Faşizm üzərində qələbənin 70-ci ildönümü qeyd olunacaq Hadisə

Faşizm üzərində qələbənin 70-ci ildönümü qeyd olunacaq

Tərlan

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində faşizm üzərində qələbənin 70-ci ildönümünün qeyd olunması ilə əlaqədar AMEA institut və təşkilatlarının Veteranlar Şurasının sədrləri ilə yığıncaq keçirilib. AMEA-nın məlumatına əsasən, şöbənin rəisi Eldar Quliyev 1941-45-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıqla əlaqədar görüləcək işlər barədə geniş məlumat verdi. Bildirdi ki, 1941-45-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb və keçirilən tədbir həmin sərəncamın əsasında təşkil edilib.
Şöbənin rəisi, həmçinin diqqətə çatdırdı ki, Tədbirlər Planında Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyəti (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə) tərəfindən faşizm üzərində qələbədə Azərbaycan neftçilərinin, neft-kimya və maşınqayırma sənayesi işçilərinin, dəmiryolçularının, tibb işçilərinin müstəsna roluna dair elmi konfransların, simpoziumların keçirilməsi, Müdafiə Nazirliyi, Milli Elmlər Akademiyası, yerli icra hakimiyyəti orqanları (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə) tərəfindən həyata keçiriləcək. Bundan başqa sözü gedən planda 1941-45-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş sənədlərin, plakatların, fotomaterialların, əsərlərin, əşyaların sərgisinin təşkil edilməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə) tərəfindən "1941-1945-ci illər müharibəsində qadınların rolu" mövzusunda beynəlxalq elmi-təcrübi konfransın təşkil edilməsi, Azərbaycan Milli Elmlər Akademiyası (Respublika Veteranlar Təşkilatı cəlb edilməklə) tərəfindən "1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında alimlərin rolu" mövzusunda beynəlxalq konfransın təşkil edilməsi, Moskva şəhərində 1941-1945-ci illər müharibəsinə və həmin müharibədə qələbənin 70 illiyinə həsr olunmuş ikinci beynəlxalq elmi-təcrübi konfransda iştirak edilməsi və s. məsələlər nəzərdə tutulub.
E.Quliyev: "Azərbaycan xalqı tarixin ağır sınaqlarına sinə gərməyi və bu sınaqlardan üzüağ çıxmağı bacaran qəhrəman xalqdır! Xalqımızın bu müharibədə qələbə qazanmasında rolu əvəzolunmazdır. Bizim bu qələbəni daha çox qeyd etməyə haqqımız var. Çünki o zaman təxmini sayı 3 mln 274 min nəfər olan Azərbaycan əhalisindən 700 min nəfəri ön cəbhəyə yola düşmüşdü. Bakı nefti 1941-45-ci illərdə SSRİ üzrə çıxarılan ümumi neftin 85-95%-ni təşkil edirdi. Mühüm hərbi-sənaye şəhərinə çevrilən Bakıda 130 növ silah və hərbi sursat istehsal olunurdu".
Tədbirdə, həmçinin AMEA-nın Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov XX əsrin ən dəhşətli hadisəsi sayılan İkinci dünya müharibəsindən danışaraq qeyd etdi ki, alman faşistləri ilə ölüm-dirim savaşında 700 minə yaxın soydaşımız iştirak etmiş, onların da yarısından çoxu qəhrəmancasına həlak olmuşdur. Bəşəriyyətin faşizm kabusundan xilas edilməsində misilsiz şücaət göstərən insanlar hər cür hörmətə və qayğıya layiqdirlər.
Daha sonra Veteranlar Şurasının sədrləri Mehri Məmmədova, Qabil Camalov, Novəl Əfəndiyev, Ənvər Qasımlı və başqaları çıxış edərək, cəbhənin od-alovundan keçmiş, sinələrinin hər birini döyüş şücaətinin əvəzi olan orden və medallarla bəzənən veteranlar müharibənin qələbə ilə başa çatdırılmasında onlarla yanaşı, arxa cəbhədə yorulmaq bilməyən insanların da misilsiz xidmətlər göstərdiklərini vurğuladılar. Ümummilli lider Heydər Əliyev tərəfindən müharibə veteranlarına, veteran hərəkatına göstərilən qayğı və diqqətin hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsindən dərin razılıqlarını ifadə ediblər. İclasda yubiley tədbirlərinə hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıqlar verilib.