Babək və babəkidlər haqqında düşüncələr Hadisə

Babək və babəkidlər haqqında düşüncələr

Hüseynağa Qəniyev

Bütöv Azərbaycanın qəhrəmanı Babək yenidən tarixinə daş atmaqla "böyümək" istəyənlərin qəzəbinə tuş gəlib. Təəssüf ki, bu tarixi şəxsiyyətin, hərb dahisinin üzərinə böhtan atmağa çalışanlar da, onu müdafiə edənlər də Babəkin şəxsiyyətinin və apardığı mübarizəni anlaya bilmir, onun obrazını çox məhdud bir çərçivədən dəyərləndirirlər. Son 50 il ərzində Bəbəklə bağlı yazılmış ən dolğun araşdırmanın müəllifi yazıçı-publisist Hüseynağa Qəniyevin "Babək və babəkidlər haqqında düşüncələr" adlı məqaləsini yenidən dərc etməklə müzakirələri daha ciddi istiqamətə yönəltmək istəyirik. Xatırladaq ki, Hüseynağa Qəniyevin bu araşdırması müxtəlif internet portallarında Azərbaycanın qüxeyində və güneyində yaşayan, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış yüzminlərlə soydaşımız tərəfindən oxunub və rəğbət qazanıb.



İslamın "qızıl dövrü"


Məhəmməd peyğəmbərdən sonra 4 xəlifə - Əbu Bəkrin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın və Əli ibn əbu Talıbın xəlifəlik dövrü (632-661) Avropada möminlik, yaxud həqiqət yolu ilə gedən xəlifəlik, Şərqdə isə islamın "qızıl dövrü" adlandırılıb.

Əməvilər

Həzrət Əlinin vəfatından sonra hakimiyyəti zor və hiylə yolu ilə ələ keçirən Müaviyə ibn Əbu Sufyan xilafətin "qızıl dövrünün" siyasətini dəyişdirdi: möminlik və dinçilik yolundan imtina edib, hökmdarlıq üsul-idarəsinə keçdi. O, dini və dövlət hakimiyyətini əlində mərkəzləşdirərək, inzibati-amirlik, zorakılıq və istibdada söykəndi, əməvilər sülaləsinin bünövrəsini qoydu. Halbuki xilafət hakimiyyətinin başlıca vəzifələri və istiqamətləri Məhəmməd peyğəmbər tərəfindən aydın, konkret şəkildə müəyyənləşdirilmişdi: möminlik və dinçiliyi qorumaq!
Beləliklə, möminlik axtarışı ilə islamı qəbul etmiş insanlar arasında narazılıq artaraq etiraza çevrildi. Buna məhəl qoymayan Əməvilər istibdadın və mütləqiyyətin dayaq sütunlarını möhkəmləndirdikcə, xilafətin əsas onurğa sütunu olan möminlik zəiflədi, son nəticədə onların hakimiyyəti çökdü.

Abbasilər

749-cu ildə Əməviləri Abbasilər əvəz etdi. Onlar da möminliyə yaxınlaşa bilmədilər. Hətta iş o yerə çatdı ki, sülalənin ən tanınmış xəlifələrindən biri - obrazı "Min bir gecə" nağıllarında ideallaşdırılmış Harun ər Rəşid islamı qəbul edən bütün xalqlara ərəbliyi sırımaq fikrinə düşdü. O, islamı qəbul edən qeyri-ərəb xalqların narazılığına "bizi qəbul etmisiniz (yəni ərəbliyi və Abbasilər sülaləsini), amma itaət etmək istəmirsiniz" deyəndə, onlardan "biz sizi, ərəbliyi yox, islamı qəbul etmişik" cavabını alarkən, dərhal həmin adamların qətlinə fərman verirdi.

Harınlıq və ya harunluq

Qədim Misirdəki fironlar (hökmdarlar) xalqın şüurunda və deyimində fironlaşdığı kimi, Harun ər Rəşid də harınlamışdı. "Fironluq və harınlıq" sözləri xalqların anlamında sinonimə çevrilmişdi. İndinin özündə belə respublikamızın cənub bölgəsində "harın olmaq" ifadəsi "harun olmaq" kimi işlədilir. "Fironluq etmək" ifadəsi fironların qudurğanlığından, azğınlığından xəbər verdiyi kimi "harın, yaxud harun olmaq" da Harun ər Rəşidin xalqın malını yeyib qudurmasından, azğınlığından, halal-haram bilməməsindən və zülmkarlığından xəbər verirdi.
O, Azərbaycanın böyük bir hissəsini arvadı Zibeydəyə, yerdə qalanını isə atasının halal malı kimi qızlarına peşkəş etmişdi. Marağada yerləşdirdiyi ərəb qarnizonu bir əlində od, digərində qılınc dövlətin səlahiyyətli qurumu kimi, yerli əhalini sıxışdırır, talayır, müxtəlif bəhanələrlə onları istədikləri kimi mühakimə edir, sərvətlərini, mal-mülklərini müsadirə yolu ilə əllərindən alırdı. Azərbaycanın sərvətləri hesabına Bağdad və digər ərəb şəhərləri abadlaşdırılır, Azərbaycan isə xarabazara çevrilirdı.

