“Azərbaycan qadınlarının böyük bir qismi erməni işğalından əziyyət çəkir” Hadisə

“Azərbaycan qadınlarının böyük bir qismi erməni işğalından əziyyət çəkir”

Gövhər Baxşəliyeva Müsəlman Qadın Parlamentarilərinin IV Forumunda çıxış edib

"Azərbaycan qadınlarının böyük bir qismi 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və qaçqın, köçkün vəziyyətində yaşayır".
Bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin IV Forumunda deyib.
Gövhər Baxşəliyeva Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən ailə, qadın və uşaq siyasətindən, qadın hüquqlarından, ölkəmizdə qadınların inkişafı üçün yaradılmış hərtərəfli şəraitdən bəhs edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqına gətirdiyi bəlalardan bəhs edən millət vəkili, BMT-nin məlum qətnamələrinin və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğalı ilə bağlı qərarlarının icra olunmadığını təəssüflə qeyd edib: "Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçib və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir".
G.Baxşəliyeva, Azərbaycanın demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb.
Deputat, Azərbaycanın ölkəmizin multikulturalizmlə bağlı təcrübəsini vurğulayıb: "Beynəlxalq münasibətlərdə ikili standartların mövcuddur. Hazırda bu heç kimə xeyir gətirmir".
Forumun sonunda qətnamə qəbul edilib.

Cəmil