AMEA ilə Serbiya Elmlər Akademiyası arasında saziş imzalanıb Hadisə

AMEA ilə Serbiya Elmlər Akademiyası arasında saziş imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti əsasında Serbiyada səfərdədir. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, səfər proqramı SANU prezidenti ilə keçirilən təkbətək görüşlə başlayıb. Görüş zamanı Azərbaycanla Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilib, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Səmimi və konstruktiv zəmində keçən görüşdə iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib. İkitərəfli görüşlərdən sonra hər iki ölkənin elmlər akademiyalarının prezidentləri tərəfindən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli iclası zamanı AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalanıb. İclasda akademik A.Əlizadə Azərbaycan dövlətinin ölkənin elminə, tarixinə, mədəniyyətinə və təhsilinə göstərdiyi qayğı, prezident İlham Əliyevin bu dəstək və qayğını xüsusi diqqət mərkəzində saxlaması, AMEA-da həyata keçirilən islahatlar, gələn il ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunları və 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə hazırlıq barədə Serbiya tərəfinə ətraflı məlumat verib, SANU-nun rəhbərliyini Azərbaycana səfərə dəvət edib. Daha sonra nümayəndə heyəti Belqrad Universitetinin rəhbərliyi ilə görüşüb. Görüş zamanı AMEA prezidenti Serbiyanın təhsil sistemi, Universitet ilə AMEA arasında əməkdaşlıq imkanları, gənc nəslin elmə həvəsi ilə maraqlanıb. Nümayəndə heyətinin üzvləri Serbiyanın elm və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Belqrad şəhərinin mərkəzindəki "Taşmaydan" parkında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Eyni zamanda görkəmli serb yazıçısı Milorad Paviçin də burada ucaldılmış abidəsi və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsi ziyarət edilmiş və onun üzərinə gül dəstəsi qoyulub. Səfər çərçivəsində AMEA nümayəndə heyəti Serbiyanın ikinci böyük şəhəri, həmçinin elm və mədəniyyət paytaxtı hesab edilən Novi Sad şəhərində olub, burada SANU-nun Novi Sad bölməsində elm ictimaiyyəti ilə görüşlər keçirib. Bununla yanaşı, nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Novi Sad şəhərində Dunay çayının sahilində inşa edilmiş parkdakı "Üzeyir Hacıbəyli Memorial"ını ziyarət ediblər. Noyabrın 30-dan dekabrın 4-dək davam edəcək səfər müddətində nümayəndə heyəti səfir və səfirliyin əməkdaşları tərəfindən müşayiət olunur.