Xürrəmidlər

Harun ər Rəşidin arvadı və qızları Azərbaycanı heç vaxt görməmişdilər. Lakin müntəzəm olaraq pul, var-dövlət tələb edir, qarət etdikləri xalqın sərvətini cah-cəlallarına, dəbdəbəli gün-güzəranlarına, təm-təraqlı, təntənəli ziyafət məclislərinə, dəsgahlı zinət əşyalarına israf edirdilər. Onlar ömürlərini qəm-qüssədən uzaq, sevinc, fərəh içində keçirir, şad və xürrəm həyat sürürdülər.
Eyş-işrət içində yaşayan bu insanlar, vətəni işğal, xalqı talan edilən, yoxsulluq və qəm-qüssə içində yanıb-yaxılanların ağılarından, ahu-naləsindən, tükürpədici fəryadından qəlboxşayan mahnı, şən musiqi kimi zövq alır, onların azadlıq mübarizəsindən hiddətlənib, öz adlarını onlara qoydular: xürrəmid!
Haşiyə: Deyirlər var-dövlət insanı qudurdur, azğınlaşdırır. Əslində bu fikirlə birmənalı razılaşmaq olmaz. Tarixin təcrübəsi göstərir ki, ağlı, dünyagörüşü, əxlaqı, var-dövlətindən az olanın gözləri qaranır. O, qudurur, azğınlaşır, iblisə sığınır. Və əksinə, zəkası, əxlaqı sərvətindən çox olan insanın gözləri açılır, rəhmli və mərhəmətli olub, Allaha itaət edir.

***

Hüdudsuz hakimiyyət, var-dövlət, eyş-işrət Abbasilər sülaləsinin gözlərini qaraltdı. Onlar görə bilmədilər ki, vətəndaşlıq, iqtisadi, siyasi, milli-mənəvi azadlıqları qəsb olunmuş insanlar dağlara çalıb-oynamağa, fərəh və sevinclərini bölüşməyə, eyş-işrətlə məşğul olmağa, Harun ər Rəşidin çox sevdiyi ərəb göbək rəqsinə tamaşa etməyə yox, qəm-qüssələrini bölüşməyə, qəsb olunmuş azadlıqlarını, sevinc və fərəhlərini geri qaytarmaq uğrunda mücadilə, yadelli işğalçıların, xəlifələrin harınlığına müharibə elan etmək üçün çəkiliblər.
Ərəb tarixçilərinin "xürrəmidlər" adlandırdığı "babəkidlərin" milli azadlıq mücadiləsi belə bir tarixi-siyasi, mənəvi psixoloyi şəraitin məhsulu idi.

Babəkidlər

Babəkin bayrağı al qırmızı - qan rəngində idi. O, 1200 il bundan əvvəl başa düşmüşdü ki, azadlıq ağacı qanla suvarılmasa göyərməz. Ondan 1000 il sonra dahi alman filosofu Hegel yazmışdı: o xalq ki, azadlığı uğrunda ölməyə hazır deyil, kölə olmağa layiqdir.
Babək bir gün azad yaşamağı 40 il kölə olmaqdan üstün sayırdı. Onun bayrağının rəngi göstərirdi ki, babəkidlərin mücadiləsi Vətəninin, xalqının azadlığı uğrunda qan tökməyə, can verməyə hazır olanların mücadiləsidir. Azərbaycan xalqı 1200 il əvvəl olduğu kimi, bu gün də azadlığı uğrunda can verməyə, qan tökməyə hazır olduğunu ucadan qururla söyləyir:

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!

(Azərbaycan Resrublikasının Dövlət Himnindən)

***

Babəkin müharibələri möminlik və yaxud həqiqət yolu ilə gedən müsəlmanlara qarşı deyil, ərəblərin, harınlaşmış xəlifələrin və onların əlaltılarının zülmünə qarşı mübarizə, xalqın azadlığı uğrunda müharibə idi. Ərəb tarixçiləri anti Babək kitablarını yazarkən, özləri dərk etmədən, qeyri-iradi olaraq, dolayısı yolla bu fikri etiraf etmişlər.
IX əsr ərəb tarixçisi Əbu Məhəmməd Əhməd ibn Əcəm əl Kufi "Fəth kitabı"nda yazır ki, Afşinin döyüşçüləri Babəki tutarkən o, Səhlə "məni yəhudilərə quruşa satdın"- dedi. ("Fəth kitabı", "Elm" nəşriyyatı, Bakı, 1981, səh.76.)

***

Göründüyü kimi Babəkin savaşı dini xarakter daşısaydı Səhlə "məni yəhudilərə" yox, "müsəlmanlara satdın" deyərdi. Babək bilirmiş ki, yəhudilərlə ərəblər eyni tayfanın-sami tayfasının övladlarıdır. "Semitlər - Qabaq Asiyada, Şimali və Şərqi Afrikanın bir hissəsində yaşamış və yaşayan xalqlar qrupu-samilər (buraya... habelə müasir xalqlardan ərəblər, suriyalılar, yəhudilər və efiopiyalılar daxildirlər". (Azərbaycan dilinin izahlı lüğəti, Bakı, "Elm", 1987-ci il, səh. 44)
Babək "məni yəhudilərə satdın" deyəndə ərəb işğalçılarını nəzərdə tutması ehtimalı daha inandırıcıdır.
İkincisi, kitabın adı islamlaşmanı yox, istilanı - fəth etməyi ehtiva edir. Fatehlərlə, işğalçılarla, zalımlarla müharibə etməyi, Vətən, xalq, azadlıq uğrunda savaş aparmağı, Qurani-Kərim halal buyurub.
Antik Roma imperiyasından, xristian dünyasından fərqli olaraq islamın qanunları zülmü rədd edir. Hətta kölələrə qarşı yumşaq, mehriban rəftarı alqışlayır. Məhəmməd peyğəmbərin hədislərinin birində deyilir: qullar sizin qardaş - bacılarınızdır, onlar Allah tərəfindən hakimiyyətiniz altına göndərilən xidmətçilərinizdir. Özünüz yediyiniz, geyindiyiniz kimi, onları da yedirdib, geyindirin, qüvvələrindən artıq işlə yükləməyin. Heç vaxt "mənim köləm" ifadəsini dilinizə gətirməyin. "Mənim xidmətçim", "mənim uşağım" deyin.
İslam insanların maddi-mənəvi azadlığına dəyər verir, hətta köləni azadlığa buraxmağı yüksək insani keyfiyyət və savab iş hesab edir.

