12:19
427
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc 8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Himninin tarixi və Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyəti barədə çıxış edib.
“Xalqcəbhəsi.az” xəbər verir ki, deputat bu fikirləri parlamentin bugünkü plenar iclasında səsləndirib.
Z.Oruc bildirib ki, Dövlət Himninin sözləri 44 günlük Vətən müharibəsi zamanı öz tarixi mənasını tam şəkildə tapıb:
“Otuz ildən artıqdır ki, Dövlət Himnimizi hər bir azərbaycanlı qürur və ehtiramla oxuyur. Lakin böyük Üzeyir Hacıbəyli və Əhməd Cavadın bizə miras qoyduğu müqəddəs sətirlər heç vaxt 44 gündə olduğu qədər gerçək məna qazanmamışdı. Müstəqilliyini yenidən əldə edən xalqımız Himnin birinci cümləsində qəhrəman övladlarından danışırdı, lakin torpaqlarının beşdə biri işğal altında idi.
Millətimizin hərbi andı kimi səslənən “Səndən ötrü can verməyə cümlə hazırız” nidasını mərd oğullarımız nəhayət, 27 sentyabrda gerçəkliyə çevirdi. Üç əsrə yaxın itirilmiş torpaqların, süquta uğramış dövlətlərimizin, yarımçıq qalmış azadlıq mübarizələrinin də ruhu həmin gün döyüşə qalxdı.
Himnimizdə məsud yaşamağa çağırılan, yüksəklərdə görmək istədiyimiz üçrəngli bayrağımız nəhayət, 8 Noyabr Zəfər Günündə Şuşa zirvəsinə yüksəldi”.
Deputat qeyd edib ki, Qarabağda yeni Vətən qurulur və tarixi Qələbənin gələcək nəsillərə çatdırılması əsas vəzifələrdən biridir.
O bildirib ki, bir daha işğalın, məğlubiyyətin və məcburi köçkünlüyün acı taleyini yaşamamaq üçün dövlət, ordu və milli birlik qorunmalıdır.
Z.Oruc çıxışının sonunda vurğulayıb ki, Dövlət Himnini yaşadan, onun sözlərini yazan Əhməd Cavad və musiqisini bəstələyən Üzeyir Hacıbəyli 44 günlük Vətən müharibəsini görməsələr də, onların azadlıq arzuları gerçəkləşib:
“Lakin qurucu babaların azadlıq arzularını Ali Baş Komandan Zəfər himninə çevirdi”.
Deputat çıxışını “Yaşasın qalib Azərbaycan! Şəhidlərimizin əziz xatirəsinə ehtiram olsun! Qalib əsgər və zabitlərimiz uca olsun! 8 Noyabr Zəfər Günümüz mübarək!” sözləri ilə yekunlaşdırıb.
Günel Elxan