Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq Hadisə

Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq

"Sözügedən tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma işləri zamanı qeydə alınıb".

Bu barədə Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində mövcud olan tikili ilə bağlı APA-nın sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, tikilinin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma işləri zamanı tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 256 yeni aşkar edilmiş abidə sənədləşdirilib. Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda qalan 212 abidənin dövlət qeydiyyatına alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.