***

Haşiyə: Zənnimcə Vətən, xalq, millət, ata, ana insana Allahın töhfəsidir. Ona görə türklər deyirlər: "Öncə vətəndir!", "Vətən sağ olsun!" Din isə insanın şəxsi əqidə seçimidir. Allahın bəxş etdiyi töhfələri dəyişmək qeyri - mümkündür. İnsanın şəxsi seçimi isə öz haqqıdır. Hər il dünyada yüzlərlə xristian seçimini dəyişdirib müsəlmanlığı qəbul edir və ya əksinə. İnsan Allahın töhfəsini həyatı boyu, əqidəsini isə qəbul etdiyi andan göz bəbəyi kimi qorumağa borcludur. Çünki bu borcların hər ikisi müqəddəsdir. Onlar ürək və baş kimi biri digəri olmadan yaşaya bilməz. Ona görə də deyiblər: zatın danan haramzada, əqidəsini itirən imansızdır.

***

İndi isə çox önəmli bir suala aydınlıq gətirməyə çalışaq: Görəsən nə üçün xəlifələr və onların tarixçiləri Babəkin milli mücadiləsini dini savaş kimi qələmə verməyə çalışıbşlar?
Abdullah ibn Əsəd əl-Üafei kitabında, Babəkin son günlərini təsvir edərkən yazır: "Bəzz qalası ağır mühasirədən sonra alındı. Məhəmməd ibn Möhtəsim Babəkə aman kağızı göndərdi. O, xəlifəni söydü və kağızı cırıb atdı. Babək qüdrətli, tələbkar, inadlı bir adam idi". (Səid Nəfisi,"Babək," Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960, səh. 153)
Bu, Babəkin qatı düşməninin etirafıdır. Babək xəlifələrdən daha nəhəng qüdrətə, xalqa bağlı əzəmətə malik idi. Bu səbəbdən onlar şəxsi düşməni və qənimi olan Babəkə qalib gəlməyin mümkünsüzlüyünü başa düşüb, onu daha müqəddəs və yenilməz qüvvəyə - İslam dininə qarşı qoymaq məcburiyyətində qalıblar...

Saxtakarlıq


Ərəb tarixşünaslığında "xürrəmi" adlandırılan hərəkatın kökləri, səbəbləri, mahiyyəti haqqında səhih, həqiqətə uyğun məlumat axtarmaq Leninin əsərlərində buryuaziya haqqında obyektiv məlumat axtarmaq qədər absurddur. Çünki onların hər ikisinin fikirlərində iddia, qərəz, ideoloyi, siyasi, mənafe marağı var. Tarixi faktlar onlar üçün məqsəd deyil, vasitədir.
Deyirlər, faktlar çox tərs olur. Lakin bu, siyasətçilərə aid deyil. Çünki onlar faktlardan daha çox tərsdirlər. Faktları siyasi maraqlarına tabe etmədən onlardan əl çəkmirlər. Bu mümkün olmayanda onu saxtalaşdırmaqdan, ağalarının məqsəd və mənafelərinə uyğunlaşdırmaqdan belə çəkinmirlər.

* * *

Babək və babəkidlərin möhtəşəm hərəkatı demək olar ki, ilk dövrlərindən xəlifələrin və onların ruporu, yazıçısı, intişarçısı və yayıcısı olan səlnaməçilərin və tarixçilərin inhisarında olub. Tarixin ən böyük ədalətsizliyi odur ki, hakim məzlumun, qalib məğlubun, işğalçı əsarət altına aldığı xalqın tarixini yazıb, onlara istədiyi adı qoyub və istədiyi damğanı vurub. Qəbul olunmuş yazılmamış qanunlara görə qaliblər müzakirə və mühakimə olunmurlar.

Haşiyə:

Bu sahədə türk tarixi istisnadır. Türk hər zaman qələbəni təbii həyat tərzi sayıb və qəhrəmanlıq tarixini yaratmağı onu yazmaqdan, hesabını aparmaqdan, əbədiləşdirməkdən daha üstün tutub, "Qüdrət və zəfəri" babalarından qalmış müqəddəs miras hesab edib.
...Orta əsr türk tarixini məğlublar yazıblar. Bu da əsanın o biri tərəfi deməkdir. Ən ədalətli, müdrik məğlub belə qalibinin, ağasının tarixini yazmaqda sona qədər səmimi və obyektiv ola bilməz. O, sətiraltı olsa belə, ürəyinin dərinliklərindəki küdurətini bildirmək üçün gizli vasitələrdən və eyhamlardan istifadə edir. Necə ki, böyük Firdovsi qələbələrlə dolu möhtəşəm türk tarixini "Şahnamə" epopeyasında təsvir etməkdə səmimi və obyektiv ola bilmədi.
Ən obyektiv tarix hər xalqa müyəssər olmayan, xalqın özünün yazdığı tarixdir.
Elə isə tarixi həqiqəti harada axtarmaq lazımdır?
Fikrimcə həqiqəti, tarixi faktlara, yeni demokratik şəraitdə, azad, elmi-metodiki məntiqi yanaşma müstəvisində axtarmaq lazımdır.

