Əziz Mirəhmədovun kitablarının təqdimatı keçirilib Hadisə

Əziz Mirəhmədovun kitablarının təqdimatı keçirilib

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun "Azərbaycan jurnalistləri və naşirləri" və "Əhməd bəy Ağaoğlu" kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Əziz Mirəhmədovu görkəmli alim və tənqidçi kimi xatırlayaraq, onun yaradıcılığının geniş və çoxşaxəli olduğunu bildirib. O deyib ki, Əziz Mirəhmədov həm də görkəmli şəxslər barəsində çoxsaylı monoqrafiyaların, araşdırmaların müəllifidir.
Əflatun Amaşov qeyd edib ki, müəllifin sözügedən əsərlərlə bağlı əlyazmaları dəfələrlə nəşriyyatlarda yoxa çıxdığına görə, ilk dəfə çap olunur. Onun sözlərinə görə, müəllifin "Azərbaycan jurnalistləri və naşirləri" kitabında ilk Azərbaycan jurnalisti olan Abbasqulu ağa Bakıxanovdan başlamış, müasir dövrədək olan jurnalistlər haqqında araşdırmalar, məlumatlar yer alıb: "Kitabda təxminən 500-ə yaxın yazıçı-jurnalist və naşir barədə ensiklopedik məlumat toplanıb. Onun Əhməd bəy Ağaoğlu haqqında yazdığı monoqrafiyada görkəmli şəxsiyyətin həyat və fəaliyyəti geniş şəkildə araşdırılıb. Əhməd bəy Ağaoğlunun jurnalistika, siyasət, bədii ədəbiyyat və elm sahələrindəki fəaliyyəti nəzərdən keçirilib".
Filologiya elmləri doktoru, professor Asif Rüstəmov isə çıxışında Əziz Mirəhmədovu Azərbaycan ədəbiyyatşünaslığının təməlini qoyan şəxslərdən biri kimi xarakterizə edib: "Əziz Mirəhmədov dünyasını dəyişsə də, arxivi çox zəngin olub. Əziz Mirəhmədov yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının təməlini qoyan insanlardan biri olub və Azərbaycan ədəbiyyatşünaslığı onun sayəsində yüksək zirvələrə qalxıb".
Sonda kitabların redaktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, Əziz Mirəhmədovun qızı Dilarə Əlizadə çıxış edərək, hər iki kitabın Azərbaycanın görkəmli şəxslərinin irsinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıb.