“O zaman desinlər, biz də katibələrlə işləyək” Hadisə

“O zaman desinlər, biz də katibələrlə işləyək”

Sabir Rüstəmxanlı: "Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb"

Milli Məclisin dünən keçirilən iclasında "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.
O, bəzi məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib: "Cavab verəndə də qeyri-etik müraciət edirlər. Kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikyətçinin adı da yazılmır".
Onun sözlərinə görə, bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir: "Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilmərsən".
Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.
Sonda qanun layihəsi qəbul edilib.