***

Babək elə tarixi şəxsiyyətdir ki, IX əsr xilafət tarixi ondan yan keçə bilmir. Elə parlaq simadır ki, ona nə qədər eybəcər, çirkin, tünd rənglər yaxsalar da, parıltısını tam örtmək mümkün deyil.
Ərəb tarixçiləri babəkidlərin möhtəşəm mücadiləsinin əsil mahiyyətini gizlətmək, onu istədikləri rəngdə təqdim etmək üçün çox ziddiyətli versiyalar uydurublar və bunun sayəsində saysız-hesabsız hərəkatlara, ideya və təriqətlərə, bir o qədər də istədikləri adları qoyublar. Məhəmməd ibn Əbd əl Kərim əş Şəhristaninin "Dinlər və təriqətlər haqqında" kitabında aşağıdakı adlara rast gəlmək mümkündür: Məzdəkilər, manixeylər, xürrəmilər, xürrəmidlər, müxamiridlər, xurasamidlər, xürrəminidlər, kaysanidlər, rəvanidlər, xarisidlər, mazyaridlər, Babək əl xürrəmilər, babəkilər, babəkidlər və s. (I hissə, Moskva,"Elm", 1984, səh. 123).
Babək hərəkatının mahiyyəti bu adların hansını ehtiva edir? Sağlam məntiqə, elmi metodiki təhlilə inansaq: babəkidlər! Ərəblər isə babəkidləri "xürrəmidlər" adlandırıblar.
Birincisi, "xürrəmid" sözünü mənası əhli-keyf, şad-xürrəm, qəm-qüssədən uzaq, əyləncə, fərəh içində yaşamaqdır. Bu da, ərəb işğalçılarının özlərinin həyat tərzidir. İkincisi, bu sözün mahiyyətində hərəkata məsxərə, istehza elementləri açıq aydın görünür ki, bu da adın yad, qərəzli adamlar tərəfindən qoyulduğunu sübut edir. Üçüncüsü, keyf əhlinə hər cür iftira yapışdırmaq asandır.
Lakin onlar bir həqiqəti unudurdular: psixologiya elmi əyləncə axtaran əhli-keyf insanların ciddi işlərlə məşğul olub ali məqsədlər uğrunda ölüm-dirim çarpışmasına girişəcəyinə inanmır və bu fikri qəbul etmir.

***

Babək haqqında ən məşhur tarixçilərin, siyasətçilərin, böhtanları belə ziddiyyət və məntiqsizliklə doludur. Onlar Babəkə yaxmaq üçün əllərinə lazım olduğundan daha çox çirkab götürüblər; üstəlik ehtiyatsızlıq və arxayınçılıq üzündən Babəkdən daha çox özlərini çirkaba bulaşdırıblar.
Zəmanəsinin tanınmış, müdrik və mötəbər siyasətçisi sayılan Nizam əl Mülk də həmin çirkabdan yan keçə bilməyib. O, "Mərhəmətli Allahın adı ilə" başladığı məşhur "Siyasətnamə" əsərində yazır: "Bir gün xəlifə Möhtəsim içki məclisində üç dəfə qalxıb, ayrı-ayrı otaqlara keçdi və qayıdandan sonra şərab içdi; hamamda qüsl etdi və iki rükət namaz qıldı. Məclisə gəlib qazi Yəhyaya dedi:
- Əziz və uca Allahımın bu gün mənə bəxş etdiyi nemətə görə namaz qıldım. Bu üç saatda üç düşmənimin - xristian Rum hökmdarının, xürrəmi Babəkin və atəşpərəst Mazyarın qızlarının bakirəliyini aldım"

(SSRİ EA-nın nəşriyatı, Moskva-Leninqrad, 1949, səh.218)

Nizam əl Mülkün rəğbətlə qələmə aldığı hekayətdən belə çıxır ki, Mötəsim Allahla danışıb, xeyir-dua alandan sonra bu işi görüb. O, anlamayıb ki, insanın Allahla danışması təqdirəlayiqdir, bunun adı isə ibadətdir. Allahın insanla danışıb, bəd əməl üçün ona xeyir-dua verməsini söyləməyin adı dində Allahı əməlinə şərik etmək, küfr danışmaq, elmdə şizofreniyadır.
Belə ağlasığmaz əcayib hekayətdən təqdirəlayiq tərzdə soyuqqanlılıqla danışan məşhur siyasətçi, daha sonra xürrəmilərin adət-ənənələri, əqidə və əxlaqı barədə yazır: "Onlar halal-haram bilmir, başqalarının əmlakını və arvadlarını ictimai, ümumi hesab edir, insanın cisminə, bədəninə, vücuduna ağırlıq gətirən hər şeyi rədd edirlər.

***

Haşiyə: Göründüyü kimi Nizam əl Mülk də babəkidləri ləkələmək üçün ən rəzil saxtakarlıqdan belə çəkinməyib. Qadınları ictimailəşdirmək insanlarda ən çox qıcıq və nifrət oyadan məsələdir. Vaxtilə bu fikirdən sovet dövlətinə qarşı da istifadə edib, onu nüfuzdan salmağa çalışırdılar. Sovet İttifaqı dağılandan sonra İrandan və bəzi başqa ölkələrdən gələnlər Azərbaycan qadınlarının və kişilərinin əqidəsinin, namusunun, qeyrətınin, ailə və məişət əxlaqının müqəddəsliyinin şahidi olanda onun qarşısında baş əyib, onları aldadanları lənətləyirdilər. Qadınların ictimailəşdirilməsi, yeni doğulan qız uşaqlarının öldürülməsi və ya diri-diri torpağa basdırılması tarixən Azərbaycan xalqının əxlaqına hər zaman yad olub. Xalqımız bu rəzil fikirləri ağılına belə gətirməyib, onun mümkünlüyünü ilk dəfə ərəb tarixçilərindən və siyasətçilərindən eşidib.
O ki qaldı əmlakın ictimailəşdirilməsinə, babəkidlər hərəkatının sosial tərkibi haqqında zərrə qədər anlayışı olan hər kəs bunun ağ yalan olmasını dərhal başa düşər. Çünki bu hərəkatın başlıca hərəkətverici qüvvələrindən biri də mülkədarlar-feodallar olublar. Elə isə onlar özlərinin, torpaqlarının, mal-mülkünün ictimailəşdirilməsi uğrunda nə üçün mübarizə aparırdılar?!
Məncə əlavə izaha ehtiyac yoxdur. Siyasətçi öz əli ilə anlamadan, babəkidlərin əvəzinə özünü, xəlifə Möhtəsimi və şəriət hakimi qazi Yəhyanı çirkaba bulayıb.

