Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 60-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. V.Səfərli Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Fondun 2014-cü ildə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazıları müsabiqələri təşkil etdiyini bildirən Vüqar Səfərli həmin müsabiqələrdən ümumilikdə 336 nəfər jurnalistin bəhrələndiyini diqqətə çatdırıb. O, jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə Fondun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklərin edildiyini xatırladıb. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirildiyini deyən Vüqar Səfərli bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərdiyini vurğulayıb.
Vüqar Səfərli, həmçinin müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazının təqdim edildiyini, yazıların 13 ekspert tərəfindən qiymətləndirildiyini, Müşahidə Şurasının qərarı ilə 57 redaksiyanı təmsil edən 114 nəfər jurnalistin qalib elan edildiyini vurğulayıb. Fondun icraçı direktoru müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 300 manat olmaqla 2, III yer üçün 200 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu bildirib.
Fondun Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxışında ölkəmizdə KİV-in inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirərək Fondun yaradılmasını, habelə jurnalistlərin dövlət hesabına mənzillərlə təmin edilməsini dünyada analoqu olmayan mütərəqqi təcrübə kimi dəyərləndirib. Bəxtiyar Sadıqov fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazıların müəyyən qismində jurnalist peşəkarlığının aşağı səviyyədə olduğunu, plagiata rast gəlindiyini, orijinal yanaşmaya rast gəlinmədiyini təəssüflə qeyd edib. O, Fondun eksperti kimi təcrübədə üzləşdiyi nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrini verib.
Fondun ekspertlərindən - Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, BDU-nun professoru Cahangir Məmmədli, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışlarında müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer verməyi, uzaq olmağı, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Daha sonra KİV nümayəndələrinin müsabiqə qaydaları ilə bağlı rəy və təklifləri dinlənilib. Fondun icraçı direktoru Vüqar Səfərli jurrnalistlərə müsabiqə qaydalarının təkmilləşdirilməsini nəzərdə tutan təklifləri Fonda yazılı qaydada çatdırmağı məsləhət görüb və səmərəli təkliflərin Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacağını bildirib.
Sonda müsabiqə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.