Yol polisindən reydlərlə bağlı daha bir açıqlama Hadisə

Yol polisindən reydlərlə bağlı daha bir açıqlama

Vaqif Əsədov: "Bakıda avtoxuliqanlıq və polisə tabe olmama hallarının artması narahatlıq doğurur"

Bu il yanvarın 1-dən dekabrın 6-dək Bakıda polisin qanuni tələbinin yerinə yetirilməməsinə və tabe olmamaya görə 3719 sürücü məsuliyyətə cəlb edilib. Bunu "Trend"in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, bu müddət ərzində paytaxtda avtoxuliqanlıq və polisin qanuni əmrinə tabe olmama hallarının artması böyük narahatlıq doğurur: "Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 181 avtoxuliqanlıq faktının çox olması deməkdir. Təkcə noyabrın 29-dan dekabrın 6-dək yol polisi əməkdaşları tərəfindən paytaxtda keçirilən reydlər zamanı 22 avtoxuliqanlıq faktı aşkar edilib. Həm avtoxuliqanlıq, həm də polisin qanuni əmrinə tabe olmama faktlarının artması ümumilikdə narahatlıq doğurur. Lakin hamı bilməlidir ki, hər kəs hansı qanun pozuntusuna yol verməsindən asılı olmayaraq, müvafiq cəzasını alacaq".
Bölmə rəisi qeyd edib ki, ümumiyyətlə, bu il ərzində paytaxt üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə 708 085 inzibati protokol tərtib edilib. Bunlardan 9450-si avtomobilin sərxoş halda idarə edilməsinə, 3068-i qəza şəraiti yaratdıqlarına, 168-i dəmiryol ilə kəsişən hissədən keçdiklərinə, 10 743-ü işıqforun qırmızı işığında keçdiklərinə, 1758-i sürət həddinin aşılmasına, 567-si avtomobili dövlət nömrə nişanı olmadan idarə etdiklərinə, 2571-i sərnişindaşıma qaydalarının pozulmasına, 8380-i ötmə, manevretmə qaydalarının pozulmasına, 11 840-ı yolayrıcını keçmə qaydalarının pozulmasına, 3709-u nəqliyyat vasitəsinin müvafiq sənədlər olmadan idarə edilməsinə, 3855-i isə avtomobilin pərdə və plyonkalı idarə edilməsinə görə tərtib edilib.
Hesabat dövründə yol hərəkəti qaydalarını pozan 132 754 piyada inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
Digər qayda pozuntularına görə isə 356 425 halda inzibati protokol tərtib edilib.
Vaqif Əsədov bildirib ki, bu il yanvarın 1-dən dekabrın 6-dək Bakı şəhəri üzrə 850 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, görülən müvafiq kompleks tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 hadisə, 25 ölüm, 76 xəsarət faktı azalıb.
V.Əsədov qeyd edib ki, hadisələrin 51 faizi piyadaların vurulması ilə bağlı olub.
Bölmə rəisi əlavə edib ki, qapalı şəraitdə, yəni kimlər tərəfindən törədildiyi məlum olmayan 48 yol qəzası baş verib. Bu hadisələr zamanı 3 nəfər ölüb, 47 nəfər xəsarət alıb.
O həmçinin diqqətə çatdırıb ki, bir həftə ərzində paytaxtda yol hərəkətini pozan 1828 piyada inzibati qaydada cərimə olunub: "Noyabrın 29-dan dekabrın 6-dək yol polisi əməkdaşları tərəfindən paytaxda keçirilən reydlər zamanı avtoxuliqanlığa görə 22, avtomobili pərdə və plyonkalı idarə etdiklərinə görə 96, sərnişindaşıma qaydalarını pozan 55, avtomobili sərxoş halda idarə edən 337, işıqforun qırmızı işığında hərəkət edən 275 sürücü aşkar edilərək məsuliyyətə cəlb olunub. Bundan əlavə, 8867 halda digər qayda pozuntularına görə inzibati protokol tərtib edilib".