“Hesab edirəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə yalnız dividentlər gətirə bilər” Hadisə

“Hesab edirəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə yalnız dividentlər gətirə bilər”

Yusif Bağırzadə: "Bu həm siyasi, həm iqtisadi dividentlər olacaq"

Mənsum İbrahimov: "Bu, bizə imkan yaradacaq ki, mədəniyyətimizi, folklorumuzu, qonaqpərvərliyimizi dünyaya nümayiş etdirək"

Aqiyə Naxçıvanlı: "Əgər indiyədək dünya ölkələri Azərbaycanı tanıyırdısa, Avropa Oyunlarından sonra bu, daha da artacaq"

Fərid Mansurov: "Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq"

"Bakı 2015" Avropa Oyunları "Avroviziya" mahnı müsabiqəsindən sonra Azərbaycanda keçiriləcək ən böyük tədbirdir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Yerli və beynəlxalq ekspertlərin qənaətinə görə, bu möhtəşəm tədbirin Azərbaycan üçün bir sıra üstünlükləri var. Belə ki, ilk Avropa Oyunları Vətənimiz olan Azərbaycanın Avropada tanınması üçün çox önəmli tədbirlərdən biridir. Odur ki, Azərbaycan yaranmış fürsətdən istifadə edib doğma Vətənimizin Avropada daha yaxından tanınması üçün lazımi tədbirləri həyata keçirməkdən çəkinmir. Bunun üçün paytaxtımızda binaların bərpası, təmir işləri, yolların tikintisi, yeni yolların çəkilməsi və s. hazırlıqlar görülür. Şəhərimizdə yeni stadionlar, idman obyektləri inşa olunur, mövcud məkanlar rekonstruksiya edilir. Bunun müsbət tərəfi odur ki, paytaxt Bakımız günü gündən gözəlləşir.
Mütəxəssislərin fikrincə, Bakı 2015 Avropa Oyunları gənclərə daha çox fayda verəcək.
AMİP sədri Yusif Bağırzadə "birinci Avropa Oyunları ilə bağlı AMİP olaraq bizim fikrimiz pozitivdir".- deyə bildirib: "Hesab edirəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə yalnız dividentlər gətirə bilər. Bu həm siyasi, həm iqtisadi dividentlər olacaq. Eyni zamanda, bu oyunlar vasitəsilə ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi barədə dünya ictimaiyyəti bir daha məlumatlandırılacaq, həm Avropa, həm də dünyaya Azərbaycan dövlətinin təqdimatı keçiriləcək. Birinci Avropa Oyunlarını bir monitorinq kimi qəbul edərdim. Bununla biz biləcəyik ki, dostlarımız və ya düşmənlərimiz kimdir. Eyni zamanda, idmanı siyasətə qatmaq istəyənlərin kimlər olduğunu biləcəyik. Bununla da Azərbaycana qarşı qərəzli mövqedən yanaşan dövlətləri görəcəyik".
Xalq artisti Mənsum İbrahimov da ölkəmizdə Avropa Oyunlarının keçirilməsini yüksək dəyərləndirdiyini bildirib: "Bu oyunlar vasitəsilə Azərbaycan tarix yazmağa hazırlaşır. Oyunların başlamasını səbirsizliklə gözləyirik. Həmin gün ölkəmizə minlərlə turist axın edəcək. Bu da Azərbaycanda turizmin inkişafına bir növ kömək olacaq. Bu, bizə imkan yaradacaq ki, mədəniyyətimizi, folklorumuzu, qonaqpərvərliyimizi dünyaya nümayiş etdirək. Azərbaycan böyük bir gücə, qüvvəyə malikdir ki, belə böyük bir tədbirə ev sahibliyi edir. Artıq ölkəmiz dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Azərbaycanımızın tanınması, inkişafı, səsinin eşidilməsi üçün Avropa Oyunlarının burada keçirilməsinə ehtiyac var idi. Xalqımız sözün əsl mənasında tarixi günlərin astanasındadır. Bu, ölkəmiz üçün çox əhəmiyyətli bir yarışmadır".
