Bişkekdə anım günü Hadisə

Bişkekdə anım günü

Azərbaycanın Qırğızıstandakı səfirliyi İşenalı Arabayev adına Qırğız Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar böyük mərasim keçirib.
Tədbirdə Qırğız Respublikasının dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak ediblər.
Tədbirdən öncə mərasim iştirakçıları universitetin foyesində Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. Sonra Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.
Mərasim iştirakçıları Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə açılış nitqi ilə edən İşenalı Arabayev adına Qırğızstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov bildirib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi: "Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi".
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirib: "Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq".
Tədbirdə çıxış edən Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Erines Otorbayev qeyd edib ki, Heydər Əliyevin Azərbaycan Respublikasının bərpasında və inkişafında böyük rolu olub və o, bütün həyatını xalqına, vətəninə və dövlətinə xidmətə həsr edib. Türkiyənin Qırğız Respublikasındakı səfiri Mətin Kılıç Heydər Əliyev kimi dahi və ölməz liderin anım günündə çıxış etməyin onun üçün böyük şərəf olduğunu bildirib. Mətin Kılıç Heydər Əliyevin dediyi "bir millət, iki dövlət" gerçəkliyinin hər zaman qorunub, saxlanacağını qeyd edib: "Heydər Əliyev ən çox işğal olunmuş torpaqların geri qaytarılmasını istəyirdi və bu məsələ hər zaman onun diqqət mərkəzində idi. Biz də Heydər Əliyevin bu son istəyini yaxın vaxtlarda həyata keçirib, ona layiq olduğumuzu təsdiqləyəcəyik".
Qırğız Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzuibraimov, Tarix və Sosial hüquqi təhsil İnstitutunun direktoru Nazira Kurmanova, Qırğız-Türk Manas Universitetinin rektoru, professor Sebahaddin Balcı, Qırğız Respublikası əməkdar inşaat xadimi, İkinci Dünya müharibəsi veteranı Əsəd Həsənov və başqaları Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.