Sumqayıt hadisələrilə bağlı dəyirmi masa keçirilib Hadisə

Sumqayıt hadisələrilə bağlı dəyirmi masa keçirilib

Rüstəm Usubov: "1988-89-cu illərdə istintaq düzgün aparılmayıb və hadisələrin əsl mahiyyəti gizlədilib"

Dünən Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Sumqayıt hadisələrinin 26-cı ildönümünə həsr edilən "Sumqayıt hadisələri: Tarixi yaddaş və tarixi məsuliyyət" mövzusunda dəyirmi masa keçirilib.
APA-nın məlumatına görə, SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, 1988-ci il fevralın 28-də baş verən hadisələr Azərbaycan tarixində böyük faciəyə gətirib çıxarmış hadisədir. O qeyd edib ki, bu hadisədən sonra Dağlıq Qarabağdakı separatçı ermənilər daha da fəallaşıb.
Azərbaycan baş prokurorunun müavini Rüstəm Usubov bildirib ki, bu hadisələrlə bağlı istintaq qrupu yaradılıb. Onun sözlərinə görə, 1988-89-cu illərdə istintaq düzgün aparılmayıb və hadisələrin əsl mahiyyəti düzgün açıqlanmayıb: "Hadisələrdən 26 il keçməsinə baxmayaraq, ermənilər dünya ictimaiyyətini hələ də aldadırlar. Ermənilər bu hadisələrdən azərbaycanlıları vəhşi kimi göstərmək üçün bir vasitə kimi istifadə edirlər, halbuki Sumqayıt hadisələri yüzlərlə erməni azərbaycanlılar tərəfindən xilas edilib. Həmin vaxt Sumqayıtda 18 minə yaxın erməni yaşamasına baxmayaraq, yalnız 26 erməninin həlak olması bir daha azərbaycanlıların erməniləri xilas edilməsini təsdiq edir".
R.Usubov əlavə edib ki, iş üzrə təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak edən milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları çox çalışıb: "Sonradan bu şəxs Ermənistana göndərilib və azadlığa buraxılıb. Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. İstintaqla müəyyən edilib ki, Sumqayıtda qətlə yetirilən ermənilər Dağlıq Qarabağda yaradılan separatçı "Krunk" təşkilatına könüllü olaraq vəsait köçürməyən ermənilər idi. Erməni milliyyətindən olan Markaryan soyadlı şəxs avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri qətlə yetirib. Lakin SSRİ hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Tədbirdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nın sədr müavini İbrahim Məmmədovun müəllif, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin isə elmi redaktoru olduğu "Azərbaycana qarşı təxribat: Qriqoryan qardaşları" adlı kitabın təqdimatı da olub. İ.Məmmədov bildirib ki, kitabda ermənilərin təxribatını ifşa edən dəlillər öz əksini tapıb: "Həyata keçirilmiş tədqiqatlar göstərir ki, Sumqayıt hadisələr ermənilər və SSRİ xüsusi orqanların əvvəlcədən düşünülmüş təxribatı idi".
Çıxışlardan sonra tədbir iştirakçıları dəyirmi masa mövzu ətrafında müzakirələr aparıblar.