MSK sədri: “Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır” Hadisə

MSK sədri: “Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır”

1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib
Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib. Artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 861 728 bülleten sayılıb. Beləliklə, 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib.
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib. M.Pənahov deyib ki, seçkilərdə 8 partiya tərəfindən namizədlər irəli sürülüb, siyasi mənsubiyyətini göstərənlər də nəzərə alınsa, seçkilərdə 30 partiyanın üzvləri iştirak edib. M.Pənahov bildirib ki, namizədlərin ümumi sayı da nəzərə alınsa, bələdiyyə seçkilərinə marağın böyük olduğunu demək olar. Onun sözlərinə görə, seçkilərdə 1 876 014 nəfər, yəni seçicilərin 38,93%-i seçkilərdə iştirak edib: "Gecə saat 4:00-da artıq bütün bələdiyyələr üzrə məlumatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Artıq bütün bələdiyyələrdə tərkib formalaşmış sayılmalıdır, 15035 lider üzv müəyyənləşib". M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan kadrlar MSK-da araşdırılacaq. Seçki Məcəlləsinin tələbinə əsasən, MSK 20 gün ərzində daxil olacaq müraciətləri araşdıracaq və yekun protokollarla seçkilərə yekun vuracaq: "Seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin aktivliyi də nəzərə alsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətlərinə etimadının göstəricisidir. Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Qısa müddətdə seçkiyə yekun vuracağıq".