Səlim Müslümov Şirvanda vətəndaşları qəbul edib Hadisə

Səlim Müslümov Şirvanda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında Şirvan şəhərindən və Hacıqabul, Sabirabad, Saatlı rayonlarından olan sakinləri qəbul edib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşlar əsasən sosial müavinətlərin alınması, əlillərə avtomobillərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və ehtiyacı olanlara mənzillərin verilməsi, əlil və xəstə şəxslərə müavinətlərin miqdarının az olması kimi məsələlərlə bağlı suallar ünvanlayıblar.
Ümumilikdə 50 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib və hər bir müraciət nazirliyin aidiyyəti mütəxəssislərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Əksər müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll olunub. Ayrı-ayrı əlil şəxslərin əlil arabaları ilə təmin edilməsi, bərpa-müalicəsinə ehtiyacı olan imtiyazlı vətəndaşlara nazirliyin bərpa müəssisələrinə göndərişlərin, habelə sanator-kurort yollayışlarının verilməsi barədə tapşırıqlar verilib. İşsiz olduqlarını bildirən şəxslərin məşğulluğunun qısa vaxtda təmin edilməsi, lazım gəldikdə həmin şəxslərin peşə hazırlığı kurslarına cəlb edilməsi üçün yerli məşğulluq orqanlarına aidiyyəti tədbirlər görmək tapşırılıb.
Dövlət hesabına mənzillə və avtomobillə təmin olunmaq üçün müraciət edən imtiyazlı şəxslərə məhz növbəlilik prinsipi əsasında mənzil və avtomobil ala biləcəkləri, növbəyə dayanmaq üçün isə aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməli olduqları bildirilib. Eyni zamanda bəzi vətəndaşların müraciətlərinə uyğun olaraq onların yerli tibbi-sosial ekspert komissiyaları tərəfindən əlillik müayinəsinə cəlb olunması, ailələrinin ünvanlı yardım almaq hüququnun olub-olmamasının araşdırılması barədə göstərişlər verilib. Müraciətlərin bir qismi isə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bu tipli müraciətlərlə qəbula gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq qurumlara çatdırılacağı bildirilib.
Qeyd edək ki, nazirlik tərəfindən mərkəzin qarşısında səyyar əmək birjasının avtofurqonu fəaliyyət göstərib. Bu birja vasitəsilə işsiz vətəndaşlar qeydə alınıb.