13-cü aşırım Hadisə

13-cü aşırım

"Xalq Cəbhəsi" qəzetinin 13 yaşına söz ardı...

...13 il ərzində "Xalq Cəbhəsi" qəzetinin qismətinə şəhərin 3 müxtəlif məkanında fəaliyyət göstərmək düşüb. Səbail rayonundan Binəqədiyə, Binəqədidən Yasamala köçmüşük...
Bu 13 ilin 6 ili Binəqədi rayonunda hansısa Aşırım (mənə görə 13-cü Aşırım) küçəsində yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində keçib... Qəzetin fədakar təsisçisi, redaktorları, jurnalistləri, dizaynerləri, korrektorları indi ağlasığmaz görünən məhrumiyyətlərə qatlaşaraq öz vəzifələrini vicdanla, yüksək əxlaqla, peşəkarlıqla yerinə yetiriblər...
İstiliyimizi kəsiblər XXI əsrdə salyarka sobası yandırmışıq, işığımızı kəsiblər generatorun gurultusu və tüstüsü altında fəaliyyət göstərmişik, suyumuzu kəsiblər 13-cü mərtəbəyə piyada su daşımışıq... Amma bir gün də olsun dayanmamışıq, bu çətinlikləri işimizə əngəl, maneə saymamışıq...
...13-cü mərtəbədə səhra şəraitində susuz, işıqsız, istiliksiz çalışdığımız dönəmlərdə redaksiyanın yerləşdiyi mərtəbədəki ayaqyolunun borularını da kəsib atmışdılar. Həm də kim... Vaxtilə Azərbaycan mətbuatının ən tirajlı qəzetlərindən olan "Bu gün"ün qurucusu və baş redaktoru Nəsib İsmayılovun binada təmir işləri aparan proRAB qardaşıı. Adını unutsam da, 13-cü mərtəbədəki ayaqyolunun dəliyindən proRAB İsmayılovun mənəviyyatına necə... baxdığımızı yaxşı xatırlayıram. O zamandan 6 il keçir və bu 6 ilin hər günündə, hər saatında seçdiyimiz yolun doğruluğuna əmin oluram. Əslində buna şübhəm də olmayıb. İlk gündən qəzetin yaradılmasında, fəaliyyət göstərməsində zəhməti olan hər kəs kimi mən də doğru bir hədəfə istiqamətləndiyimizə, Azərbaycan mətbuatının təməl prinsiplərinə xidmət etdiyimizə sonunadək inanmışam.
Bu gün, Yasamal rayonunda, müqəddəs üçrrəngli bayrağımızın dalğalandığı parkın bir neçə addımlığında yerləşən redaksiyamızın işıqlı otaqlarından birində keçdiyimiz yolu, qatlaşdığımız çətinlikləri xatırlayıram. Zərrə qədər də peşman deyiləm. Biz üzərimizə yürüyən qaranlıqlardan işıq kimi sıyrılaraq bu günə gəlmişik. O dövrdən bu yana çox şey dəyişib. Vaxtilə bizi topa tutanlar indi öz düşərgələrindən atılan namərd güllələrindən qorunmaq üçün bizim ünvanımızı seçirlər. Biz isə hansı məkanda fəaliyyət göstərməyimizdən asılı olmayaraq, hər zaman haqqın, ədalətin, Bütöv Azərbaycan məfkurəmizin izində, Azərbaycan dövlətinin və xalqının yanında, Azərbaycan bayrağının kölgəsində olmuşuq. Bütün çətinlikləri də ideallarımıza sığınaraq dəf etmişik...
13-cü Aşırımı aşdığımız kimi, 13-cü ildönümümüzü də aşırdıq...
Bu illər ərzində bizə arxa-dayaq olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə, bütün əqidadaşlarımıza, "Xalq Cəbhəsi" qəzetinin gəlmiş-getmiş bütün əməkdaşlarına, bu yolda mənimlə birgə, yanaşı addımlayan qardaş və bacılarıma, övladlarıma dərin minnətdarlığmı bildirirəm.
Başımız üstündən üçrəngli bayrağımız, ayağımız altından müqəddəs torpağımız əskik olmasın!
Dövlətimiz, millətimiz əbədiyyən var olsun ki biz də var olaq!
Tanrı Sizi və sevdiklərinizi qorusun!

Sizin Elçin Mirzəbəyli