General Kərim Kərimov Hadisə

General Kərim Kərimov

Sovet kosmonavtikasının bir çox layihələri onun adı ilə bağlıdır

Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür etmək çox çətindir. 50 il ərzində sovet kosmik aparatlarının və raket texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu sahənin pionerlərindən hesab olunur. Kərim Kərimov 1917-ci il noyabrın 14-də Bakıda neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. Atası Sankt-Peterburq Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb və Bakıdakı elitar gimnaziyanın məzunu Sürəyya xanımla ailə qurub. Yüksək ixtisaslı neftçi-mühəndis olan Abbasəli tezliklə öz karyerasında irəliləyib. Ailədə 3 oğlan uşağı doğulub - Kərim, Süleyman və Mustafa. Lakin tezliklə bədbəxtlik baş verib. 1925-ci ildə Sürəyya xanım qəfil xəstəlik keçirib və tez bir vaxtda dünyasını dəyişib. Abbasəli ikinci dəfə evlənməyib və uşaqların tərbiyəsi ilə məşğul olub. Ona bu işdə mərhum xanımının valideynləri də kömək ediblər. Kərim 4-cü sinifdə oxuyarkən o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna qəbul olunur. Oxumaqla yanaşı, K.Kərimov ailəsini dolandırmaq üçün həm də işləyirdi. Birinci kursda ailə qurmuş, 1937-ci ildə doğulmuş qızına mərhum anası Sürəyyanın adını qoymuşdu. Sonra isə...
Uzun illər K.Kərimovun başı üzərində qalın məxfilik pərdəsi asılıb... Müharibə başlayan zaman bir çoxları kimi o da ön cəbhəyə can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar. O dövr üçün K.Kərimovun seçdiyi ixtisas olduqca nadir və qapalı idi. 1941-ci ildə kiçik qardaşı, müharibəyə könüllü yollanmış Süleyman həlak olub. Digər qardaşı Mustafa isə döyüş yollarında itkin düşüb.
1942-ci ildə ali məktəbi bitirən K.Kərimov döyüşən orduya yox, artilleriya akademiyasına göndərilir. O, sonuncu kursa qəbul olunur. Bir il sonra akademiyanın rəhbərliyi kursantların təhsil müddətini bir il uzadır. 1943-cü ildə K.Kərimov minaların istehsalı üzrə diplom işini "əla" qiymətlərlə müdafiə edir.Və texnik-leytenant rütbəsində Baş İdarənin sərəncamına göndərilir. Məhz burada müharibənin taleyini həll etmiş məşhur "katyuşa"lar istehsal olunurdu. Qeyd olunmalıdır ki, "katyuşa" istehsalı heç də asan başa gəlməmişdi. "Katyuşa"ların vaxtından əvvəl partlayışlar törətməsi onun kütləvi istehsalına başlanmasına imkan vermirdi. Bu problemin həlli çoxlu qurbanlar hesabına başa gəlmişdi. Lakin Kərim Kərimov və onun əməkdaşlarının gərgin əməyi nəticəsində bu problem həll olunmuş, almanların Şərqə doğru irəliləməsinin qarşısı alınmışdı. Bir fakt da qeyd olunmalıdır ki, "katyuşa" istehsalına Lavrenti Beriyanın idarəsi nəzarət edirdi. K.Kərimovun bu sahədə xidmətləri onunla nəticələnmişdi ki, müharibə qurtaran kimi onun növbədənkənar hərbi rütbəsi artırılmış və "Qızıl ulduz" ordeni ilə təltif olunmuşdu. Bundan əlavə, sovet hərb sənayesi üçün perspektiv vəd edən K.Kərimov müharibədən dərhal sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatına göndərilmişdi. Onun bioqrafiyasında əsaslı dönüşün başlanğıcı 1946-cı ildə qoyulub.
Belə ki, həmin ildə Kərim Kərimov Almaniyanın Nordhauzen şəhərinə ezamiyyətə göndərildi. Orada dağlarda yaradılmış sexlərdə məşhur FAU raketləri hazırlanırdı. Amma sovet həmkarlarından əvvəl artıq amerikalılar özlərini Reyxin bu "intellektual mülkiyyət"inə yetirmiş, ən qiymətli işləri oradan götürmüşdülər. Belə qurğuların ən məşhur istehsalçısı olan Verner fon Braun da amerikalılar tərəfindən "götürülmüşdü" və 15 il sonra o, Amerika astronavtikasının banisinə çevrilmişdi.
