Şumer dili - prototürk dilidir Hadisə

Şumer dili - prototürk dilidir

Şumerlər müasir Türk xalqlarının əcdadları, ulu babalarıdır

I yazı

XIX əsrdə "Şumerin kəşfi" təsdiq etdi ki, insan əvvəldən tarixini yaratmaq, öz varlığını sübut etmək, dilini, ədəbiyyatını - bədii düşüncəsini bildirmək, heç olmasa, bunların izini qoymaq, sonra gələn nəsillərə çatdırmaq istəyib. Bunu o, şüurlu surətdə edib, yəqin ki, öz insanlıq borcu bilib; bu borcu, bu istəyi davam etdirib və zaman keçdikcə ənənə şəklini alıb. XIX-XX əsrlərdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olan və ya təsadüfən üzə çıxan maddi-mədəniyyət abidələri, zinət əşyaları fıkrimizi bir daha təsdiq etməkdədir. Tarixi həqiqəti tamamlayan bir sıra tapıntılara, fikirlərə, məlumatlara diqqət edək. Əvvəlcə XIX əsrdə Şumerin kəşfilə bağlı söylənən fıkirlərə, gəlinən nəticələrə nəzər yetirək.
Klassik mifologiyada "Qızıl əsri"ndən söhbət açılır. O, səadət əsri kimi təsvir edilir. Orada deyilir: "Lap çoxdan, çox əsrlər qabaq Yer üzündə sülh və həmrəylik hökmran idi. Bütün insanlar bir dildə danışır və bir-birilə dinc şəraitdə yaşayırdılar. Qorxu və paxıllıq yox idi. Heç kəs başqasının nüfuzuna və malına həsəd aparmazdı. Ulu Şumer ilahi qanunlar ölkəsi idi. İnsanlar rahatlıq və bolluqda yaşayır, nəslini artırır, halallıqla ev və qalalar ucaldır, vahid bir dildə danışır, Enlinin başçılığı ilə öz hakimiyyətini şöhrətləndirirdilər".
Burada diqqəti "bütün insanlar vahid bir dildə danışırdı" fıkrinə yönəldək. Bu fikir mətndə bir daha təkrarlanır. Tədqiqatlarda bu "vahid dil" - Şumer dili sayılır. 100 ildən artıq bir müddətdir ki, dünyanın məşhur alimləri - şumeroloqları, tarixçiləri (S.N.Kramer, Y.İloyd, Q.Çayld, L.Bulli, Z.Kosidovski, Q.Vinkler, E.Reklü, M.Belitski, D.Reder, Ə.Cavat, T.Deliç və b.) belə bir nəticəyə gəliblər ki, Şumerlər müasir Türk xalqlarının əcdadları, ulu babalarıdır, Şumer dili prototürk dilidir.
Belə anlaşılır ki, çox qədim zamanlardan insanları "kainatın və insanın yaranması" məsələsi məşğul edib, Şumer əcdadlarımız bu barədə düşünüb, öz ilkin təsəvvürlərini yaradıb, mixi yazı ilə gil lövhələrə həkk edib saxlayıblar. Yuxarıdakı fıkir də həmin gil lövhələrdən oxunub.
XX əsrdə davam edən arxeoloji qazıntılar, aşkar olan, təsadüfən üzə çıxan maddi-mədəniyyət abidələri, kitabələr və s.-lə əlaqədar deyilən fikirlərə, verilən məlumatlara nəzər yetirək. Budur, XX əsrin 20-ci illərində tapılıb, Fransanın Qlozel vilayəti muzeyində saxlanılan çoxsaylı kitabələr 1993-cü ildə oxundu. Bu barədə Sarbon Universitetində keçirilən "Əlifba yazısının başlanğıcı və Qlozel kitabələri" adlı konfransdan Türkiyənin "Hürriyyət qəzetində (1993, 1 mart) maraqlı məlumat dərc olunub. Müzakirə olunan, öyrənilən Qlozel muzeyindəki kitabələrdən biri "Keyik rəsmi üzərində yazı"dır. Rəsmin üstündəki türk əlifba yazısıdır. 4500 il yaşı var. "Orxon-Yenisey" kitabələri də bu əlifba ilədir. Yazının oxunuşu - məzmunu belə təqdim olunur: "Atəşə inanırkən tək Tanrını buldular".
Konfransda açıq-aşkar, mübahisəsiz təsdiq olunub ki, çox qədim zamanlardan türklər atəşə-oda sitayiş edib, onların dini inamı atəşpərəstlik-Zərdüştlük olub. Bu dini inam, sitayiş qədim tarixə malik olub. Hələ m.ö. 2500-cü ildə öz əksini, ifadəsini həm iskit-türk "vəhşi heyvan üslubu"ndakı rəsmdə, həm də qədim türk əlifba yazısında tapıb. Fikir lövhə üzərində həkk edilib, yəni yaddaşlardan, sinələrdən qopub yazıya hopub, rəsmiləşib.
