Mirsəet Soltanqaliyev: mübarizəsi və yanlışları Hadisə

Mirsəet Soltanqaliyev: mübarizəsi və yanlışları

Onun dünyagörüşü "inqilab beşiyi" adlandırılan Bakıda formalaşmışdı

Bu yazıda tatar xalqının tanınmış ictimai-siyasi xadimi Mirsəet Soltanqaliyev haqqında danışılır. Mirsəet Xəydərqali oğlu Soltanqaliyev 1892-ci il iyulun 13-də müəllim ailəsində doğulub. Onun Rusiyanın işğal etdiyi türk torpaqlarında yaratdığı Ufa quberniyasının Elimbetov və ya Karmaskalı kəndində anadan olduğunu yazırlar. İndi bu bölgə Başqırdıstan Respublikasının Strelibaş rayonuna daxildir. Araşdırmaçı Əli Şamil bildirir ki, uzun müddət adı və əsərləri qadağan edilən, bəzən isə tənqid hədəfinə çevrilən Mirsəet Soltanqaliyev haqqında SSRİ dağıldıqdan sonra çox yazırlar: "Yazıların əksəriyyəti onun ideyasına həsr edilir, ömür yolunun öyrənilməsi isə arxa planda qalır. Buna görə də uşaqlıq və gənclik illəri haqqında geniş məlumata az rast gəlinir. Qaynaqların verdiyi bilgiyə görə ilk təhsilini atasından alıb. 1907-1911-ci illərdə Kazan şəhərindəki müəllimlər seminariyasında oxuyub. Sonra da Başqırdıstanda, Orenburqda müəllim işləyib. Lakin orada çox qalmayıb. Gündən-günə sürətlə inkişaf edərək sənaye və mədəniyyət şəhərinə çevrilən Bakıya köçüb. Onun Azərbaycana gəlişi, Bakıdakı fəaliyyəti geniş öyrənilməyib. Çox vaxt 1905-ci ildən sonra Bakıya gəldiyini, burada tatar məktəbində işlədiyini yazırlar. Həmin illərdə nəinki Bakıda, Qafqazın hər yerində müsəlmanların açdıqları məktəblərin əksəriyyəti "rus-tatar məktəbləri" adlanırdı. Buna görə də bilmək olmur Mirsəet Soltanqaliyev yerli ziyalıların açdığı məktəbdə dərs deyib, yoxsa Kazan və Volqaboyu tatarların açdığı məktəblərdə. Bakıda olarkən müəllim, kitabxanaçı işləməklə yanaşı qəzetlərə məqalələr yazan M.Soltanqaliyevin dünyagörüşü "inqilab beşiyi" adlandırılan Bakıda formalaşıb. O, Mirsəet Soltanqaliyev sosialistlərlə bir mövqedə durub. Məhəmmədəmin Rəsulzadə, Nəriman Nərimanov və başqaları ilə tanış olub.
1917-ci il fevral burjua inqilabından sonra Sankt Peterburqa gedən Mirsəet Soltanqaliyev ardıcıl siyasi fəaliyyətlə məşğul olub. May ayında Moskvada keçirilən Ümumrusiya Müsəlmanları qurultayında rəhbər heyəti olan Milli Şuraya seçilib. Lakin qurultay iştirakçılarının əksəriyyətinin mövqeyi ilə razılaşmayıb. Bolşeviklərin "dünya inqilabı" nəzəriyyəsi ona daha cəlbedici gəlib. Odur ki, 1917-ci ilin iyulunda Kazan şəhərinə gəlib. Burada Mollanur Vaxidovla Müsəlman Sosialist Komitəsini qurur və onun İcraiyyə Komitəsinə katib seçilir. 