Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib Hadisə

Səlim Müslümov 4 rayon və şəhər üzrə vətəndaşları qəbul edib

Tərlan

Növbədə olan müharibə əlilləri və şəhid ailələrini mənzillə təmin etmək məqsədi ilə ayrılan ilkin vəsait hesabına bu il ümumilikdə 1031 ədəd mənzilin bu kateqoriyadan olan şəxslərə verilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 30-da nazirliyin Abşeron rayon əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında vətəndaşları qəbul edərkən məlumat verib. Nazir bu il Bakının Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün çoxmənzilli yaşayış binasının, eləcə də reabilitasiya əhəmiyyətli bir sıra yeni sosial obyektlərin də istifadəyə veriləcəyini bildirib: "Bunlar onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi, 2015-ci il ərzində də bütün sosial proqramlar uğurla davam etdiriləcək və əhalinin sosial müdafiəsi sahəsində yeni mühüm addımlar atılacaq".
Qəbul zamanı Abşeron, Qubadlı, Xızı rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin fərdi qaydada müraciətləri dinlənilib. Müraciətlər əsasən mənzil təminatı, münasib işlə, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, peşə hazırlığına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və digər məsələləri əhatə edib. S.Müslümov tərəfindən bir sıra şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunmalarına, peşə reabilitasiyasına cəlb edilmələrinə, eləcə də araşdırılması müəyyən vaxt tələb edən məsələlərin qısa vaxtda araşdırılaraq qanunvericiliyə uyğun tədbirlər görülməsinə dair tapşırıqlar verilib. Həmçinin ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin olunması üçün konkret iş yerləri müəyyən olunub və onların həmin iş yerlərində işlə təmin olunmalarına köməklik göstəriləcəyi bildirilib.
Müharibə əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təmin olunmaq üçün yerli İcra Hakimiyyətləri tərəfindən növbəyə götürüldüyü diqqətə çatdırılıb, eləcə də bu və ya digər təminat növü ilə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib. Qəbul zamanı ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı, minik avtomobilləri ilə təmin olunma barədə müraciətlər azlıq təşkil edib. S.Müslümov ünvanlı yardım üçün müraciət edən ailələrin gəlir imkanlarının artırılması üçün ilk növbədə onların əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğuna köməklik göstərilməsini, müraciətləri əsasında ayrı-ayrı şəxslərin əlillik müayinəsinə cəlb edilməsini tapşırıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qubadlı, Xızı rayonlarından və Sumqayıt şəhərindən qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Abşeron rayon ƏSMM-nə aparılıb gətirilmələri təmin edilib.