Çox qədim, 4500 il bundan qabaq türk sivilizasiyasının hüdudları Fransayadək uzanıb getməli, özünə yer etməli, nüfuz qazanmalı idi ki, Qlozel kitabələri də yaranmış olsun, tarixin dərin qatlarından həqiqətin bu səsi eşidilə bilsin. Hələ o vaxtlar türk xəlqi-milli keyfıyyətlərilə zəngin olan bu kitabələr Fransa ərazisində - Qlozel vilayətində mövcud idisə, bu mədəniyyət haradandır və kimə məxsusdur, bu iz kimin izidir? Dil türkün, yazı-əlifba türkün, oyma, həkk etmə mədəniyyəti türkün, keyik şəkli - "İskit vəhşi heyvan üslubu" türkün, inam türkün, Tanrı türkün!
Bu kompleks mədəniyyət bir-birinə bağlıdır və ənənəvi olaraq inkişaf edib. Əslində bu mədəniyyət Fransa xalqının - onun əcdadlarının, yoxsa, türkün mədəni təsiridirmi? Və ya bəlkə də o vaxtlar bu torpaqlarda türklər yaşayıb, onlar özləri orada bu mədəniyyəti yaradıb, iz qoyublar?!
Bu sualların cavabı hələlik açıq qalır, bu suallara cavab verilməlidir. 1970-ci ildə Almata yaxınlığındakı İssık qəsəbəsində aşkar edilən kurqan-məzar tariximizə aid daha cəsarətli söz deməyə əsas verir. Bu kurqan-məzardan son dərəcə dəyərli maddi mədəniyyət xəzinəsi tapılıb. Bu xəzinə bəşər mədəniyyəti tarixinin miladdan öncəki yüzillikləri aydınlaşdıran, yeni səhifələrini açan əvəzsiz tapıntılardır.
"Türkün qızıl kitabı"nda (I, B., 1992) deyilir: "Məzarın içində tapılan əşyalar göz qamaşdırırdı. Hər şeydən öncə gözə çarpan işıl-işıl parlayan altun bir geyim idi. Amma bu, hər hansı adi bir altun geyim deyildi. Taclı başlığında quş şəkilləri və oxlar vardı. Belindəki kəmərinin solunda bir qəmə, sağında bir qılınc asılmışdı. Başlığın alın hissəsində qoç, maral və at şəkilləri görünürdü. Şəkillərə kəmərdə, gəmə qılafında və o biri əşyalarda da rast gəlinirdi. Başlığına corabından kəmərinə və silahlarına qədər hər şey saf qızıl idi. Maket yüzlərlə üçbucaq formalı qızıl hissələrin qızıl saplarla birləşməsindən meydana gətirilmişdi. Corabın çüzmə ilə diz sümüyü arasında qalan qismində yenə üçbucaq parçalar, çüzmədə isə dördbucaq qızıl parçalar vardı. Qızılları sayıblar: tanı 4800 parça!..
Bu məzar kimindir? Qızıl geyim kimindir? Suallara cavab tapmaq üçün o biri əşyaları araşdırmağa başladılar. Altun geyimindən başqa tabaqlar, vazalar, ayna və daraq qabları, gümüş qaşıqlar və təbii ki, Altun geyimli adamın sümükləri də vardı".
Məlumat davam edir: "26 hərflik və iki sətirlik yazı bir qədər sonra kurqanda tapılan bütün qızılları kölgədə buraxaraq tarixçinin gözündə bir işıq parladı. Türk tarixinin miladdan öncəki yüzilliklərini aydınlatdı".
"Elm adamları lazerlə yalnız ulduzlararası məsafələri ölçmür, milyonlarca il öncədən qalan əşyaların yaşını belə tam dürüst təyin edə bilirlər. Lazerlə radiokarbonik analiz aparıldı və kurqanın da, kurqandakı əşyaların da m.ö. 5-ci yüzilliydə aid olduqları anlaşıldı"
"Həqiqət incələr, amma üzülməz", - deyiblər. Bu kəlam tarixə də aid edilə bilər. Tarix də incəldilir, bəzən saxtalaşdırılır. Ancaq zaman onu düzəldir. Diqqətəlayiqdir ki, xüsusilə son vaxtlarda mətbuat səhifələrində bu mövzuda maraqlı yazılar dərc edilir, məlumatlar verilir. Bunları oxuyub izlədikcə biri digərini tamamlayan maraqlı, tarixi həqiqətlər ortaya çıxır.
Yenə XX əsrin sonlarında Altay dağlarında dünyəvi sensasiyaya səbəb olan Şahzadə xanımın mumiyası aşkara çıxdı. "İzvestiya" qəzeti (2004, 31 mart) bu barədə bütöv bir səhifə verib. Onu öyrənmək üçün İsveçrə, Belçika, ABŞ, Yaponiya və b. yerlərdən arxeoloqlar, jurnalistlər uçub Novosibirskiyə gəlir. Çəkişməyə, nifaqa gətirib çıxaran bu mumiya-sərdabənin tarixi 2500 il müəyyən edilir. Sərdabə kamerada yerləşdirilib. İçi buzdur. Onu şəbəkə şəklində qaynar qar suyunda bişirmişlər, yenə şəbəkəni qaynatmışlar. Kamerada qoşqu ləvazimatı ilə altı yəhərli at yatır. Və yenə tunc mıxlarla bərkidilmiş novdan. Belə qara şam ağacından kəsilmiş novdanları adlı-sanlı adamlar qoruyur.