Təriqətlər

Bütün möhtəşəm ideyalar və dinlər zaman keçdikcə, müəyyən qrup və təbəqələrin cari maraqlarına uyğunlaşdırılaraq müstəqil qol, cərəyan və ya təriqətə çevriliblər.
XI əsrin görkəmli ilahiyyatçısı Məhəmməd ibn Abd əl Kərim əş Şəhristani bu barədə yazır: "Maqlar yetmiş, iudeylər yetmiş bir, xristianlar yetmiş iki, müsəlmanlar yetmiş üç təriqətə bölünürlər."( Dinlər və təriqətlər haqqında kitab, I hissə, Şərq ədəbiyyatı baş redaksiyası, "Elm", Moskva, 1984, səh. 27). O, kitabında daha sonra Məhəmməd peyğəmbərə istinadən yazır: "Və peyğəmbər xəbər verib: mənim icmam yetmiş üç təriqətə bölünəcək". Məhəmməd peyğəmbərin vəfatından sonra, onun dedikləri çin oldu. İslam dini çoxlu təriqətlərə parçalandı və onların arasında hegemonluq uğrunda uzun müddət amansız mübarizə getdi, bu və ya digər şəkildə indiyə qədər davam etməkdədir.

***

Şərqdə əsrlərlə böyük təsir gücünə malik olan zərdüştçülük də zaman-zaman təriqətlərə parçalanıb, cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyini müdafiə edən ideyalara çevrilib, nəticədə hakim təbəqələrin qəzəbinə tuş gələrək təqibə məruz qalıb.
Təriqətlərin müxtəlif istiqamətli görünməsinə baxmayaraq, əsas ideyaları bir olub: dünyəvi proseslərin bünövrəsində "xeyirlə şərin", "işıqla zülmətin" mübarizəsi durur. Bu amal sosial ədalət, azadlıq və bərabərlik uğrunda, təbəqələrin mənafe uğrunda mübarizəsi, yoxsullarla varlıların mübarizəsi kimi təzahür edib. Beləliklə, onlar böyük fransız inqilabından 900 il əvvəl azadlıq və bərabərlik uğrunda mübarizə bayrağı altında tarixin səhnəsinə çıxıblar.

* * *

Ərəb tarixçiləri Babək hərəkatına "xürrəmi" adı qoymaqla, onu əsas ideyasından ayırıb, azadlığı keyf-damaq, eyş-işrət, əxlaqsızlıq, bərabərliyi başqalarının mal-mülkünü talayıb, haqlarını mənimsəmək uğrunda mübarizə kimi qələmə veriblər.
Təəssüf ki, onların on iki əsr əvvəl dövriyyəyə buraxdıqları bu saxta "sikkələrin" təmiz "sikkə" olmasına bu gün də inananlar tarılır.


İftira

Babəkin nəsil-nəcabəti haqqında tarixdə bir neçə məlumat var. Birincisi, "Babək möbidlər (kahin, alim) nəslindəndir".(Səid Nəfisi, "Babək", Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960, səh. 12.)
İkincisi, "Babək zəmanəsinin ən güclü pəhləvanı Əbu Müslüm Əbdürrəhman ibn Müslümün qızı Fatimənin oğludur. (həmin kitabda, səh. 159.)
Üçüncüsü, Səmani "Kitab-əl-əsnab" əsərində Babəkin tanınmış bir kişinin- Mərdəsin oğlu olduğunu iddia edir (həmin kitabda, səh. 159.) və s.
Lakin ərəb tarixçiləri bu məxəzlərə əhəmiyyət vermədən aşağıdakı iftiralarla dolu versiyanı dövriyyəyə buraxıblar:
Babəkin atası guya tuluqda yağ satan Abdullah, anası taygöz xürrəmi qadın olub. O, ata-anasından gizli Abdullahla yaşayıb. Günlərin birində müsəlman qadınlar bulaq başına gedəndə yolun kənarındakı qamışlıqda mahnı və gülüş səsləri eşidirlər. Maraqlananda taygöz qızı naməlum kişinin ağuşunda yaxalayırlar. Həmin naməlum kişi-Abdullah qaçıb canını qurtarır. Müsəlman qadınlar əxlaqsız, pozğun xürrəmi qızı məsxərəyə qoyaraq aşağılayır, saçlarından darta-darta kəndə gətirib rüsvay edirlər. Abdullah müsəlmanlar tərəfindən gələcək təqiblərdən qorxaraq, taygöz qızla rəsmi nikaha girir, ondan Abdullah və Həsən (Babək) adında iki oğlu dünyaya gəlir. Babək anadan olmazdan əvvəl yoldan keçənin biri Abdullahı vurub öldürür.
Bu rəvayət hansı məxəzdən götürülüb? Bizə məlum olanı budur ki, həmin məlumatı İshaq ibn-Əbu Yaqub ibn-əl Nədim Bağdadi Vaqid ibn-Ömər Təmimiyə istinadən "Kitab-əl-Fehrist" əsərinə köçürüb (Səid Nəfisi, Babək, səh. 158.). Görünür ərəb tarixçilərinin biri digəri üçün mötəbər məxəz sayılırmış...
Bəs, azərbaycanlılar üçün bu rəvayət mötəbər məxəz sayıla bilərmi? Əlbəttə yox!
Aydın məsələdir ki, Babəkin hərəkatına olan münasibət, onun əsil-nəcabətinə münasibətdən heç də fərqlənmir. Babək və babəkidləri bütün istiqamətlərdə aşağılamaq bir siyasət zəncirinin həlqələridir.

