən 400 min nəfər Azərbaycan əhalisinin su ehtiyaclarının qarşılanmasına imkan verməyib. Tərtər çayı Kəlbəcərdə istismar olunan qızıl mədənlərinin toksik ağır metalları ilə çirklənib, Arazın qolları Qafan-Qacaran mədən sənayesi nəticəsində, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli rayonları isə müxtəlif səbəblərdən güclü ekoloji çirklənməyə məruz qalıb".