Beləliklə, sovet raketçiləri amerikalılardan qalanları zərrə-zərrə toplamalı olmuşdular. Bu mənada Penemyunde İnstitutunun texniki şöbəsinin rəhbəri fon Qryotrubun işə cəlb olunmasını böyük nailiyyət saymaq mümkündür.
Kərimov sonralar bu özündən razı almanın və xanımının öz davranışları ilə sovet mütəxəssislərinin, çalışqan insanları necə mat qoymalarından gülərək danışırdı. Onlara ayrıca bağ evi ayrılıbmış. Üstəlik, Qryotrub öz inəyinin də SSRİ-yə gətirilməsini tələb edir, o, inəyin südündən başqa heç bir südü içmədiyini deyirmiş.
Lakin Almaniyanın hərbi arsenalında olan raket texnikasını tədqiq etmək üçün xüsusi vasitələr tələb olunurdu. Məhz bu məqamda Kərim Kərimovun uşaqlıqdan maraq göstərdiyi sahə - radiotexnika köməyə gəldi. Heç 30 yaşı belə tamam olmayan, lakin SSRİ Müdafiə Nazirliyinin ən məsuliyyətli şöbələrindən birinin rəisi olan K.Kərimov tabeliyində olan mütəxəssislərlə birlikdə o zaman üçün unikal radioteleölçü - "Don" sistemini yaradır. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyyətlə xidmət edir. K.Kərimovun zəhməti sovet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, o, 1950-ci ildə Stalin mükafatına layiq görülüb. 1960-cı ilin sentyabrında K.Kərimov Raket Qoşunları Baş İdarəsinin rəisi təyin olunub. 60-cı illərin ortalarına kimi o, qitələrarası ballistik raketlərin yaradılması üzərində isləyir, günlərlə vaxtını strateji təyinatlı raketlərin sınaq poliqonunda keçirirdi. Tezliklə general K.Kərimov strateji təyinatlı raket qüvvələrində ən aparıcı fiqura çevrilib. General "Zenit" kəşfiyyat peyklərinin buraxılmasına şəxsən nəzarət edib. "Zenit" raket-kosmik kompleksinin tətbiqinə görə K.Kərimov Lenin mükafatına layiq görülüb. Daha sonra ona kosmos sahəsində işləməyi təklif edirlər. "Bu təkliflə az qala xətrimə dəydilər. Yüksək məxfi qitələrarası raketlərlə məşğul olurdum və birdən mənə tanış olmayan kosmos barədə təklif aldım"-deyə general sonralar xatırlayır. Lakin bir qədər sonra K.Kərimov kosmosun fəthində ilk pionerlərdən biri olmasına görə taleyinə minnətdarlıq edir. 1964-cü ildə yenicə yaradılmış kosmik vasitələrin Mərkəzi İdarəsinə, 1965-ci ildən isə raket və kosmik texnikanın yaradılması ilə məşğul olan SSRİ Maşınqayırma Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib. Bu vəzifədə fəaliyyətini davam etdirməklə yanaşı, K.Kərimov pilotlu uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri təyin olunub və bu vəzifədə fasiləsiz olaraq tam 25 il çalışıb. 1975-ci ildə "Soyuz-Apollon" Sovet-Amerika birgə gəmisinin uçuşunu hazırlayıb. 1979-cu ildə pilotlu orbital stansiyanın uğurlu uçuşlarını təşkil etdiyinə görə dövlət mükafatı alıb, 1987-ci ildə "Mir" çoxmodullu orbital stansiyanın yaradılmasına görə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib. 1991-ci ildə 74 yaşında K.Kərimov istefaya çıxıb, lakin son günlərinə qədər uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının elmi məsləhətçisi işləyib. K.Kərimovun fəaliyyətində planetlərarası stansiyalar, Mars, Venera və kometaların öyrənilməsi kimi xüsusi layihələr də var. Bütün bunlar sovet kosmonavtikasının 50 illik tarixini əks etdirir və bütün bu layihələr Kərim Kərimovla sıx bağlıdır.
K.Kərimov həmişə deyirdi ki, iş prosesində yol verilən ən cüzi nöqsan, kiçik yanlışlıq bütünlükdə layihəni məhv edə, yüzlərlə, minlərlə mütəxəssisin zəhmətini puça döndərə, ən başlıcası isə insan həyatı bahasına başa gələ bilər. O, kosmonavtları şəxsən yola salır, onların təhlükəsizliyi ilə bağlı da hər zaman böyük məsuliyyət hiss edirdi.