***

Tarixin gedişindən məlumdur ki, xalqı məhv etməyin ən etibarlı yolu onun liderlərini nüfuzdan salıb məhv etməkdən keçir. Lideri olmayan xalq başsız bədənə bənzəyir. Bu yerdə görkəmli filosof Dekartın dillər əzbəri olmuş "Düşünürəmsə, demək mövcudam, varam" ifadəsini xatırlamaq yerinə düşər. İşğalçılar yaxşı bilirdilər ki, düşünən başı olmayan xalq mövcud olmayan xalqdır. Ona görə də onlar hər hansı ölkəni işğal edərkən, birinci növbədə onun ruhunu istila etmək üçün demişlər: bu ölkədə başıpapaqlı bir nəfər də qalmamalıdır. Başıpapaqlı deyəndə şübhəsiz ki, düşünən başları, döyüşən ruhları və vuran qolları nəzərdə tutublar.

Babəkin kəndli dövləti

Xəlifə əl Məmunun ölümündən sonra onun qardaşı Məhəmməd əl Möhtəsim hakimiyyətə gəldi. O, hərbçi idi. Həyatı hərbi düşərgələrdə, döyüş meydanlarında keçdiyi üçün saray dəbdəbələrinə, eyş-işrətə yad ruhda tərbiyə olunmuşdu. İlk gündən dövlətin mülki işlərini vəzirlərin ixtiyarına buraxaraq, hərbi işlərlə şəxsən məşğul olmağa başladı.

***

Babək Bağdaddan Azərbaycana gələn bütün yolları bağlayıb və bununla da xilafətin taleyini təhlükə altında qoyub, Azərbaycanda müstəqil kəndli dövləti yaradaraq, 20 ilə yaxın hökmdarlıq edib.
İtaliya, hətta Polşadan böyük olan bu dövlətin 400 min kv. kilometr ərazisi, 200 min döyüşçüdən artıq ordusu vardı.
Babəkin qeyri-adi təşkilatçılıq qabiliyyəti, təbii sərkərdəlik istedadı bu böyüklükdə ölkəni idarə etməyə, ordunu döyüşə hazır vəziyyətdə saxlamağa imkan verirdi.
Azərbaycanda silah istehsalı inkişaf etməmişdi. Bu qədər qoşunu, hücum və müdafiə silahları, süvarilərlə təmin etmək son dərəcə böyük bacarıq tələb edirdi.
Babək təkcə Ərdəbili, Azərbaycanı yox, bütün İran ərazisini işğaldan, kəndliləri yadellilərin zülmündən xilas etmək niyyətində idi. (Görkəmli adamların həyatı, M.Tomara, "Babək", jurnal-qəzet birliyi, Moskva, 1936, səh. 109, 163-164)
Babəkin yaratdığı Azərbaycan kəndli dövləti, indiki dillə desək beynəlxalq qurumlar tərəfindən tanınmışdı. IX əsrdə dünyadakı iki nəhəng imreriyadan (xilafət və Bizans) biri- Bizans-Roma imreriyası onunla müttəfiqlik edirdi.

Türkün türkdən güclü rəqibi yoxdur!

Tomaranın yazdığına görə xilafətin taleyi üçün yaranmış bu böyük təhlükə Möhtəsimə rahat nəfəs almağa imkan vermirdi. Ona görə də, birinci nüvbədə xilafətin Babəklə 19 illik mücadiləsinin tarixini, onun qələbələrinin, xilafətin uğursuzluqlarının səbəblərini araşdıraraq qərara gəlir ki, buna səbəb orduda insan resurslarının yarıtmaz olmasıdır. Əvvəl ərəblərdən, daha sonra iranlılardan təşkil olunmuş orduların hər ikisinin döyüş qabiliyyətini yarıtmaz hesab edib qəti qərara gəlmişdi ki, ordunun tərkibi hər cür şəraitə dözümlü, etibarlı, döyüşkən türklərin hesabına dəyişilməlidir. Belə də etdi. Ərəblərdən və iranlılardan təşkil olunmuş ordunun üstündən xətt çəkdi və az vaxt ərzində türklərdən ibarət 70 minlik ordu yaratdı, ona hərb işində təcrübəli və istedadlı döyüşçü Heydər ibn Kaus əl Afşini sərkərdə təyin edib Azərbaycanı yenidən işğal etməyə göndərdi. Həmin ordu qısa vaxt ərzində Həmədana yaxınlaşdı.
Heç vaxt məğlubiyyətlə üzləşməyən Babək arxayınçılıqa yol verdi. Ona elə gəldi ki, əvvəlki illərdə olduğu kimi indi də ordunun döyüşçiləri ərəblərdən və ya iranlılardan ibarətdir.
Arxayınçılıq ehtiyatsızlığa gətirib çıxartdı. O, əvvəlki sınanmış döyüş taktikasına əhəmiyyət verməyərək, Həmədan yaxınlığında geniş və açıq düzəngahda döyüşə başladı. Beləliklə, 20 ilə yaxın qələbəli döyüşlərdən sonra ilk ağır məğlubiyyətin acısını daddı. Bu məğlubiyyət, demək olar ki, onun son böyik döyüşü oldu. Çünki ordusu tamamilə dağıdıldı və yeni böyük döyüşlər üçün qüvvəsi qalmadı. (Görkəmli adamların həyatı, M.Tomara, "Babək", jurnal-qəzet burliyi, Moskva, 1936, səj. 101, 106, 109).

