“Partiyalar seçkilərlə bağlı vaxtından əvvəl fikirlər səsləndirirlər” Hadisə

“Partiyalar seçkilərlə bağlı vaxtından əvvəl fikirlər səsləndirirlər”

"Bəzən ayrı-ayrı siyasi partiyalar seçkilərlə bağlı vaxtından əvvəl fikirlər səsləndirirlər. Təbii ki, bütün bunlar onların seçkilərdə nəticə əldə etməsinə hesablanıb". Bunu Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli İqbal Ağazadənin bu ilin noyabr ayında ayında keçiriləcək parlament seçkilərinə ümumi blok şəklində getmək üçün partiyalarla danışıqlar aparacağına münasibət bildirərkən deyib. Aparat rəhbərinin sözlərinə görə, artıq parlament seçkilərinə çox vaxtın qaldığını da söyləmək olmaz: "Bu mənada da bəzi partiyalar müxtəlif yollarla və metodlarla axtarışa çıxıblar ki, hər hansı bir nəticəyə nail olsunlar. Düşünürəm ki, seçkilərlə bağlı hansısa qərarın qəbul olunması tezdir. Bu söylənilən fikirlər isə təbliğatdan başqa bir şey deyil".
Müxalifətin parlament seçkilərində iştirakı məsələsinə gəlincə Mütəllim Rəhimli deyib ki, onlar proporsional seçki sisteminin bərpasını istəyirlər: "İndiyədək olan hadisələrin təhlili onu göstərir ki, müxalifətin seçkilərdə tutduğu taktika düzgün deyil. Təbii ki, düzgün olmadığı təqdirdə də onlar mütəmadi olaraq məğlubiyyətə düçar olurlar. Ümid edirəm ki, bu il keçiriləcək parlament seçkilərinə daha obyektiv yanaşma olacaq və əvvəlki taktikalar bu dəfə tətbiq olunmayacaq. Əvvəlki taktikalar tətbiq olunduqca, müxalifət uduzacaq".

Əli