BŞİH-dən siyahı açıqlaması Hadisə

BŞİH-dən siyahı açıqlaması

"Mitinq və görüşlərin keçirilməsi üçün üçün ayrılan yerlərin siyahısında dəyişiklik yoxdur"

"Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il 11 sentyabr tarixində mitinq və görüşlərin keçirilməsi üçün ayırdığı yerlərin siyahısında hər hansı bir rəsmi dəyişiklik yoxdur".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.
Zərurət yaranacağı təqdirdə, siyahıda dəyişikliyin ola biləcəyini istisna etməyən Z.Ramazanov 2015-ci ildə mitinq keçirilməsi üçün BŞİH-ə müraciət olunmadığını da bildirib.
Qeyd edək ki, BŞİH-in 2013-cü ilin 11 sentyabrında mitinqlərin keçirilməsi üçün Bakının 12 rayonunda ayırdığı yerlərin siyahısı belə idi: Binəqədi rayonu - Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış məntəqəsindəki boş sahə; Xətai rayonu - Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz ərazidəki meydança; Xəzər rayonu - Türkan qəsəbə parkının yanındakı meydan; Qaradağ rayonu - Sahil qəsəbəsi tonponaj idarəsinin qarşısındakı boş meydança; Nərimanov rayonu - "Ulduz" metrostansiyasının qarşısındakı meydan; Nizami rayonu - 8 km yaşayış sahəsi ərazisindəki idman meydançası; Nəsimi rayonu - 1-ci mikrorayon ərazisində yerləşən parkdakı meydança; Sabunçu rayonu - Bakıxanov qəsəbəsində yerləşən "Azneftgeofizika" Trestinin qarşısındakı idman meydançası; Səbail rayonu - 20-ci yaşayış sahəsi, sürücülük məktəbinin həyətindəki meydança; Suraxanı rayonu - Hövsan qəsəbəsi Mədəniyyət evinin qarşısındakı meydança; Yasamal rayonu - Yasamal Rayon Idman-Sağlamlıq Mərkəzinin ərazisi, Pirallahı rayonu - Pirallahı qəsəbəsi ərazisindəki boş meydança.