Xəyanət

Babək dağlara qalxdı, erməni feodalı Aşotun nəvəsi, Sumbatın oğlu Səhlin əkib-becərdiyi torpaqlara gəlib çıxdı. O, mübarizəni davam etdirmək üçün müttəfiqi Rum imperiyasına getmək fikrində idi.
Səhl ibn Sumbat bu xəbəri eşitcək sevindı. Afşini məlumatlandırmaq üçün çapar göndərdı, özü isə Babəki qarşılamağa getdi. O, Babəki görcək diz çökdü, alnı torpağa toxunanadək baş əyib təzim etdi, Babəkin əllərindən və ayaqlarından öpüb dedi: Mənim ağam! Hara gedirsən? Mənim kimi etibarlı adam tapa bilməzsən. Qonağım ol, sonra nə etmək lazım olduğu aydınlaşar. Mən ki, sənin qulunam.
Babək onun səmimiliyinə inanmasa da, mövcud vəziyyəti və şəraiti nəzərə alıb, təklifini qəbul etdi. Afşinlə müntəzəm xəlvəti danışıq araran Səhl ibn Sumbat xəyanətin izini itirmək üçün Babəki evində yox, kənarda neytral ərazidə Afşinə təhvil verməyi planlaşdırdı. Elə də etdi. Babəki ova aparmaq bəhənəsilə dilə tutdu və onun olacağı yeri Afşinə nişan verdi. Babək ov zamanı birdən-birə 2 minə yaxın xilafət döyüşçüsünün peyda olmasını, Səhl ibn Sumbata toxunmadan onun üzərinə yeriməsini görcək, vəziyyəti anladı, üzünü Sumbatın oğlu Səhlə tutaraq ucadan nifrətlə dedi: Xəyanətkar, satqın! (Əl Kufi, "Fəth kitabı", VIII hissə, səh. 29."Elm" nəşiriyyatı, Bakı, 1981, səh. 16.)
Həmin hadisəni tanınmış tədqiqatçı M.Tomara, "Görkəmli adamların həyatı" seriyasında yazdığı "Babək" adlı kitabında (jurnal-qəzet birliyi, Moskva, 1936, səh.148.) "Xəyanət" başlığı altında xüsusi fəsldə daha geniş təsvir edib.

Qətl

Babəkin qətli haqqında ərəb tarixçiləri belə yazırlar: qətl günü cəlladlar onu Möhtəsimin hüzuruna aparanda gözünü qırpmadı, rəngi qaçmadı. Möhtəsimin əmri ilə əli kəsiləndə ondan soruşdular: "Öldürürdün, ölmək asandırmı?!" O, cavab verdi: -azadlıq uğrunda "ölmək nə qədər də asandır!"
Nizam əl Mülk Babəkin qətli haqqında belə deyir: O, Möhtəsimin suallarına cavab vermədi. Möhtəsim onun əllərinin və ayaqlarının kəsilməsini əmr etdi. Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb, üzünə sürtdü və üz-gözünü qızartdı.
Möhtəsim onu söydü və dedi:- Nə üçün belə etdin? Cavab verdi" üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman, üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb. (Nizam əl Mülk, "Siyasətnamə", SSRİ EA-nın nəşiriyyatı, Moskva-Leninqrad, 1949, səh. 227.)
Bundan sonra Möhtəsim deyib ki, Babək çox zirək, möhkəm iradəli və müharibə işlərində misilsiz şəxs idi. İnadkar, təhlükəli adam olmasaydı onu əhv edib, xidmətlərindən faydalanmaq olardı.
Babəkin 20 ilə yaxın zəfər dolu həyatı haqqında son dərəcə cüzi və yanlış məlumatlar verən ərəb tarixçiləri Həmədan yaxınlığındakı məğlubiyyətindən onun qətlinədək qısa müddətdəki uğursuzluq və məğlubiyyətləri haqqında fərəhlə cild-cild kitablar yazıblar. Halbuki deyilənə görə Babək xilafətin işbalçı ordusunu 14 böyük döyüşdə darmadabın edərək qaçmağa məcbur etmişdi.

Xilafətin - xalqların hamisi

Babəki məğlub edən türklərdən ibarət ordu xilafətdə ozünə məxsus xüsusi mövqe qazandı. X əsrdə qəznəvilər xilafətdə həlledici qüvvəyə çevrilməyə başladılar. Toğrul özünü Sultan, sultanlığı sünniliyin hamisi elan edib xilafəti təriqətlərin yaratdığı təhlükələrdən qorumağı öhdəsinə götürdü. Alp-Arslan və oğlu Məlik şah imreriyanı daha da möhkəmləndirib, genişləndirdi. Daha sonra oğuzlar digər türk tayfalarının köməyi ilə 1281-ci ildə nəhəng və möhtəşəm Osmanlı imreriyasını yaratdı. Görkəmli ingilis alimi və tədqiqatçısı K.E.Bosfort "Müsəlman sülalələri" kitabında yazır: XVI əsrdə Osmanlı imperiyası öz qüdrətinin zirvəsinə yüksəldi. Onlar həmişə olduğu kimi həmin dövrdə də imperiyanın ərazisində millətlərə-dini və etnik azlıqlara dözümlü və tolerant münasibəti daha da möhkəmləndirdilər. Məhz o zaman xristian Avropasının təqiblərinə məruz qalan yəhudi xalqı imperiya ərazisində etibarlı və təhlükəsiz sığınacaq tapdı. (SSRİ EA, Moskva, 1969, səh.188)
Osmanlı imperiyası 1924-ci ilədək - 642 il xilafəti idarə etdi, bütövlükdə islam dinini yadellilərin təcavüzündən qorudu, nəzarətində olan ölkələrin xalqlarının dini-əqidə azadlığına rəvac verib himayəsi altına aldı və xilafəti dünyada yenilməz qüvvəyə çevirdi.

