Türkiyənin döyəcəyi qapı... Hadisə

Türkiyənin döyəcəyi qapı...

Arzu Şirinova

İllərdir Türkiyə Avropa Birliyinə daxil olmaq arzusunu gerçəkləşdirə bilmir. Səbəbi də çox bəsiddir-Avropanın aparıcı dövlətləri-Fransa və Almaniya bu arzuya qarşıdırlar. Çox gözəl anlayırlar ki, Türkiyənin bu birlikdə olması qardaş ölkənin daha da güclənməsi, onların isə Türkiyə ilə bir çox məsələlərdə hesablaşması deməkdir. Bu baxımdan da hər dəfə bu məsələ-Türkiyənin Avropa Birliyinə daxil olması-gündəmə gələndə əsasən bu ölkələr sinələrini cırırlar və Türkiyənin öhdəliklərini yada salırlar-PKK lideri Abdulla Öcəlanın istəklərinə yaşıl işıq yandırmaq( artıq bu işıq yandırılıb, yəni razılaşmaya görə, PKK ilə atəşkəs bağlanıb, Öcəlanın əmrinə əsasən silahlı birləşmələr ya silahları təhvil verərək təslim olublar, ya da İraqa doğru çəkiliblər. Əvəzinədə də təslim olanlar Türkiyə hökumətinin əfvi ilə mükafatlandırılıblar),Ermənistanla sərhədləri açmaq və s. Ermənistanla sərhədlərin açılmasını Türkiyəyə səfərə gələn Poma Papası istəsə də belə, AKP hakimiyyətinin belə bir niyyəti yoxdur. Düzdür bu niyyət də AKP hakimiyyətinin içindən gələn bir niyyət deyil. Bu niyyət və həm də tələb Türkiyə türklərinindir ki, bu gün prezident kürsüsündə oturan Rəcəb Tayyib Ərdoğan bilir ki, buna qarşı çıxmaq Azərbaycanla münasibətləri pisləşdirmək, Türkiyədə nüfuzunu itirmək və hətta hakimiyyətini itirmək deməkdir.
Türkiyənin Avropa Birliyinə qəbul olmasıyla bağlı danışıqlar 2005-ci ildən başlanıb. Yəni 10 ildir aparılan danışıqların heç bir nəticə vermədiyini görən Türkiyə prezidenti Rəcəb Tayyip Erdogan bildirib ki, onun ölkəsi Avropa Birliyinə daxil olmaq marağını itirib.
Mətbuat konfransında o bəyan edib ki, əgər Avropa Birliyi Türkiyəni öz üzvü kimi görməyə razılaşsa, Türkiyə "yox" deməyəcək: "Amma əgər siz hələ də Türkiyənin Avropa Birliyinin qapısını döydüyünü düşünürsünüzsə, bu belə deyil. Türkiyə heç kimə yalvarmaq fikrində deyil. Əgər qəbul etməsələr, biz özümüzə başqa yol seçərik". Erdogan onu da deyib ki, Türkiyə hazırda Avropa Birliyinin dəyərlərini götür-qoy edir. Aydınlaşdırmaq istəyir ki, Avropa Birliyi demokratik sistemdir, yoxsa xristian klubu. Xatırladım ki, ötən ilin dekabrın ortalarında Erdogan Avropa Birliyini sərt tənqid etmişdi. O zaman "anti milli qüvvələr"lə əlaqədə şübhəli bilinən 20-dək şəxsin, o cümlədən jurnalistin həbsini pisləyən Avropa Birliyini tənqid edən prezident demişdi ki, heç kəs Türkiyəyə demokratiya dərsi keçməməlidir:"Türkiyə özü avropalılara demokratiya dərsi keçməyə qadirdir". Əslində Ərdoğan Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Türrkiyəyə qarşı sərt bəyanat səsləndirdiyi zaman bu cür mövqe sərgiləməliydi. Çünki Sarkozi deyirdi:""Türkiyənin Avropa Birliyinə üzv olmaq istəyi Fransa üçün "lənətdir". Amma Şərqlə əməkdaşlıq tamamilə mümkündür". O vaxtlar türkiyəli siyasilər haqlı olaraq bildiridilər ki, " Türkiyə özəlliklə Atatürkdən sonra öz quruluş çərçivəsindən, ideallarından uzaqlaşmağa başlayıb. Və müharibədən sonra NATO-ya girməklə bərabər öz siyasətindən kənarlaşdı. NATO siyasəti Türkiyəni Amerika-Avropa ittifaqına doğru sürüklədi. O zaman Türkiyənin Sovet İttifaqından özünü qorumaq üçün belə bir siyasət yürütməsinin vacibliyi vurğulanırdı. İndi isə Sovetlər Birliyi dağılıb və Türkiyənin kommunizim təhlükəsi artıq yoxdur. İndiki təhlükə qloballaşma adı altında yeni bir imperialist siyasətdir. Bu siyasət milli dövlətləri dağıtmağa çalışır. Yuqoslaviyanı necə dağıtdılarsa, Türkiyəni də həmin duruma salmaq istəyirlər. Avropa birliyinə girmək fikri də məqsədli olaraq Türkiyəni parçalamaq üçün ortaya atılıb. Türk xalqı bunun fərqindədir. Təəssüf ki, uzun zamandan bəri heç bir yüksək rəsmi qurumda, heç bir məclisdə qərar almadan Avropa Birliyi siyasətinin dövlət siyasəti olduğu elan olundu. Sanki bu bir Allahın əmriymiş kimi bir ifadə tərzi içərisində hər şeyi Avropa Birliyinin istəyinə uyğun şəkildə həll etmək istəyirlər. Bu arada Türkiyənin təməlini, əsas prinsiplərini pozmağa da təşəbbüs göstərirlər. Bu gün artıq Türkiyə böyük təhlükə ilə üz-üzə dayanıb. Artıq türk millətini 75 faizi Avrlopa Birliyinə qarşıdır. Çünki görünən kəndə bələdçi lazım deyil. Avropa Birliyinin Türkiyədə nə etmək istədiyi açıq şəkildə ortadadır. Avropa Birliyi Türkiyə üçün PKK-dan daha çox təhlükəlidir. PKK-nın əlində Amerikanın silahları var və bunu özləri də etiraf etdilər. Bir sözlə, bunlar "dovşana qaç tazıya tut" deyirlər. Baxın, Türkiyənin bölünməsi, zəifləməsi məsələsində Amerika, Avropa Birliyi və PKK fikir birliyini içindədirlər. Bu baxımdan da bölücülük Amerika və Avropa Birliyindən gəlir, PKK isə maşa rolunu oynayır". Türkiyə Avropa Birliyinin qapısını döyməkdən vaz keçibsə, o zaman döyəcəyi qapı kimin olacaq?