Qənirə Paşayeva kitabını prezidentə təqdim edib Hadisə

Qənirə Paşayeva kitabını prezidentə təqdim edib

Azərbaycanda səfərdə olan Pakistan prezidenti Məmnun Hüseyn millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib.
Görüş üçün təşəkkürünü bildirən Q.Paşayeva Pakistan prezidenti ilə Azərbaycan prezidenti arasında yüksək səviyyədə keçirilən görüş və müzakirələrin qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib.
Millət vəkili Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən Pakistan prezidenti Məmnun Hüseynə təşəkkürünü bildirib: "Cənab prezident, sizə söz vermişdim ki, Azərbaycana səfərinizə qədər kitab hazır olacaq və onun ilk nüsxəsini də sizə hədiyyə edəcəyəm. "Uzaqdakı ən yaxın - Pakistan" adlı yeni çapdan çıxmış kitabımın ilk nüsxəsini sizə təqdim etməkdən qürur duyuram. Gənc nəsillərimizin qardaş Pakistanı daha yaxından tanımasına imkan yaradacaq kitab Azərbaycan-Pakistan münasibətlərinə kiçik də olsa, bir töhfə verərsə, bundan çox məmnun olaram. Kitablar ölkənin bütün kitabxana, universitet və KİV-lərinə hədiyyə ediləcək və Pakistanın Milli Günündə Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə geniş təqdimatı olacaq".
Yüksək keyfiyyətlə hazırlanmış kitabı nəzərdən keçirən Pakistan prezidenti Məmnun Hüseyn kitabı çox bəyəndiyini deyərək, millət vəkili Qənirə Paşayevanı təbrik edib və kitabın iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün gözəl bir töhfə olduğunu deyib. Azərbaycana səfəri, prezident İlham Əliyevlə görüşlərinə toxunan prezident Məmnun Hüseyn bu səfərdən sonra bütün istiqamətlərdə Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf edəcəyini bildirib. O,Qənirə Paşayevanı təkrar Pakistanda görməkdən böyük məmnuniyyət duyacağını deyib. Millət vəkili dəvət üçün təşəkkürünü bildirib: "Pakistan mənim üçün çox doğma bir ölkədir və hər zaman ürəyimdədir, bundan sonra da hər zaman fəaliyyətimdə qardaş Pakistanla münasibətlər xüsusi yer tutacaq".