Əməkdar artist Aybəniz Haşımova Avropa Oyunlarını Azərbaycanın dünyaya tanıtımı, təbliğatı hesab edir: "Avropa Oyunlarının vətənimizdə keçirilməsi bizim üçün qürurverici bir hissdir. İnsan baxdıqca fəxr edir, ürəyi açılır. Doğrudur, bəzən çətin məqamlara da rast gəlirik. Evə qonaq gələndə hamı həyəcan keçirir ki, qonaq ondan narazı getməsin. Biz də ev sahibiyik. Belə mötəbər tədbirə ev sahibliyi edirik. Bu çətinliklərə sinə gərmək lazımdır. Gələn qonaqların yanında ölkəmizi yüksək mədəniyyətlə təqdim etməli və onları məmnun halda yola salmalıyıq. Hamımız bu işdə dövlətimizin yanında olmalıyıq. Mən də öz payıma düşəni edəcəm. Avropa Oyunlarında bir sənətçi kimi iştirak edəcəm. İnanıram ki, hər kəs bu işdə öz dəstəyini əsirgəməyəcək. Bu işdə dövlətimizə uğurlar arzulayıram. Ümid edirəm ki, qazanılan medalların əksəriyyəti bizim olacaq. Ölkəmizin idmançılarından böyük uğurlar gözləyirik. Avropa Oyunları mənim ölkəmin bayramıdır. Bu bayramda iştirak etmək hər birimizin borcudur".
"Hər bir azərbaycanlı "Bakı 2015" Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsindən böyük qürur hissi keçirir",- deyən Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Avropa Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini söyləyib: "Avropa Oyunları təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən isə Azərbaycan "Bakı 2015" Avropa Oyunları sayəsində dünyada daha da tanınacaq. Əgər indiyədək dünya ölkələri Azərbaycanı tanıyırdısa, Avropa Oyunlarından sonra bu daha da artacaq. Dünyanın hər yerindən Azərbaycana turist axını olacaq. Bura gələn qonaqlar Azərbaycanla yaxından tanış olacaqlar, reallığı, Azərbaycanın nə qədər sülhsevər və qonaqpərvər olduğunu öz gözləri ilə görəcəklər. "Bakı 2015" Avropa Oyunlarına hazırlıq işləri çox yüksək səviyyədə həyata keçirilir. Dünyanın heç bir yerində bu qədər az müddətə hazırlıq işləri görülməyib. Avropa Oyunlarına hazırlıq üçün ən azı 7 il vaxt lazım olur. Ancaq Azərbaycan bütün bu işləri 2 il ərzində uğurla başa çatdıra bildi. Ona görə də hər birimiz bundan böyük qürur hissi keçiririk".
Deputat "Bakı 2015" Avropa Oyunlarında Azərbaycan idmançılarının da böyük nailiyyətlər əldə edəcəyini söyləyib.
Tanınmış bəstəkar Vüqar Camalzadə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının ölkəmizə uğur gətirəcəyini bildirib. Bəstəkar beynəlxalq tədbiri bayram təntənəsi kimi qiymətləndirib: "Necə ki, "Eurovision" yarışması ölkəmizdə keçirildi və hər kəsin gözü Azərbaycana dikildi, indi də növbəti bir tədbir baş tutacaq. Bu tədbirin ilk dəfə olaraq ölkəmizdə keçirilməsi də qürurverici hadisədəir. İlklər hər zaman tarixə qızıl hərflərlə yazılıb. Biz bu möhtəşəm tədbirdə öz mədəniyyətimizi, mətbəximizi, musiqimizi, idmanımızı təmsil edəcəyik. Hər kəsə bəllidir ki, ölkəmizin əleyhinə qara piyar aparan düşmən dövlətlər var. Biz öz əməlimiz, sülhsevər siyasətimizlə onlara sübut edəcəyik ki, heç də belə deyil. Azərbaycan sülhsevər bir ölkədir. Onun zəngin tarixi kökləri və ənənələri var. Bizi əvvəllər neft ölkəsi kimi tanıyırdılar, amma indi həm də mədəniyyəti olan sivil bir xalq kimi tanıyacaqlar". Vüqar Camalzadə hər bir Azərbaycan vətəndaşını bu möhtəşəm bayram tədbirində iştirak etməyə səsləyib.
"Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq",- deyən Fərid Mansurov I Avropa Oyunlarının idmançılarımız üçün xüsusi önəm daşıdığını vurğulayıb: "Prezident İlham Əliyev idmana böyük qayğı göstərir. Oyunların Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Qitənin ilk oyunlarında iştirak edəcək bütün idmançıları şanslı hesab edirəm. Artıq belə bir mötəbər turnirdə iştirakın özü böyük bir şərəfdir. İdmançılarımızdan əsl qəhrəmanlıq nümunəsi gözləyirik. 12-28 iyunda bütün dünyanın gözü Azərbaycanda olacaq. Azərbaycanda gələcək nəslin sağlam, vətənpərvər, güclü olması üçün görülən işlər yüksək sürətlə davam etdirilir. Bu gün hər birimiz Azərbaycan vətəndaşı olmaqdan qürur duyuruq.
Əminik ki, doğma divarlar arasında, ev sahibliyi etdiyimiz İlk Avropa Oyunlarında pəhləvanlarımız xalqımıza sevinc bəxş edəcəklər. Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq. Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. İlk Avropa Oyunları Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlarla inşa edilən idman obyektlərindən xalqımız istifadə edəcək. Prezident çox gözəl qeyd edib ki, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq".
Həmçinin Bakı 2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) üzvü olan olimpiya çempionu təşkilatçılıq işlərindən də danışıb: "İlk Avropa Oyunlarının Bakıda təşkili qarşımızda böyük imtahan və məsuliyyətdir. İnfrastruktur layihələrinin təhvil verilməsinə az qalıb. Bizdən tələb olunan odur ki, idmançılar yaxşı hazırlaşsınlar. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili vacibdir. Bu mərasimlərin daha yaddaqalan olması üçün Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Təşkilati baxımdan bütün işlər qaydasındadır".
Azərbaycanı Nanjin olimpiadasında təmsil etmiş, kamandan oxatma idmanı ilə məşğul olan Suğra Müqabilzadə də I Avropa Oyunlarında çıxış edəcək namizədlərdəndir. Həmçinin S.Müqabilzadə İlk Avropa Oyunlarının 11 elçisindən biridir. Bir çox beynəlxalq turnirlərin qalib və mükafatçısı olan 16 yaşlı Suğra Bakı-2015-də Azərbaycanın böyük ümidlər bəslədiyi idmançılardandır.
O, da I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini qürurverici hal kimi qiymətləndirib: "Avropa Oyunlarının Bakıda keçirilməsi çox qururverici haldır. Bu oyunların Bakıda olması idmançılarımız üçün turniri daha maraqlı və həyəcanlı edir. Bu mötəbər yarış Azərbaycanı - Bakını və ölkəmizin idmanının gücünü bütün dünyaya göstərəcək. Həmçinin bəzi idman növlərinin də ölkəmizdə məşhurlaşmasına və idmançıların artmasına səbəb olacaq. Bu tədbirin idmançılarımız üçün xeyri çox böyükdür. Əgər bir idmançı öz ölkəsində yarışırsa, bu ona əlavə güc verir. Öz vətənində yarışmaq idmançını daha güclü edir. Həm də hər bir idmançının yaxşı nəticə göstərərək Azərbaycanın adını yüksəklərə qaldırmaq və öz idmanını hər kəsə tanıtmaq şansı var".

Əli