Vətən müharibəsi ilə əlaqədar 1000-ə yaxın şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub Hadisə

Vətən müharibəsi ilə əlaqədar 1000-ə yaxın şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub

Möhtəşəm Zəfərimizlə başa çatan müharibədə şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinin məşğulluq məsələlərinin həlli, özünüməşğulluq proqramına cəlb edilərək kiçik bizneslərinin qurulması istiqamətində tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi son bir ayda bu kateqoriyadan, habelə yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 765-dək şəxsi növbədənkənar özünüməşğulluq proqramına cəlb edib. Onlardan 530-u şəhid ailələrinin üzvləridir. Proqrama cəlb edilən həmin şəxslərdən artıq 460 nəfəri mal və materiallar, avadanlıqlar formasında aktivlərlə təmin olunaraq, kiçik ailə müəssisələrini qurublar. Qalanlarının da aktivlərlə təminatı, habelə bu kateqoriyadan olan vətəndaşların proqrama cəlb edilməsi işləri davam etdirilir.

Agentlik, həmçinin Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 100-dən çox şəxsi ödənişli ictimai işlərlə təmin edib. Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı çərçivəsində işəgötürənlərlə bağlanmış müqavilələr üzrə isə əsasən hissəsi şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından, digər həssas qruplardan ibarət olan 125 şəxsə işlə təmin edilmək üçün göndəriş verilib.