Kərim Kərimov ilk kosmonavtın kosmosa uçmasına məsuliyyət daşıyanlardan biri idi. Xatirələrində, müsahibələrində həmin günü belə xatırlayır: "Yuri Qaqarin həyat vəsiqəsi verməli olduğum bir insan idi. O zaman mən "Şərq" gəmilərini hazırlayan sifariş idarəsinin müdiri idim. Bizim hərbi qəbulumuz bu gəmilərin bütün detallarını qəbul edirdi, istehsal texnologiyalarına texniki nəzarət şöbəsində baxılırdı. Sonda biz göyərtəsində insan olan gəmini kosmosa yollamaq barədə qərar qəbul etdik. Bu böyük məsuliyyət tələb edirdi. Əgər "Şərq" gəmisi kosmosa insan göndərilməsi üçün nəzərdə tutulmuşdusa, gəminin uçmalı olduğu qurğu döyüş raketi idi. Qitələrarası R-7 raketi insanın kosmosa göndərilməsi üçün nəzərdə tutulmamışdı. Bu səbəbdən həm Amerikada, həm də Rusiyada bu işlər məxfiləşdirilmişdi. Məsələn, kosmosa kimin uçacağını və ya kimin uçuşa hazırlandığını bilmirdik. Bunu təkcə Sergey Pavloviç Korolyev bilirdi. Moskvada, "Dinamo" stadionunun yaxınlığında institut var. Burada qırıcı sürən pilotlar məşq edirdi. Orada insanlar bir neçə ay hazırlaşırdılar. Mən - gəmini qəbul edən idarənin rəisi bu insanları tanımırdım. Onlar məndən gizlədilirdi. Və yalnız biz gəmini kosmodromda artıq hazırlayan zaman yanımıza 6 eyni boylu, eyni bədən quruluşlu, yay formasında, baş leytenant rütbəli 6 adam gəldi. Orada Qaqarin, Popoviç, Titov, Bıkovski var idi. General 6 nəfərdən ikisinin seçildiyini bildirdi. Onların sırasında Qaqarin və Titov uçmalı oldu. Hamı Korolyevin otağına toplaşmışdı və onun nə deyəcəyini gözləyirdi. O bildirdi: Siz ön briqadadan geridə qalan briqadaya keçən və onu birinci yerə çıxaran Qaqanovanı tanıyırsınız. Ona Sosialist Əməyi Qəhrəmanı titulunu verdilər. Bütün dünya bu familiyanı tanıyır: Qaqanova. Lakin sabah kosmosa Qaqarin uçacaq və hamı onu tanıyacaq. Bəs Titov? Çünki German... hamı razılaşdı. Növbəti gün dövlət komissiyası Qaqarini uçuşa təsdiqlədi, Titovu isə ehtiyatda saxladılar. Mən 12 aprel tarixinin səhərini yaxşı xatırlayıram. Kosmodromda idik. Səhər saat 8-də biz start mövqeyinə toplaşdıq. Dövlət komissiyasına müdafiə naziri Rudnev Konstantin Nikolayeviç rəhbərlik edirdi, biz isə onun üzvləri idik. Son komissiya keçirildi, hamı uçuşun lehinə fikir söylədi. Raketlərə yanacaq doldurulmağa başlandı. Bu, hardasa 4 saat vaxt aparır. Gərginlik isə əlbəttə ki, hər dəqiqə artırdı. Kosmonavtları gətirəcək avtobusu gözləyirdik. 2 saatdan sonra avtobus gəldi. Qaqarin bizə yaxınlaşaraq uçuşa hazır olduğunu bildirdi. Rudnev və Korolyev onu qucaqladılar, öpdülər, liftə saldılar və raketə yolladılar. Qaqarin uçanda " getdik" dedi və getdi. Biz bir-birimizi təbrik etmədik. Lakin Korolyevin üzündə təbəssüm var idi. O, təbrik qəbul etmirdi, çünki hələ işi tam qurtarmamışdıq, hələ gəminin mühərriki işə salınmamışdı. Və biz komanda məntəqəsinə getdik və oradan izləməyə başladıq. 45 dəqiqədən sonra bizə məlumat gəldi ki, trasda dayanan gəmilər uçuşun normal getdiyi barədə məlumat alıblar. Bir müddət keçdikdən sonra əyləc mühərrikinin işə düşməsi barədə məlumat gəldi. Bu bizim üçün böyük sevinc idi: deməli o qayıdacaq..."

Ülviyyə Tahirqızı