1917-ci ilin noyabrında isə bolşeviklərin sırasına qoşulur. İctimai-siyasi həyatda fəallığını, təşkilatçılıq bacarığını, bolşeviklərin cərgəsində müsəlmanların azlığını nəzərə alıb Mirsəet Soltanqaliyevi Rusiya Xalq Millətlər Komissarlığında Milli Məsələlər bölməsinə rəhbər təyin edirlər. Komissarlığın katibi vəzifəsinə isə Mustafa Sübhü təyin edilir. Mirsəet Soltanqaliyev komissarlıqda işləyərkən burada müxtəlif xalqlardan olan bolşeviklərlə görüşür, gələcək mübarizə yollarını müəyyənləşdirməyə çalışır. Onlar 1918-ci il mayın 10-16-da Moskvada Tatar-Başqırd Sovet Respublikasının Qurucu Məclisinə hazırlıq toplantısının keçirilməsinə nail olurlar. Əhməd Zəki Vəlidi Toğan, Sədri Maqsudi Arsal, Əli xan Bökeyxanov və başqaları isə milli muxtariyyat statusunda qurduqları hökumətlərin Sovet rəhbərliyi tərəfindən tanınmasını istəyirdilər. Mirsəet Soltanqaliyev bunu türk-müsəlman xalqların bölünməsi kimi qiymətləndirirdi. O, yalnız Rusiya işğalı altında əzilən müsəlman xalqlarının deyil, Şərq xalqlarının birlikdə imperializmə qarşı mübarizəsini planlayırdı. O, elə düşünürdü ki, dünya inqilabı ideyasını ortaya atmış sosialistlər bu işdə əzilən Şərq xalqlarının ən yaxın köməkçisi olacaq. Odur ki, Rusiya əsarəti altında olan müsəlman xalqlarının milli azadlıq mübarizəsini qətiyyən qəbul etmirdi. Onlara qarşı çox sərt davranırdı. Bu qarşıdurma isə bolşeviklərin işinə yarayırdı.
Bolşeviklər ağqvardiyaçıların və çex üsyançılarının Şərqdən hücumlarının qarşısını ala biləcək gücdə deyildilər. Bundan yararlanan türk-müsəlman xalqları da milli silahlı dəstələr yaradıb öz müxtariyyatlarını elan edirdilər. Belə gərgin bir vəziyyətdə bolşeviklərə Mollanur Vahidov, Mirsəet Soltanqaliyev, Nəriman Nərimanov kimilərinə böyük ehtiyacları vardı. Bolşeviklərin yardımı ilə 1918-ci il mayın 2-də Mollanur Vahidovun rəhbərliyi altında Mərkəzi Müsəlman Əsgəri Şurası quruldu. Müsəlman Qızıl Ordusunun təşkilatlanması vəzifəsi Mirsəet Soltanqaliyevə tapşırılır. O, V Qızıl Ordunun yüzdə yetmiş beşini təşkil edən Tatar-Başqırd Taburlarını və Müsəlman Qızıl Alayını təşkil edə bilir. Bununla da nəinki milli qüvvələrin parçalanmasına, bir-birinə qarşı savaşmasına şərait yaradır. Ağqvardiyaçılar və əsirlikdən qurtulub evlərinə getmək istəyən çex əsgər və zabitləri 1918-ci ilin avqustunda Kazan şəhərinə hücum etdilər. Bolşevik əsgəri birlikləri onların hücumunun qarşısını ala bilmir. Həmin vaxt Moskvada olan Mollanur Vahidov Tatar Qızıl Alayının başına keçərək Kazana yollanır və döyüşlərdə əsir düşərək edam edilir. Mollanur Vahidov və yüzlərlə tatar, başqırd, çuvaş, qazax, qırğız döyüşlərdə həlak olsa da, ağqvardiyaçılar və çexlər geri oturdulur".