Mumiya sağ böyrü üstdə yatır, ayaqları bir az qatlanıb, qollarında şəkillər döydürülüb. Mumiya ipək köynəkdədir, əynində şuba, yun tumanı, qoyma saçı var. "İzvestiya"da Altay dağlıları ictimaiyyətinin belə bir narazılığı da verilir: "Nə üçün kurqanda qızıl yoxdur? Skif kurqanlarında qızıl olmalıdır ". Altay camaatı arasında danışıq, söz-söhbət gedir: "Əgər qızıl yoxsa, demək, arxeoloqlar onu xəlvəti mənimsəyiblər". Bu narazılığa, söz-söhbətə akademik Molodinin cavabı da var: "Bu şuba dünyada ən qədimdir: Qızıldan da qiymətlidir..."
Mədəniyyətin, dilin, yazının, lövhə üzərində həkketmə, bədəndə döymə yazı şəkillərin və s. bu səviyyəyə çatması üçün nə qədər, neçə-neçə əsrlər, minilliklər keçib gəlməli idi?! Bu mənada baş tacında təsvir olunan xalis qızıldan tökmə heyvan rəsmləri - sənət inciləri heyrət doğurur. Bu mədəniyyət elm tarixində "İskit vəhşi heyvan üslubu" adı ilə məşhurdur. Bu isə ancaq iskitlərə - saklara, qədim türk toplumuna məxsus olub.
Altay şahzadə xanımının qollarına döyülmüş şəkillər də bu üslubdadır. Altay Şahzadə xanımı necə var - elə dünya mətbuatında tariximizə, xalqlar, onların soykökü, yaranması, yayılması barədə fıkir-rəylər, mübahisələr baş alıb gedir. İndiki halda təbii və zəruridir. "Ekspress" qəzetində (2007, 13 iyun) dərc olunan "Almanların babaları türk çıxdı" yazısı diqqətdən yayınmır. Berlində "Qızıl möhür altında: "Skif çarlarının məzarları" adı ilə açılmış sərgidən söhbət gedir. Sərgidə Almaniya və Rusiya arxeoloqlarının Altay diyarı, Qazaxıstan, İranın şimalı, Cənubi Ural, Sibir, Kuban, Tuva və Monqolustanda aşkarladıqları sensasiyalı tapıntılar nümayiş etdirilir. Sərgidəki eksponatlar aşkar şəkildə göstərir ki, almanlar, türklər və slavyanların kökləri birdir.
Almaniyada bu sərgiyə çox böyük əhəmiyyət verilib. Açılış mərasimində maraqlı çıxışlar olub. "Duetehe welli"nin şərhçisi deyib: "Qorxuram ki, almanlar üçün skifləri özlərinin əcdadları saymaq bir qədər çətin olsun. Axı bizə öz ulu babalarımız qismində qədim yunan və ya romalıları görmək daha rahatdır. İndi isə məluın olur kı, türkdilli tayfalardan törəmələrik, üstəlik də slavyanlarla qardaşıq ".
Almaniyada Arxeologiya İnstitutunun prezidenti dünyaca məşhur alim German Parsinger deyib: "Cənubi Asiyadan Ayropaya gəlmiş qədim çöl köçərilərinin - skiflərin 70-80%-i avropalı olub, Şərqdə qədim skiflərin ən qərb məzarlarının aşkarlandığı Berlində tapılan əşyalar da nümayiş olunur". Və yenə: "Bəşəriyyət tarixində həmişə miqrasiyalar olub. Orta Asiya, Sibir və Altay dağlarında Skif dönəmlərinədək avropalılar yaşayıb. Onların da əcdadları türkdillilərdir. Amma burada, Almaniyada və Avropada adamlar çox vaxt bunu bilmir, ya da anlamaq istəmirlər".
Məlumat davam edir. "Sərgidəki bir eksponat isə qədim türklər barədə indiyədək Avropada bərqərar olmıış anlayışları alt-üst edir. Altay dağlarında 2600 metr yüksəklikdəki kurqan-məzarda tapılan skif döyüşçüsünün mumiyası daha çox ilgi çəkib. Zəngin olduğu güman edilən döyüşçü qunduz, qoyun və suiti dərisi ilə örtülüb. Onun bədənində xəsarət olmayıb, dəridə çoxlu döymə rəsmlər var. Ən maraqlısı isə budur ki, həmin skif döyüşçüsü ağdərili, sarışındır. Alimlərin dediyinə görə, skif knyazı ağır xəstə olub və əzablarla ölüb. O, xərçəng xəstəsiymiş".

Elməddin Əlibəyzadə,
professor