“Bakı-2015” könüllüləri: kim hansı işi görəcək? Hadisə

“Bakı-2015” könüllüləri: kim hansı işi görəcək?

Könüllülər departamentinin əməkdaşı Tural Hümbətov 30 min könüllünün qeydiyyata alındığını bildirib

Bir neçə gündən sonra tez-tez bu mənzərənin şahidi olacağıq. Bir aydan da az vaxt qalan I Avropa Oyunları ilə əlaqədar turistlər ölkəmizə axın etməyə başlayıb. Müxtəlif dillərə, mədəniyyətlərə məxsus ölkələrin vətəndaşlarının Bakıda rahat vaxt keçirmələri üçün Azərbaycan tərəfdən bütün imkanlar nəzərə alınıb.
APA TV-nin məlumatına görə, bu vaxt ərzində 12 500-dən çox könüllü turistlərə, yerli əhaliyə xidmət göstərəcək. Onlara 200-dən çox vəzifənin yerinə yetirilməsi etibar olunub. Könüllülər həm şəhərin müxtəlif yerlərində bələdçilik edəcək, həm də yarışların keçirildiyi arenalarda xidmət edəcəklər.
Könüllülər departamentinin əməkdaşı Tural Hümbətov 30 min könüllünün qeydiyyata alındığını bildirib: "18 min könüllü müsahibədən keçib. Təlimlər 3 növdə davam edir. Ümumi təlimlər, vəzifə ilə bağlı təlimlər və yerlərdə könüllülərin işləməsi ilə bağlı təlimlər".
"Bakı-2015" Əməliyyat Komitəsi tərəfindən "Alovqoruyanlar" (Flamekeepers) adlandırılan könüllülər oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılara və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara, həmçinin media nümayəndələrinə dəstək göstərəcəklər: "200-dən artıq vəzifə icra ediləcək. Akkreditasiya, uniforma, şəhərdə qonaqlara bələdçilik, onların qarşılanması və yola salınması, protokol, Milli Olimpiya Komitələri ilə iş və digər sahələrdə fəaliyyət göstəriləcək ki, bu da Bakıya gələn qonaqlarımızın rahatlığı üçün nəzərdə tutulub".
Bundan əlavə, könüllülərin daha çox təcrübə qazanmaları və Avropa Oyunları müddətində komanda rəhbərlərinə çevrilmək imkanı qazanmaları məqsədilə onlar üçün əlavə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur. Könüllülər onlara etibar olunan işlər barədə danışıblar:
"Alovqoruyanlar" Avropanın birinci multi-idman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida, danışıq kartları ilə təmin olunublar. Ən kiçik könüllü 15, ən böyüyünün isə 65 yaşı var.
Açılış və bağlanış mərasimlərində 6 min könüllü iştirak edəcək. Digərləri isə əməliyyat sahəsində xidmət göstərəcəklər. "Bakı-2015" Əməliyyat Komitəsinin Könüllülərlə İş Departamentinin mütəxəssisi Vüsal Bəkirov işi necə qurduqları ilə bağlı məlumat verib: "Əməliyyat sahəsində çalışan könüllülərimiz qonaqları elə hava limanında qarşılayacaqlar. Qonaqlarla atletlər yarış məkanlarında və müxtəlif sahələrdə işləyəcəklər. Xüsusi ilə bir sahə ayrılıb ki, gələn qonaqlar üçün şəhərdə təşkil edilən tədbirlərdə qonaqlara öz dəstəklərini göstərəcəklər".
Azərbaycanda və Avropada məzun olan şəxslər tərəfindən könüllülər üçün təlimlər təşkil olunub. Təlimlərində iştirak etdiyimiz "Bakı - 2015" Tədbir Xidmətləri Departamenti qonaqların qeydiyyatı, oyunlarda iştirakı və yola salınmasına xidmət edəcək: "Səhər saat 9-dan başlayaraq könüllülər bu vəsaitlərdən istifadə etməklə müxtəlif təlimlər keçirlər. Axşam saat 6-dır və hələ də təlimlər davam edir".
Tədbir xidmətləri üzrə menecer Elşad Yusif könüllülərin intellektual hazırlığının yüksək səviyyədə olduğunu bildirib: "Bizim 3 minə yaxın könüllümüz olacaq. Oyunlar başlayana qədər biz onların hamısını tamamilə enerjili, bilikli hazırlamalıyıq. Biz tədbir xidməti olaraq birbaşa tamaşaçılarla işləyirik. Tamaşaçının avtobusdan düşüb oyunlar keçirilən ərazidə gəzib, oturacaqda oturub, sonra həmin yolu geri qayıdıb avtobusda oturana qədər məsuliyyəti biz daşıyırıq".
Paralel olaraq digər sahələr üzrə də təlimlər keçirilir. Açılış və bağlanış mərasimində qonaqlara unudulmaz şou təqdim etmək üçün iştirak edəcək könüllülər öz təlimlərini başa vurublar.