Bir az əvvələ qayıtsaq, Mollanur Vahidov və Mirsəet Soltanqaliyev 1918-ci il iyun 17-20-də Kazanda Müsəlman Bolşeviklərin Bütün Rusiya Konqresini keçirirlər: "Müstəqil dövlət qurma istəyinin müzakirə edildiyi bu konqresdə Mirsəet Soltanqaliyev bütün türk və müsəlman xalqların Birləşmiş Cəbhədə bolşeviklərilə birlikdə mübarizəsinin vacibliyini irəli sürür və millətçilərin federal dövlət yaratmaq ideyasına qarşı çıxır. Onu fikrincə, kiçik dövlətlər çox asanlıqla imperializmin təsir dairəsinə düşə bilərdi. Bolşeviklər zəif olduğundan özlərini demokrat kimi göstərir, bu cür toplantılarda millətçilərin çıxışlarına da mane olmurdular. Mirsəet Soltanqaliyevdən bolşeviklər yalnız döyüşlərdə, dövlətin möhkəmlənməsində, idarəetmədə istifadə etmirdilər. Ondan həm də danışıqlarda istifadə edilirdi. Xalqlara azadlıq, müstəqil dövlətlərini qurmaq vədləri ilə onu müsəlman-türk liderlərilə danışıqlara göndərirdilər. O, Leninin, Stalinin, Trotskinin vədlərinə inanırdı. Çünki Sovet hakimiyyətinin ilk illərində elə bir görüntü yaratmışdılar ki, Mirsəet Soltanqaliyev hökumətin idarə edilməsində guya 3-4-cü adamdır. Milli məsələ haqqında fikirləri mətbuatda özünə geniş yer tapır, toplantılarda fikirlərini müzakirəyə çıxarırdı. 1918-1919-cu illərdə Milli Məsələ üzrə Xalq Komissarlığı yanındakı Mərkəzi Müsəlman Hərbi Kollegiyasının sədri olan Mirsəet Soltanqaliyevi Başqırd Resbublikasının rəhbərləri ilə danışıqlara göndərirlər. O, Lenin, Stalin, Trotskinin istəklərini yerinə yetirərək başqırdları dinc yolla Rusiyanın tərkibinə daxil olmağa razı salır. Bu razılıqdan sonra başqırd hərbçilərinə, ziyalılarına, dinc əhaliyə qarşı terror başlayır. Bunu Mirsəet Soltanqaliyev inqilab naminə quban kimi dəyərləndirir".
1920-ci ilin sentyabrında Bakıda Şərq Xalqlarının I qurultayının çağrılmasında Mirsəet Soltanqaliyevin də rolu böyük olur: "Qurultay bolşeviklərin istədiyi nəticəni vermədiyinə görə Rusiyadakı müsəlman kommunistlərinin çoxunun istəyinə baxmayaraq II qurultayın çağrılmasına icazə verilmir. 1919-1921-ci illərdə Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi yanında Şərq xalqları Kommunist Təşkilatları Mərkəzi Bürosuna sədrlik edən, dünya üçün kommunist kadrlar hazırlayan ali təhsil ocağında dərs deyən Mirsəet Soltanqaliyev toplantılarda bəzən Leninə, Stalinə qarşı da durur. Lakin onun bu cəsarətli hərəkəti uzun sürmür. 1923-cü il sentyabrın 17-25-də Moskvada keçirilən Rusiya Kommunist (bolşeviklər) Partiyasının 12-ci Qurultayındakı çıxışı müsəlman-türk kommunistləri tərəfindən alqışlarla qarşılansa da, "Soltanqaliyevin işi" deyilən cinayət işi açılır, onu Lyubyanka həbsxanasına göndərirlər. Türk-müsəlman kommunistlərinin, eləcə də demokratik fikirli bolşeviklərin təzyiqi ilə Mirsəet Soltanqaliyev həbsdən azad edilsə də, ona qarşı təzyiq və təqiblər azalmır. Onu və onun ətrafındakı onlarla türk-müsəlman kommunistini 1928-ci ildə həbs edərək Solovkiyə göndərirlər. Bu dəfə onu hökumətdə yüksək vəzifə tutan dostları Nəriman Nərimanov, Turar Rıskılov və başqaları da qurtara bilmir. Aldadılmış Mirsəet Soltanqaliyev minlərlə türk-müsəlmanın döyüşlərdə öldürülməsinə səbəb olduğu kimi, yüzlərlə insanın da həbsinə bais olmuşdu. 1934-cü ildə onu həbsdən vaxtından əvvəl azad edib Saratova sürgün edirlər. Bu, Sovet rəhbərliyini heç də qane etmir. Onu 1937-ci həbs edib uzun sürən istintaqdan sonra 1940-cı il yanvarın 28-də güllələyirlər. SSRİ dağıldıqdan sonra repressiyaya məruz qalanlar arasında haqqında ən çox danışılan, yazılanlardan biri də Mirsəet Soltanqaliyev oldu".
Bu, tarixin acı dərsidir..

Uğur