“Netanyahu və Tramp özlərinin siyasi karyeraları üçün ciddi narahatdırlar” Dünya

“Netanyahu və Tramp özlərinin siyasi karyeraları üçün ciddi narahatdırlar”

“ABŞ və İsrail tərəfindən İrana yeni bir hücumun olacağı təqdirdə İranın zərbə endirəcəyi ölkələrin siyahısı dərc edilib. Bildirilib ki, hədəflər İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, Oman və eyni zamanda, İordaniyada, ya da hansılarda ki ABŞ-nin hərbi bazaları yerləşir, bununla bağlı həmin ölkələri hədəf seçəcəkləri ilə bağlı məlumatdan sonra İran tərəfindən Avropadan olan bəzi dövlətlərin – Böyük Britaniya, Almaniya, İtaliya, Portuqaliya kimi ölkələrdəki ABŞ-nin hərbi bazalarının vurulacağı ilə bağlı məlumatlar verildi. Eyni zamanda, mən düşünürəm ki, Böyük Britaniyaya məxsus Hind okeanında yerləşən Dieqo Qarsiya adası var, ABŞ onu icarə əsasında hərbi məqsədlərlə uzun müddətdir ki, istifadə edir. Həmçinin o adanı da hədəfə alacağı ilə bağlı xəbər verdilər”.

Bunu xalqcebhesi.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirib.

X.Bəşirov düşünür ki, bu, müharibənin miqyasının genişlənməsi deməkdir: “Ən azından Körfəz ölkələri cavab zərbələri endirməsələr də, Avropa ölkələrinin bu prosesə hansısa formada reaksiya verəcəyi gözləniləndir. Həm də nəzərə alaq ki, İran bu dəfə strateji obyektlərini, şirin su ehtiyatlarını və eyni zamanda digər əsas enerji obyektlərini və digər obyektləri hədəfə alacağı ilə bağlı məlumatlar verir. Bu da artıq həmin ölkələri ciddi şəkildə narahat edir. Mən düşünürəm ki, pərdə arxasında həmin dövlətlər ABŞ-nin İrana yeni hücumlarının edilməsinin qarşısını almaq üçün əllərindən gələni edirlər, amma hər bir halda bu, əvvəllər də belə idi. Lakin ABŞ İsraillə birlikdə hücumlar təşkil etdi”.

“Nəzərə alaq ki, hər iki ölkədə hazırkı iqtidarların seçkilərlə bağlı ciddi çətinlikləri var. Benyamin Netanyahu və Donald Tramp görünür ki, daha çox özlərinin siyasi karyeraları, hakimiyyətləri üçün ciddi narahatdırlar. Bu narahatlığın qarşısını müharibələrlə, hücumlarla almaq üçün mən düşünürəm ki, hücumların təşkil edilməsi ehtimalı da kifayət qədərdir. Əgər olacaqsa, bəli, bu, müharibənin miqyasının genişlənməsi, eskalasiyanın daha da genişlənməsi və digər dövlətlərin də prosesə cəlb olunması ehtimalını da yüksəldir. Təbii ki, bunu zaman göstərəcək” - deyə o əlavə edib.

Röya İsrafilova