Anam mənim, Azərbaycan!

Babək hərəkatı elə möhtəşəm və əzəmətli idi ki, bu günə kimi də xatirələrdən silinməyib. Onun taleyi və tarixi xalqımızın taleyi və tarixidir. İndinin özündə belə Babək və babəkidlərə hörmət, məhəbbətlə yanaşı, nifrət və ədavət də yaşayır. Lakin heç bir qüvvə Babəkə Azərbaycanda ümumxalq sevgisini azalda bilməyib və biləməyəcək də!
Bu gün azərbaycanlılar azadlıq, bütövlük, bərabərlik uğrunda mücadilə andı içmək üçün Bəzz (Babək) qalasına üz tuturlar. Onlar orada arzularının təcəssümü olan ulu Babəkin müqəddəs ruhunu ziyarət edir, ondan güc və qüvvət alırlar.
Babək qalası elə uca zirvədir ki, oradan bütöv Azərbaycanı görmək mümkündür.
Azərbaycan xalqı tarix boyu bu amal uğrunda vuruşmuş, əsarətdən, parçalanmaqdan xilas olmaq üçün ən igid övladlarını qurban verib, 40 il kölə olmaqdansa bir gün azad yaşamaq ideyası uğrunda qeyri-bərabər qüvvələrlə çarpışıb.
Fərəhli və kədərli taledir!
Bu kədərdən, qəm-qüssədən xilas olub Babəkin cəngavər ruhuna qovuşmaq üçün ömür-gün sirdaşım Gülüş xanımın sözün həqiqi mənasında səmimi, ana-bala söhbətini xatırladan "Azərbaycan" şerinin titrək misralarından təsəlli tapıram.

Dinlə məni, Ana Vətən,
Laylay deyim dərdlərinə.
Zaman-zaman sızıldayan,
Heç bitməyən sitəminə.

Canın gedir, malın gedir,
Axan qanın durmur sənin.
Kəsilib hər yanın gedir,
Param-parçadır bədənin.

Acı-acı gülən anam,
Gözlərində yaş görürəm,
Kim baş qoydu, kimdi qalan,
Ruhunu çaş-baş görürəm.

Nədən möhnət səni əzsin,
Sən ki odsan, zər-azərsən.
Satan bilsin, alan bilsin,
Boğazlarda yanacaqsan!

Yerə-göyə sığışmayan,
Kədərinə canım qurban.
Küllər altda qoru yanan
Odlar yurdum Azərbaycan!
Anam mənim, Azərbaycan!

P.S. Babək və babəkidlər tarixdə heç bir şəxsiyyət və hərəkatla müqayisəyə gəlmirlər. Qullar hərəkatının rəhbəri Spartak, Roma imperiyasından qaçıb köləlikdən, Tomas Muyuntserin başçılığı ilə Almaniyadakı kəndli hərəkatı təhkimçilikdən azad olmaq uğrunda mübarizə aparırdı. Rusiyada Stepan Razin və Yemelyan Puqaçovun başçılıq etdiyi kazak hərəkatının mahiyyətində quldurluq və qarətçilik dururdu. Onların mücadiləsi çox qısa tarixi müddəti və kiçik coğrafi ərazini əhatə etmişdir. Babəkin sərkərdəlik istedadı, yenilməz iradəsi, igidliyi və şücaəti isə karfagenli Hannibalı xatırladır.

***

Tarixdə Babəkin məğlub edilməsi üçün verilən ənam heç bir igidin, sərkərdənin, hətta hökmdarın məğlub edilməsi üçün verilən mükafat qədər olmayıb.
Əcəm əl Kufinin yazdığına görə Möhtəsim Babəkin tutulmasına bais olan Aşotun nəvəsi Səhlə bir milyon dirhəm, qiymətli daş-qaşla bəzədilmiş kəmər, oğluna 100 min dirhəm verib.
Afşinə isə hədiyyələrdən əlavə ata mindiyi hər gün üçün 10 min, minmədiyi gün üçün 5 min dirhəm mükafat vermiş, başını tacla bəzəmiş, şahanə geyindirib-keçindirmiş, üstünə küllü miqdarda birilliant səpmişdir.
Xatırladım ki, Afşin Babəklə iki il, beş ay və bir neçə gün döyüşüb. (Fəth kitabı, "Elm", Bakı, 1981, səh.78.)

***

Babək ömrünün tən yarısını - 21 ilini (816-837) Vətəninin işğaldan təmizlənməsi, xalqının azadlığı, insanların bərabərliyi uğrunda mübarizəyə həsr etmişdir. Onun yaratdığı Azərbaycan kəndli dövləti, möhtəşəm Roma imperiyası tərəfindən tanınmışdı.
Babək Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ilk bayraqdarı, müstəqil, bütöv Azərbaycan dövlətinin ilk lideri və şəhididir.
Onun şəxsiyyəti Savalan qədər əzəmətli və uca, qəlbi ana Kür kimi mehriban və çıltın, arzuları bütöv və müstəqil Azərbaycan boyda geniş və müqəddəs idi.