Əli Həsənovdan dialoq açıqlaması Hadisə

Əli Həsənovdan dialoq açıqlaması

"Dəfələrlə bəyan etmişik ki, Azərbaycan hakimiyyəti bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır"

"Dekabrın 13-də Azərbaycanda fəaliyyət göstərən bir qrup partiyanın sədri ilə görüş keçirəcəyik". Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bir müddət əvvəl bəzi siyasi partiyalar hakimiyyətlə dialoq təşəbbüsü ilə çıxış etmişdilər: "Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Bu sahədə kifayət qədər təcrübə də toplanıb. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınıb".
Ə. Həsənov qeyd edib ki, ADP, ALDP, KXCP, BAXCP, AXP, Böyük Azərbaycan, Ümid, Azadlıq, Aydınlar və digər partiyaların rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.