Nazir Şirvanda vətəndaşlarla görüşüb Hadisə

Nazir Şirvanda vətəndaşlarla görüşüb

Tural

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dünən Şirvan şəhərində Şirvan, Hacıqabul və Saatlıdan olan vətəndaşlarla görüşüb. Qəbuldan öncə Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun və Dünya Bankının nümayəndələrinin iştirakı ilə "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində tamamilə yenidən qurulan Şirvan Regional Poçt filialının Müştəri Xidmətləri Mərkəzi ilə tanışlıq olub. Nazir Əli Abbasova və tədbir iştirakçılarına məlumat verilib ki, bu xidmət çərçivəsində ölkəmizin şəhər və regionlarında əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilir.
Bu istiqamətdə Şirvan RPF-də Qafqaz regionunda analoqu olmayan bir müştəri xidmətləri mərkəzi (MXM) yaradılıb. Yeni yaradılan xidmət mərkəzində bank və maliyyə xidmətləri ilə yanaşı, məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi təmin edilir.
Bundan əlavə, poçt rabitəsi sahəsində ilk dəfə olaraq MXM-də valideynləri ilə gələn uşaqlar üçün istirahət guşəsi yaradılıb. Daha sonra nazir Telekommunikasiya Qovşağının geniş akt zalında bölgə vətəndaşlarını qəbul edib. Qəbulda nazirliyin müvafiq struktur rəhbərləri, habelə rayonların poçt və telekommunikasiya qovşaqlarının rəhbərləri ilə videoəlaqə yaradılıb.
Müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilərək qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub. Bununla əlaqədar vətəndaşlarla ətraflı izahat işləri aparılıb. Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.