Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb Hadisə

Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı apelyasiya komissiyasına müraciət etmək qaydaları açqılanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

Ötən il imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 16-19 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.